Türkiyənin, İranın Azərbaycanda çalışan həkimlərinə çox da inanmayın - XƏBƏRDARLIQ

Son illər başqa ölkələrdən Azərbaycana gəlib həkim kimi işləyənlərin sayı çoxalıb.

İş ondadır ki, azərbaycanlı xəstələr yerli həkimlərdən çox İrandan, Türkiyədən gələn həkimlərə etibar edir, onlara inanırlar. Bunun isə əsas səbəbi reklamlardır.

Məsələnin diqqət çəkən tərəfi odur ki, İranın və Türkiyənin yalnız paytaxtında  əhalinin sayı ümumi Azərbaycanın əhalisindən az qala 2 dəfə şoxdur. Eyni zamanda, tibbi xidmət Türkiyədə Azərbaycandan qat-qat bahadır. İranda isə tibbi xidmət zahirən ucuz görünsə də, ora həkimə gedənlər heç vaxt məmnun olmayıblar.

Həm xəstələrin çox olduğu, həm də tibbi xidmətin baha olduğu adlarını çəkdiyimiz ölkələrin həkimləri nədən iş üçün Azərbaycanı seçsinlər ki?..

Burada şübhəli məqam ortaya çıxır, bəlkə Azərbaycanı seçənlər öz ölkələrində həkim kimi qəbul edilmirlər.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, ixtisasca həkim deputat Musa Quliyev Modern.az-a açıqlamasında bu kimi məsələlərə aydınlıq gətirib.

Azərbaycana gələn həkimlər birinci kateqoriyalı deyil...

 - Dediklərinizlə razıyam. Yaxşı həkim öz ölkəsində çalışdığı klinikada daimi xəstələrini tapır. Bu zaman həmin həkimin  başqa yerə getməsinə ehtiyac qalmır. Bu gün səhiyyə sahəsində müxtəlif mütəxəssislər arasında çox ciddi rəqabət var. Bəziləri öz ölkəsində iş tapa bilmədiyindən başqa ölkələrə, o cümlədən, Azərbaycana üz tutur. Həmin həkimlərə Azərbaycanda yüksək qonorar təklif olunur. O da bura gəlir. Xaricdən gələn həkimlərin heç də hamısı birinci kateqoriyalı həkim deyil. İkinci, üçüncü və aşağı səviyyədə olan həkimlərdir. Yüksək səviyyəli həkimlər nadir hallarda harasa gedir.  O da xüsusi sifarişlə, tapşırıqla, master-klass dərsləri verməyə gələ bilər. Ancaq onu da deyim ki, heç də  Türkiyədən Azərbaycana gələn həkimlərin hamısı savadsız və təcrübəsiz deyil.

 Turist vizası ilə gəlib işləmək qaçaqmalçılıq sayılır...

Deputat  vurğulayır ki, özəl klinikalarda çalışanların səviyyəsi təxminən bizim indiki uzman və elmlər namizədi olan həkimlərlə eynidir:

- Sadəcə, ola bilsin ki, onlar müəyyən texnologiyaları bilir.  Hansısa aparatlarla müəyyən əməliyyatları aparmaq sahəsində daha ixtisaslıdırlar. Bütövlükdə götürəndə Azərbaycana gələn bütün həkimlərlə əmək müqaviləsi bağlanmalı, rəsmi əmək və iş vizası almalı, Səhiyyə Nazirliyində mütləq qeydiyyatdan keçməlidirlər. Onların ölkəyə gəlib-getmə günü də bəlli olmalıdır. Turist vizası ilə gəlib burada işləyirlərsə, bu qaçaqçılıq sayılır.
Həkimlər arasında rəqabət güclüdür...
 Musa Quliyev, həkimlərin tanınmasında reklamların  rolunu qeyd etməklə yanaşı, rəqabət məsələsini də qabardıb:

- Burada bir problem də var. O da pasiyentlərin reklama çox uymasıdır.  Çox geniş yayılmış xidmətlərin razılaşdırılmamış reklamlarıdır. Özəl klinikalarda qəbula gedərkən müəyyənləşdirmək lazımdır ki, bu adam Səhiyyə Nazirliyində qeydiyyatdan keçibmi? Diplomu tanınırmı? Onun burdakı fəaliyyəti leqaldır, yoxsa qeyri-leqal?! Burada rəqabət məsələsi də var. Azərbaycandan da xarici ölkələrə üz tutan həkimlərimiz var. Ola bilsin ki, İstanbulda hansısa əməliyatına görə 5 manat verdikləri halda, Azərbaycanda həmin həkimə 10 manat verirlər. Təbii ki, səhiyyə də xidmət sahəsində biznesin bir növüdür. Həkimlər bazar tapıb gəlib burada öz əməliyyatlarını aparır.

 İcbari tibbi sığorta nəyi dəyişəcək...

 Komitə sədrinin müavini deyir ki, icbari tibbi sığorta xarici həkimlərin Azərbaycana gəlməsinin qarşısını alacaq:

- Azərbaycanda icbari tibbi sığorta hələ ki tam oturuşmayıb. İcbari tibbi sığorta oturuşandan sonra bizdə həmin xarici həkimlərə tələbat ciddi şəkildə azalacaq. İcbari tibbi sığortanın müqaviləsi əsasında sığorta agentliyi Azərbaycana xaricdən gələn həkimin kimliyini, səviyyəsinin necə olmasını, diplomunun yararlı-yarasız olduğunu  yoxlayacaq. Avropa ölkələrində bu məsələyə ciddi nəzarət var. Xarici həkimlər asanlıqla qəbul olunmur. Yaxın müddətdə icbari tibbi sığorta Azərbaycanda qaydaya düşəcək. Ona görə də bu illər ərzində bu problemləri yaşamışıq. Bundan sonra yaxşı olacaq. Artıq öz mütəxəssislərimiz yetişir.

 






Fikirlər