İŞİD Xəzərin o tayında: TERROR təhlükəsi AZƏRBAYCAN sərhədində

Nəzakət Məmmədova: “Rusiyada İŞİD-in ”yatmış özəkləri" var"

Dağıstanın Kizlyar şəhərində baş verən terror aktında   5 nəfər ölüb və xeyli sayda yaralı var. Terror aktının  məsuliyyətini İŞİD terror qruplaşması öz üzərinə götürsə də, hələ ki bunu sübut edəcək bir fakt yoxdur. Bu hadisə Rusiyanın qonşuluğunda yerləşən bütün ölkələri silkələyib. Xəzərin o tayında baş verən bu faciə heç şübhəsiz ki, Azərbaycanı da ciddi narahat edir.

Təhlükəsizlik üzrə ekspert Nəzakət Məmmədova ilk olaraq, Dağıstanın hədəf alınmasının səbəblərinə toxundu: “Son 29 ay ərzində Dağıstanda İŞİD-in 11-ci terror aktıdır. Xüsusən Kizlyar şəhərinin hədəf alınması ondan xəbər verir ki, burada terrorçuların gizli özəyi fəaliyyət göstərir. Əvvəllər güc strukturları əsas hədəf idisə, indi pravoslav kilsəsini hədəf alıblar. Bu da onu göstərir ki, terrorçular dini müəssisəni hədəf seçməklə daha çox diqqət cəlb etmək istəyirlər. Hadisənin məhz Dağıstanda olmasının da bir sıra səbəbləri var: burada çoxsaylı etnik, dini, məzhəb fərqlilikləri olan insanlar yaşayır, sosial vəziyyət o qədər də ürəkaçan deyil. Narazılıq üçün güclü zəmin var. Dağıstanda SSRİ-nin dağılmasından sonra ideoloji boşluğun yaranması, korrupsiyanın yayılması, daha sonra çeçen müharibəsinin başlaması radikallaşmaya yol açdı, terror təşkilatlarının yaranmasına səbəb oldu. Dağıstanda baş verən terror aktlarının müəyyən xüsusiyyətləri var. Məsələn, o, dini çalarlı olsa da, separatizm xarakteri daşımır, yəni xristian Rusiyanın buradakı hakimiyyətinə qarşı çağırışlar səslənmir. Bir qayda olaraq güc strukturlarının nümayəndələrinə qarşı yönəlib və dinc əhaliyə qarşı teraktlar demək olar ki, indiyədək baş verməyib. Eyni zamanda burada çox mühüm yeni bir tendensiyanı müşahidə edirik. Terrorçular əvvəllər dediyimiz kimi, hərbçiləri hədəfə alırdılarsa, indi kilsəni hədəf almaqla öz hərəkətlərinə dini çalarlar vermək, konfessiyalararası ədavəti gücləndirmək istəyirlər. Çünki hadisəni qeyd etdiyimiz kimi, İŞİD öz üzərinə götürüb və 23 yaşlı terrorçu kilsədən çıxan qadınlara ”Allahu Əkbər" qışqıraraq atəş açıb. Ehtimal olunan versiya budur ki, Rusiyada İŞİD-in “yatmış özəkləri” var və burada terror aktı törətməyə hazır olan çoxsaylı terrorçular əmr gözləyir. Lakin fikrimcə, hadisənin məhz indi baş verməsi təsadüf deyil. Bu, həm Rusiyadakı seçkilər, həm də Suriya ilə bağlı ola bilər. Seçkilər ərəfəsində bu cür terakt xəbərdarlıq səciyyəsi daşıya bilər".

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

Təhlükəsizlik eksperti Azərbaycan üçün təhlükələrdən də söz açdı: “İŞİD-in Suriyadakı məğlubiyyətindən sonra sağ qalan üzvlərinin əsasən Əfqanıstana və digər ərazilərə təxliyə olunması barədə məlumatlar səslənir. Buradan ABŞ-ın və terror təşkilatı üzərində təsiri olan digər ölkələrin onu Çinə, İrana, Rusiyaya qarşı istifadə etmək planları barədə fikirlər səslənir. Belə olarsa, İŞİD Xəzəryanı qonşumuz olan Orta Asiya respublikalarına keçə və bizə də birbaşa təhdid yarada bilər. Doğrudur, bu sahədə MDB ölkələrinin Rusiyanın başçılığı altında güclü ittifaqı var, lakin hər bir halda təhlükə olduğu kimi qalır. Belə fikirlər də var ki, əslində İŞİD-in üzvləri Suriyaya vuruşmağa gediblər və hazırda terror aktı həyata keçirənlər terror təşkilatı ilə əlaqəsi olmayan, ondan maliyyə və təlimat almayan, lakin sosial şəbəkələr vasitəsilə radiakallaşmış şəxslərdir. Onlar, sadəcə, İŞİD-in ideologiyası ilə beyinləri zəhərlənmiş olan və onun metodlarından istifadə edən şəxslərdir. Avar, dargin, lak, tsaxur kimi müxtəlif azsaylı xalqların nümayəndələri burada teraktlarda iştirak edir. Azərbaycan hüquq-mühafizə orqanları öz sayıqlığını artırmalıdır. Xüsusilə də indiki şəraitdə ölkəmizin dörd tərəfi barut çəlləyinə döndüyü bir şəraitdə. Azərbaycan həm terrorçuların bilavasitə fəaliyyət göstərdiyi bölgələrə coğrafi baxımdan yaxın olması, onlar üçün hədəf və tranzit ölkə olması baxımdan mürəkkəb durumla qarşılaşa bilər. Eyni zamanda ölkəmizdən xeyli sayda Suriyada terrorçu qruplaşmaların tərkibində vuruşmağa gedən insanlar var. Onlardan sağ qalanlar və ailə üzvləri buraya qayıdarsa, çox çətin bir durumla üz-üzə qala bilərik.

Bununla yanaşı, Orta Asiyadan da çoxlu sayda terrorçu Suriyada vuruşub. Xəzər qonşularımızda vəziyyətin kəskinləşməsi bizə də təsir edə bilər. Rusiya və Türkiyə kimi qonşu ölkələrin terrorçuların daimi hədəfinə çevrilməsi, İŞİD-in Əfqanıstanda kök salması bizə birbaşa təhdid yaradan səbəblərdir. Ölkəyə terrorçuların daxil olmaması üçün sayıqlıq artırılmalı, saxta sənədlərlə başqa ad soyad, yaxud başqa ölkə vətəndaşlığı altında daxil olmaq istəyən şübhəli şəxslərin sənədləri diqqətlə yoxlanılmalı, ölkə ərazisində qeydə alınmış olan terror şəbəkələri, onların yaxın əlaqələri daima nəzarətdə saxlanılmalı, qayıdan şübhəli şəxslər dəqiqliklə filtrasiya olunmalıdır. Bununla yanaşı, beynəlxalq əməkdaşlıq genişləndirilməli, digər ölkələrlə terrorçuluqla mübarizə sahəsində məlumat mübadiləsi gücləndirilməlidir".






Fikirlər