Mustafayev intihardan əvvəl generalla görüşübmüş – MTN İŞİ
Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi (MTN) Antiterror Mərkəzinin rəisi, general-mayor Elçin Quliyev və Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə məhkəmə prosesi davam edib. Teleqraf.com xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Elbəy Allahverdiyevin sədrliyi ilə baş tutan prosesdə Mətləb Mustafayevin epizodu üzrə Dövlət Təhlükəsizlik Xdimətinin əməkdaşı Rüstəm Rüstəmov ifadə verib. O, 8 il Elçin Quliyevin köməkçisi olduğunu söyləyib: “Rəhmətlik Malik Mustafayev (MTN polkovniki və zərərçəkmiş Mətləb Mustafayevin qardaşı – red.) intihar hadisəsindən əvvəl Elçin Quliyevlə görüşə gələndə qardaşı Mətləb Mustafayev də onunla bir yerdə MTN-ə gəlmişdi”. Daha sonra hal şahidi Rahib Hümbətov ifadə verib. O, Nəsimi rayonunda JEK (MİS) işçisi olduğunu deyib: “Həmin vaxt ərazidə abadlıq işləri aparırdıq. Bizim yanımıza qara “CİP” yaxınlaşdı. İçərisindən bir nəfər düşüb xidməti vəsiqəsini göstərdi. O, MTN əməkdaşı olduğunu söylədi. Bildirdi ki, yaxınlıqda bir evdə axtarış aparılacaq və orada hal şahidi kimi iştirak etməliyəm. Sonra evə getdik. Orada MTN əməkdaşları axtarış aparırdı”. *** Daha sonra prosesdə zərərçəkmiş Mətləb Mustafayev hakimdən çıxış üçün söz istəyib və deyib: "Elçin Quliyev məhkəmədə deyir ki, 2014-cü il noyabrın 1-də Malik Mustafayev onun yanında cəmi 2 dəqiqə olub. Bununla bağlı biz sorğu verdik. DTX-dan aldığımız sorğuda bildirilir ki, Malik Mustafayev həmin gün Hilal Əsədovun razılığı ilə 13.04-də MTN-in Antiterror Mərkəzinə daxil olub, 15.44-də oranı tərk edib. Yəni 2 saat 40 dəqiqə orda olub. Maliklə Elçin Quliyevin son görüşü Mübariz Hüseynovun xidməti otağında cəmi 20-30 dəqiqə çəkib. Bəs burda sual yaranır ki, Malik Mustafayev 2 saat harada olub? Başqa kimin yanında olub? Həmin gün o, Elçin Quliyev və onun müavinin yanında olub, Elçin Quliyevin xidməti otağında qardaşımı sorğu-sual edilib. İlqar Əliyev qardaşımdan müstəntiq Elşən Murtuzovun təyin etdiyi vəkil Vaqif Məmmədovdan imtina edildiyini və vəkil Eldəniz Alxazla müqavilə bağlamağının hansı səbəbdən soruşub. Qardaşım Malik ona bildirib ki, bu ailə üzvlərinin istəyi ilə olub. Bu zaman İlqar Əliyev həmin qohumun telefonunu istəyib və həmin qohumdan Malikin doğru danışıb-danışmamağını soruşub. Yaxın qohumu da vəkillə müqavilə bağlamasında kömək etdiyini deyib. Onlar Malik Mustafayevyə mənimlə bağlı təziq göstəriblər. Malik onunla razılaşmayıb. Daha sonra Elçin Quliyev qardaşıma bildirib ki, həftənin birinci günü gəlib, sənədlərlə tanış olarsan, qardaşını başa salarsan”. Elçin Quliyev zərərçəkmişin yalan danışdığını söyləyib. General bildirib ki, bu ittihamlar qərəzli, əsassız və absurddur. General həmçinin prokurora da etirazını bildirib. O, qeyd edib ki, şahidlərə və zərərçəkəmişlərə sual verən zaman prokuror müdaxilə edir: “Nə sual verirəm, deyir ki, yönəldici suallar verirsən. Bəs mən nə sual verim, özümü necə müdafiə edim?”. Növbəti prosesi sentyabrın 22-də davam edəcək.