“BİZİM MARKET”lərin SAHİBİNİN MAXİNASİYALARI – Ailə üzvlərini HƏBS ETDİRİB
«Bizim market» mağazalar şəbəkəsinin sahibi Rasim Salmanovun şikayəti əsasında həyat yoldaşının bacısı Həcər Quliyeva və onun oğlu Sahib Quliyev həbs olunub. Hazırda onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır. Qohumları Rasim Salmanovun dörd milyondan artıq pulunu dələduzluqla ələ keçirməkdə ittiham olunur. Virtualaz.org istintaq materiallarına istinadən xəbər verir ki, CM-nin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq) maddəsilə ittiham olunan Sahib Quliyev özünü qismən təqsirli bilir. BDU-nun Hüquq fakültəsinin məzunu olan 28 yaşlı Quliyev deyir ki, hüquq-mühafizə orqanlarına işə düzəlmək istəyirdi. Amma xalasının əri onunla işləməyi təklif edib, o da razılaşıb və «Bizim Market»lər şəbəkəsində işə başlayıb. «Xətai rayonundakı «Bizim Market»də təsərrüfat sahəsində işə başladım. Orada mal qəbuluna nəzarət edirdim. 2013-cü ildə Binəqədidəki «Bizim Market»in qida şöbəsinin mal qəbuluna nəzarət etməyə başladım. 2 ay sonra həmin mağazada müdir müavini vəzifəsinə təyin olundum. Bu vəzifədə də 1 ay işlədim. Bütün işlərim də qeyri-rəsmi idi. Şifahi olaraq Rasim Salmanovun göstərişi ilə işləyirdim. Bir ay müdir müavini işləyəndən sonra Rasim Salmanov məni, sonuncu iş yerim olan marketin müdirini və bacısı oğlu Samir Salmanovu «Maşın bazarı»ndakı ofisinə dəvət etdi. Orada mənə dedi ki, «sən artıq mənimlə işləyəcəksən, mənim işlərimi görəcəksən»-təqsirləndirilən Quliyev deyir.
Sahib Quliyevin sözlərinə görə, marketlər şəbəkəsi Vergilər Nazirliyində Pərvin Əfəndiyevanın adına olan VÖEN-lə qeydiyyatdadır. Baş etibarnamə əsasında Sahib Quliyevi onun səlahiyyətli nümayəndəsi təyin ediblər. Bundan sonra o, Rasim Salmanovun maliyyə işlərinə nəzarət etməyə başlayıb. Sahib Quliyevin istintaqa dediklərindən: «Bizim market»lər şəbəkəsinin Maliyyə Departamentinin rəhbəri Nizami Abbasov idi. O, mənə bütün işi başa saldı. 2014-cü ilin martında Nizami müəllim gedəndən sonra Maliyyə Departamentinə mən rəhbərlik eləməyə başladım. Hər gün marketlərdən yığılan pullar bank hesabına köçürülürdü. Hesabdan da pulu yalnız mən çıxara bilirdim. Sonradan Pərvin Əfəndiyevanın adına olan VÖEN donduruldu. Nənəm Xanımbacı İsmayılovanın adına VÖEN var idi. Ancaq bank hesabı mənim adıma açıldı. Çünki nənəmin adına bank hesabları var idi. Bank hesabının fiziki şəxs kimi mənim adıma açılmasında əsas məqsəd vergidən yayınmaq idi. Bank hesabından yalnız ayda bir dəfə pul çıxarırdıq. Onu da firmalara ödəniş etmək üçün. Mən işlədiyim ərəfədə şəbəkəyə 11 market daxil idi. Bütün marketlərin aylıq dövriyyəsi 7-8 milyon idi. Bank hesabında da, azı, 5 milyon pul olurdu».
Təqsirləndirilən şəxs deyir ki, ayın əvvəlində bankdan pul çəkilməsindən Rasim Salmanovun xəbəri olurdu. Onun sözlərinə görə, Vergilər Nazirliyi marketlərin ümumi dövriyyəsini bilmirmiş: «Şirkətdə 2 qol fəaliyyət göstərirdi. Biri rəsmi, digəri isə qeyri-rəsmi. Qeyri-rəsmi olan qol «qara mühasibatlıq» adlanırdı. 18 faizlik Əlavə Dəyər Vergisi tam olaraq ödənilmirdi. Marketlərin aylıq ümumi dövriyyəsi 8 milyon olduğu halda, bu rəqəm 2-2.5 milyon manat az göstərilirdi. Bununla da vergidən yayınma baş verirdi». Sahib Quliyev söyləyir ki, Rasim Salmanovun «Maşın bazarı»ndan gələn gəlirini də həftədə iki dəfə o yığıb və onun özünə çatdırıb: «Həftənin üçüncü günü 70-80 min, sonunda isə 40-50 min manatı bazardan götürüb Rasim Salmanova aparırdım». Sahib Quliyev qohumu Rasim Salmanovun pullarını ələ keçirdiyini etiraf edir. Amma deyir ki, ittihamda yazıldığı kimi, 4 milyondan artıq məbləğdən söhbət gedə bilməz. O bu addımının səbəbini isə belə izah edir: «Bunu Rasim Salmanovun çirkli əməllərini gördükdən sonra etmişəm. Onun bu əməllərindən sonra həmin pulu özümə götürməyi rəva bilmişəm. Özünə verdiyim pulları da mənim ayağıma yazıblar. O pulları Rasim Salmanova verdiyimi sübut edə bilmirəm. Çünki mən ona pul verəndə aramızda hansısa sənədə qol çəkilmirdi. Pulu aparıb verirdim, vəssalam. Özümə götürdüyüm məbləği etiraf edirəm, istintaqda da bir hissəsini ödəmişəm – 200 min manat və 60 min dolları geri qaytarmışam».
Sahib Quliyev onu da əlavə edib ki, Rasim Salmanova verdiyi pullar Kanadaya, Türkiyəyə və başqa ölkələrə köçürülüb, orada mülklərin alınmasına xərclənib. Dediyinə görə, mağazalar şəbəkəsinin sahibi Rasim Salmanov həm də Kanada vətəndaşıdır: «Mən gözümlə sənədləri görmüşəm ki, o, Kanadada aldığı torpaq sahəsi və mülk üçün 6 milyon ödəyib. Həmçinin Türkiyədə 11 milyona ev alıb». Sahib Quliyev və anası Rasim Salmanovun 2015-ci il dekabrın 17-də Bakı Şəhər Baş Polis İdarəsinə verdiyi şikayət ərizəsi əsasında saxlanılıb. Sahib Quliyevin nənəsi Xanımbacı İsmayılova isə iddia edir ki, «Bizim market»lər şəbəkəsi rəsmi olaraq onun adınadır. Kürəkəni Rasim Salmanov isə, sadəcə olaraq, mağazaların fəaliyyətinə nəzarət edib. İsmayılovanın iddiasına görə, kürəkəni mağazaları ələ keçirmək üçün onları şantaj edib və sonra da nəvəsini həbs etdirib.
Xatırladaq ki, Rasim Salmanov barədə qalmaqaldan mətbuat əvvəllər də yazıb. Bu qalmaqallı iş adamının qaynanasının KİV-lərə göndərdiyi müraciətdə deyilirdi ki, Rasim Salmanovun çirkli biznesinə keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun qaynı, eyni zamanda köməkçisi Vüqar Mahmudov “krışalıq” edirmiş. Belə ki, Mahmudovun köməkçisi Salmanovla çox yaxın münasibətlərdə olub, tez-tez onun evinə gedib-gəlib. “Hətta Mahmudovlar ailəsi ilə Rasim Salmanov o qədər yaxın olub ki, Vüqar Rasimə istənilən adam barədə məlumatı MTN vasitəsilə yoxlatdırıb ona deyə biləcəyini yanımızda dəfələlə bildirib. Bu yolla Rasim Salmanov Mahmudovların himayədarlığı və köməyi ilə biznesinin qara tərəflərini tənzimləyirmiş”-Rasim Salmanovun qaynanası Xanımbacının KİV-lərdə dərc olunmuş müraciətində deyilirdi. Bildirilirdi ki, Azərbaycan Beynəlxalq Bankının keçmiş sədri Cahangir Hacıyev də Rasim Salmanovun əli ilə ölkədən 100 milyon dollar vəsaiti çıxardaraq Kanadadakı hesablara köçürüb. Rasim Salmanov Bizim Market” şəbəkəsini qardaşı ilə şərikli idarə edirmiş. Lakin mətbuat yazıb ki, bu biznes üstündə qardaşların da arasında münaqişə yaranıb, nəticədə onlar paylarını ayırıblar.