Daha Bir İDMAN FEDERASİYASI ilə baglı qalmaqal

azad-kenan-rovshen-2

Azərbaycanda daha bir idman federasiyasında dövlət qurumlarının tutduğu anlaşılmaz mövqe səbəbindən qalmaqal yaşanır.

Bu haqda Strateq.az-a göndərilən məktubda ətraflı bəhs olunur.

Məsələnin qısa məğzi belədir ki, Gənclər və idman naziri Azad Rəhimovun imzası ilə Azərbaycanın Ədliyyə Nazirliyinə məktub göndərilərək, Rövşən Həsənov adlı şəxsin rəhbərlik edəcəyi “Miksd Martial Arts” (“Qarışıq Döyüşlər Sənəti”) adlı yeni federasiyanın təsis edilməsi xahiş olunub. Ədliyyə Nazirliyi də nazir Azad Rəhimovun xahiş məktubu əsasında, sözügedən federasiyanın təsis edilməsinə razılıq verib. Hazırda bu təşkilata Rövşən Həsənovun göstərişi ilə Maqsud Əsgərov sədrlik edir.

rovshen-hasanov

Rövşən Həsənov

Məktub müəlliflərinin iddiasına görə, məsələnin rüsvayçı və qanuna zidd tərəfi ondan ibarətdir ki, nazir Azad Rəhimov ya bilərəkdən, ya da bilməyərəkdən, eyni idman növü üzrə 2 federasiyanın mövcudluğuna və həmin federasiyaların da yaradılması haqda məktublarının olmasına baxmayaraq, qanunun tələblərinə zidd şəkildə üçüncü federasiyanın yaradılmasına zəmin yaradıb.

kenan-memmedov

Kənan Məmmədov

Bildirilir ki, sözügedən təşkilatların içərisində yalnız Kənan Məmmədovun prezidenti olduğu “Azərbaycan Miksed Martial Arts Liqası” (Azərbaycan MMA) legitim hesab olunur: “Çünki “Azərbaycan MMA” 2011-ci ildə qeydiyyatdan keçib və Azərbaycan Milli Olimpiya Komitəsi (MOİK) tərəfindən tanınır”.

Bütün bunlara baxmayaraq, 2012-ci ildə də Azərbaycanın fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyevin xahişi ilə Gənclər və İdman Nazirliyi “Azərbaycan Pankration Federasiyası”nın əsasında eyni idman növü üzrə “Pankration, Qraplinq, MMA Federasiyası” adlı yeni növbəti federasiyanın yaradılmasını da həyata keçirib: “Nəticədə, bununla da Azərbaycanda qanunun tələblərinə zidd olaraq, “Miksed Martial Arts” idman növü üzrə, ən azı, 3 federasiya fəaliyyət göstərir”.

Məktubda göstərilir ki, ümumiyyətlə, ayrı-ayrı beynəlxalq federasiyası olan 3 idman növünü bir arada birləşdirən federasiyanın yaradılması “Bədən tərbiyəsi və idman haqqında” AR qanununun 10-cu maddəsinin 2-ci bəndinin kobud şəkildə pozulması deməkdir: “Həmin qanunda açıq şəkildə göstərilir ki, Azərbaycan Respublikası (AR) ərazisində bir idman növü üzrə yalnız bir ictimai birlik və ya federasiya qeydiyyatdan keçə bilər. Ona görə də qərargahı Londonda yerləşən Beynəlxalq MAA Federasiyası nə Azad Əsgərovun, nə də Maqsud Azadovun rəhbərlik etdikləri federasiyaları deyil, məhz 2011-ci ildə qeydiyyatdan keçmiş və hazırda Kənan Məmmədovun prezidenti olduğu “Azərbaycan Miksed Martial Arts Liqası”nı (Azərbaycan MMA) tanıyır”.

Qeyd edək ki, redaksiyamıza ünvanlanmış məktubda yeni federasiyanın yaradılmasının səbəbləri, həmçinin Gənclər və İdman naziri Azad Rəhimovdan adbaad kimlərin xahiş etdiyi və xahiş edənlərin də Rusiyadan kimlərlə əlaqəli olduğu haqda da maraqlı iddialar yer alıb. Ancaq həmin iddiaların nə dərəcədə əsaslı olduğunu hələlik sübuta yetirmək imkanımız olmadığından, məktubun həmin hissələrini yayınlamamq qərarına gəldik.

Mövzunu davam etdirəcəyik.

azad-2azad-1azad-3

 






Fikirlər