Su kanalında boğulan gəncin qohumları Bakı-Qazax magistral yolunu bağlayıblar - FOTOLAR
Bu gün saat 11.30 radələrindən etibarən Bakı-Qazax magistral yolunda nəqliyyatın hərəkəti dayandığı üçün uzun tıxac yaranıb. Musavat.com-un əməkdaşı xəbər verir ki, yolu avqustun 5-də İmişli kanalında boğulan 23 yaşlı Elvin Paşayevin qohumları bağlayıb. Onlar kanalın suyunun kəsilməsini və batmış gəncin axtarışlarının aparılmasını tələb edir. 1 uşaq atası olan E.Paşayev Qobustan sakini olduğundan yolun Qobustan ərazisindən keçən hissəsi kəsilib. Mərhumun əmisi oğlu dedi ki, 200-ə yaxın adam axtarışa başlayıb: "Amma suyun qabağı kəsilməsə, tapa bilməyəcəyik. Yalvarıram, kömək edin!" Hadisə yerinə çoxsaylı vətəndaşlar gəlib. Musavat.com-un əməkdaşı xəbər verir ki, hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə gəldikdən sonra yol açılıb və hərəkət bərpa olunub.