"PUL VERMƏSƏN, HƏKİM SƏNƏ BAXAN DEYİL" - SƏHİYYƏMİZDƏ DURUM

Xeyirxah peşə sahibləri olan həkimlərin sözünün, xəstəyə münasibətinin dərmandan, əməliyyatlardan daha vacib olduğunu deyən səhiyyə naziri Oqtay Şirəliyev jurnalistlərə açıqlamasında son vaxtlar səhiyyə sahəsində müsbət tendensiyaların hiss olunduğunu deyib.

120 minə qədər tibb işçisinin hamısının vicdanla xalqa xidmət etmədiyini təəssüflə qeyd edən nazir tək-tək problemlər olduğunu deyib: 

" Amma əvvəllər mən ildə 4-5 təşəkkür məktubu alırdımsa, indi təkcə elektron poçta gün ərzində onlarla minnətdarlıq yazıları gəlir. Mətbuatda, televiziya kanallarında da səhiyyə ilə bağlı müsbət rəylər, yazılar artıb. Bu da sevindirici haldır”.
Tibb eksperti, psixoloq Azad İsazadə Sherg.az-a açıqlamasında nazirin dediklərinin həqiqət olmasını istisna etmədi. Amma şəxsən onun üçün Azərbaycan səhiyyəsinin ürəkaçan durumda olmadığını qeyd edib: 
" Ola bilsin ki, kimlərsə, nazirin elektron poçtuna təşəkkür məktubları yazır, yaxud da səhiyyəmizin durumundan öz razılığını bildirir. Bu kimi hallar istisna deyil və hər bir insanın özünün yanaşma tərzi var. Amma Azərbaycandakı səhiyyənin keyfiyyəti şəxsən məni qane eləmir. Çatışmazlıqlar çoxdur və onların aradan qaldırılması üçün heç bir islahat aparılmır. Həkimlərin maaşı çox aşağıdır. Baxmayaraq ki, son illər Azərbaycan səhiyyəsi müasir avadanlıqlar, cihazlarla təmin olunub, müasir standartlara uyğun müalicə-diaqnostika mərkəzləri istifadəyə verilib, amma təəssüf ki, bu avadanlıqlarla, cihazlarla düzgün işləmək təcrübəsi hələ də yoxdur. Hansısa avadanlığı alıb ölkəyə gətirməklə iş bitmir, gərək onunla işləməyi bacaran professional kadrlar, səhiyyə işçiləri olsun. 
Bizim həkimlərdə təcrübə azdır. Səhiyyəmizin formal olaraq adı pulsuzdur, reallıqda isə səhiyyə sistemindəki qiymətlər kifayət qədər bahadır və bunun qarşısını alan, hətta almağa çalışan belə yoxdur. Yəni Azərbaycan insanının beynində "pul verməsən, həkim sənə baxan deyil" təfəkkürü hələ də möhkəm yer tutur və nə səhiyyə sistemi, nə həkimlər bu təfəkkürün dəyişməsi üçün çalışırlar, heç bir cəhd etmirlər. Görünən dağa bələdçi gərək olmadığı üçün səhiyyə sistemindəki problemləri bir- bir saymaq istəmirəm. Onsuz da hər şey hər kəsə bəllidir. Amma səhiyyəmizin səviyyəsinin bu qədər aşağı olmasının əsas səbəbi sığorta sisteminin tətbiq olunmamasıdır. Məhz bu səbəbdən də Azərbaycanda səhiyyənin inkişaf prinsiplərini biz görmürük”.
Icbari tibbi sığorta sisteminin tətbiqindən sonra vəziyyətin yaxşılığa doğru dəyişmə ehtimalına toxunan A. İsazadə bu sistem üzərində 10 ildən artıqdır, "n” qədər adamın işlədiyini və hansısa prinsipləri yaratdığını qeyd edib: 
"Halbuki bütün dünyada tətbiq olunan icbari tibbi sığorta təcrübəsindən yararlanmaq və ölkəmizdə tətbiq etmək olardı. Əgər bu sistem bütün dünyada işləyirsə, Azərbaycanda niyə işləməsin, başa düşmürəm?”






Fikirlər