OMON-nun komandiri Elçin Əmiraslanov azad ediləcək? - VƏKİL AÇIQLADI

Azərbaycanda ömürlük məhbuslara azadlıq şansı veriləcək. Belə ki, cəzasının 25 ilini çəkmiş ömürlük məhbusların cəzası 10 il müddətinə azadlıqdan məhrum etmə ilə əvəzlənə bilər.

Cebhe.info xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin təqdimatı ilə Cinayət Məcəlləsinin (CM) 57-ci maddəsinin (Ömürlük azadlıqdan məhrum etmə) 4-cü bəndinə dəyişiklik təklif olunur. Layihəyə əsasən, məhkəmə ömürlük azadlıqdan məhrum etmə növündə cəza çəkən məhkumun azadlıqdan məhrum etmənin ən azı 25 ilini həqiqətən çəkdiyini, həmçinin onun bu cəzanı çəkdiyi müddətdə qəsdən cinayət törətmədiyini nəzərə alaraq və məhkumun həmin cəzanı çəkməsinə daha lüzum olmadığı qənaətinə gələrsə, ömürlük azadlıqdan məhrum etmə cəza növü 10 ilə qədər müddətə azadlıqdan məhrum etmə ilə əvəz edilə bilər. Hazırda bu müddət 15 ildir. Layihə yaxın günlərdə ictimai dinləmələrdən keçdikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacaq. 

Dəyişiklik Qobustan qapalı həbsxanasında ömürlük məhbus, “OMON”un komandirlərindən olmuş Elçin Əmiraslanova da şamil olunacaqmı? 

Elçin Əmiraslanovun vəkil Elçin Sadıqov Cebhe.info-ya bununla bağlı bildirib ki, keçmiş MBD ölkələrində yeni Cinayət Məcəlləsi qəbul olunana qədər ölüm cəzaları ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunmuş şəxslər əfv olunub:

“Bir çox ölkədə bu problem həllini tapıb. Yeganə ölkə Azərbaycandır ki, burada ölüm cəzası ömürlük azadlıqdan məhrumetmə ilə əvəz olunmuş şəxslərlə bağlı problemlər hələ də qalmaqdadır. Artıq sözügedən məsələnin həlli vaxtı yetişib. Hazırda qüvvədə olan qanunda 15 il azadlıqdan məhrumetmə göstərilir. İndi sadəcə olaraq, 10 ilə endirilməsi barədə müzakirələr gedir. Dəyişikliyin təsnifinin həmin siyasi məhbuslara şamil olunması üçün siyasi iradə olmalıdır. Siyasi iradə olmasa, məhkəmələr bu qanunu tətbiq etməkdən çəkinəcəklər”. 

Vəkil onu da qeyd edib ki, qanuna əlavə olunan dəyişiklik təsdiq olunarsa, ömürlük məhbuslar azadlığa çıxa bilər: “Ümumiyyətlə, məhbus azadlıqdan məhrumetmə cəzasının 25 ili çəkildikdən sonra hansısa formada azadlığa qovuşa bilər”. 

Qeyd edək ki, Elçin Əmiraslanov 21 ildir həbsdədir. Onun Hepatit C-dən əziyyət çəkdiyi bildirilir. 

 






Fikirlər