RÜSVAYÇILIQ: Bayrağın rənglərinin mənasını bilməyən, işğalda olan rayonları tanımayanlar MÜƏLLİM OLMAQ İSTƏYİR

Image result for savadsiz muellimler

Müəllimlərin işə qəbul imtahanının müsahibə mərhələsində bayrağın rənglərinin mənasını bilməyən, işğal altında olan ərazilərin sayından bixəbər olan kifayət qədər namizəd qeydə alınıb.

AzerTaym.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin sektor müdiri Rasim Məmmədov “Azərbaycan müəllimi” qəzetinə açıqlamasında deyib.

R.Məmmədovun sözlərinə görə, bəzi namizədlərin nəzəri biliyi ilə praktik bacarığı uyğun gəlmir: “Ola bilər ki, şablon suallara cavabları əzbərləyib gəlir, müsahibədə fikrini ifadə edə bilmir. Ən dəhşətlisi isə odur ki, Azərbaycanın müstəqillik tarixinə qarşı biganə namizədlərə rast gəldik. Məsələn, 20 Yanvar faciəsindən xəbərsizdirlər. 6-7 namizəd hesab edirdi ki, bu hadisələri ermənilər işğal məqsədi ilə törədib”.

Nazirlik rəsmisi müsahibə mərhələsində əsasən passiv, həvəssiz görünənlər, sadə suallara cavab verə bilməyənlər, dünyagörüşü zəif olanların müəllimliyə uyğun görülmədiyini bildirib.

Təhsil Nazirliyinin Ümumtəhsil sektorunun müdiri Firudun Həmzəyev bildirib ki, namizədlərin ümumi səviyyəsindən onların hazırlıqlı olduqları hiss olunurdu.

“Proqram materialları, ixtisasla bağlı və metodiki keyfiyyəti müəyyənləşdirən suallara cavablarda öz üzərində işlədikləri görünür. Ancaq əzbərçiliyə yol verdikləri, yaddaş biliyinə əsaslandıqları özünü büruzə verir. Aralarında 10-15 il, hətta məzun olandan müəllim işləməyənlər çoxdur və bu, müsahibə mərhələsində aydın nəzərə çarpırdı. Düşünürəm ki, elələri üçün məktəbdə şagirdlərlə ünsiyyət qurmaq o qədər asan olmayacaq”.

Qeyd edək ki, avqustun 21-dən başlayan müsahibə mərhələsinə 5225 nəfər buraxılıb. Bu günədək 3000-dən çox namizəd müsahibədən keçib. Müsahibə mərhələsində müəllimlərin psixoloji durumu, praktik, metodik bilikləri yoxlanılır.






Fikirlər