Məmurlar Milli Qəhrəmanın biznesini əlindən alır

Məmurlar Milli Qəhrəmanın biznesini əlindən alırMənə yenidən təzyiqlər başlayıb. Goranboy rayonunun rəhbərliyi yüksək rütbəli məmurların adı altında gizlənərək mənə davamlı şəkildə təzyiq göstərir. Rayon rəhbərliyi gips istehsalı ilə məşğul olan “Elmir” adlı firmamı sabah ləğv etməyə hazırlaşır”.

Bunu virtualaz.org saytına açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı Rasim Əkbərov deyib.

R.Əkbərovun sözlərinə görə, onun “Elmir” firması tam qanuni fəaliyyət göstərir. Firma “Norm”, “Holcim Group”, “Kəpəz Alçi” və “Retro” şirkətlərinə, habelə Qaradağ sement zavoduna, “Müasir tikinti” MMC-yə, eləcə də Gürcüstanın “Heidelberg Group” şirkətinə qarşılıqlı rəsmi müqavilələr əsasında gips satır.

R.Əkbərov deyib ki, bu, onun əmlakını ələ keçirməyə ikinci belə cəhddir. Milli Qəhrəman xatırladıb ki, həmin yüksək mənsəbli məmurlar ona iki il qabaq da eynilə indiki kimi təzyiq göstərərək “Elmir” şirkətini, ümumən bütün biznesini ələ keçirməyə çalışmışdılar. Lakin o zaman ölkənin siyasi rəhbərliyinin işə qarışması nəticəsində onun gips karxanalarının həmin məmurlar tərəfindən zəbt olunmasının qarşısını almaq mümkün olmuşdu.


Milli Qəhrəman baş verənlərlə bağlı prezident İlham Əliyevə, ekologiya və təbii sərvətlər naziri Hüseyn Bağırova, Baş Prokurorluğa və MTN-ə məktubla müraciət etdiyini bildirib. R.Əkbərov onu da əlavə edib ki, ümidi yalnız prezidentin məsələyə müdaxilə etməsinədir. Milli Qəhrəman dövlət başçısından onu qəbul etməsini də xahiş edir.


Virtualaz.org






Fikirlər