Elmar Hüseynovsuz 10 il - (Eynulla Fətullayev yazır)
Azərbaycan jurnalistikasının ən parlaq və vicdanlı nümayəndələrindən birini - “Monitor” jurnalının baş redaktoru Elmar Hüseynovu 10 il bundan qabaq qətlə yetirdilər.
Ən maraqlısı budur ki, E.Hüseynovun qətlə yetirilməsinn 10 illiyi Kreml divarları önündəki digər cinayətlə - Boris Nemtsovun qətlə yetirilməsi ilə üst-üstə düşdü.
Təəssüf ki, bolşeviklərin hakimiyyətinin süqutundan sonra postsovet məkanında törədilən heç bir hay-küylü siyasi qətlin üstü hələ də açılmayıb.
Burada yalnız bir istisna ola bilər - ukraynalı jurnalist Qonqadzenin qətli. Lakin Qonqadzenin qətlinin də yalnız icraçıları öz layiqli cəzalarını alıblar. Ukraynada siyasi formasiya dəyişsə də, inqilab qalib gəlsə də jurnalistin qətlinin sifarişçiləri və təşkilatçıları ədalət mühakiməsindən hələ də yayınırlar.
Ukraynanın daxili işlər naziri Kravçenko “narıncı inqilab”ın ilk günlərində özünü güllələdi. Özü də gicgahına iki dəfə atəş açmaqla... Hamının barmaqla göstərdiyi spiker Litvin isə öz siyasi karyerasını Ukrayna demokratiyasının çiçəklənən dövründə də uğurla davam etdirdi. Qonqadzeni hamı unutdu. Növbəti kataklizmə, Avromaydana qədər...
Zurab Jvaniya ilə bağlı da belə oldu. Bu hadisəni yalnız siyasi toqquşmalar və hakimiyyət uğrunda amansız mübarizə məqamlarında ara-sıra yada salırdılar. O da rəqibləri ittiham etmək, qarşı cəbhəyə zərbə vurmaq, onları gözdən salmaq üçün... Heç kim bu cinayətin əsl günahkarlarını tapmağa hazırlaşmır. İvanişvili Saakaşvilini Jvaniya məsələsində ifşa edir. Yalnız sözdə. Məsələ bu cür quru ifşaetmədən o tərəfə keçmir.
Elmar Hüseynovun, Jvaniyanın, Qonqadzenin qətlinin və digər hay-küylü siyasi cinayətlərin araşdırılması tarixi vəhşi kapitalizmin çiçəklənmə dövründə Qərbin tez-tez əl atdığı dövlət terrorunun yeni xarakterini açıb ortaya qoydu. Bu dövlət terrorunun fəlsəfəsi sovet QULAQında lazımsız adamların leqal şəkildə məhv edilməsi ənənəsindən ciddi şəkildə fərqlənir.
Qərb demokratiyası aşiqlərinin haqqında tez-tez danışmağı sevdiyi qətlləri - Kennedi qardaşlarının və Martin Lüter Kinqin, habelə Ulof Palmenin qətllərini hələ bir kənara qoyaq. Açıq-aydın ortada olan həqiqətin nəyi barədə yenidən uzun-uzadı mühakimə yürüdəsən?! Onların aradan götürülməsinin arxasında “deep state” (“dövlət içində dövlət”) dayanırdı.
Culio Andreottinin baş nazir olduğu dönəmlərdə qətlə yetirilən italyan jurnalisti Mino Pekorellini də yada salaq. İtaliya mafiyasının fəaliyyəti və mafiyanın hökumətlə əlaqələri barədə jurnalist araşdırması aparan Pekorellinin kimlər tərəfindən və niyə aradan götürüldüyünü hamı, bütün İtaliya bilirdi. C.Andreottini ifşa edən dəlil-sübutlar iki onillik boyunca qovluqlarda yatıb qaldı. İtaliya hakimiyyət orqanları sabiq baş nazirə qarşı ittiham elan edəndə bunun ona artıq heç bir təhlükəsi yox idi. 84 yaşlı qocanın kefini yalnız ömrünün sonunda pozmuşdular.
Siyasi qətllər yalnız qarşılıqlı siyasi ittihamlar və ölkədə yeni narazılıqların təşkili üçün bir növ əsasa çevrilir. Bu, nə qədər utandırıcı olsa da!
Belə qətllər Ayaz Mütəllibovun da dövründə törədilib, AXC iqtidarı zamanı da, Heydər Əliyevin prezidentliyi illərində də... Lakin onların heç biri açılmayıb. Və açılmayacaq da. Bu qayda ilə heç jurnalist Elmar Hüseynovun da qətlinin üstü açılmayacaq.
Bu qətlin üstü açılmayana qədər də o, gec açılan mina kimi qalmaqda davam edəcək. Bu qisasçılığı bircə dəfə xatırlamaq və xatırlatmaq belə bütün sistemi titrətməyə salacaq. Ona görə yox ki, sistemin vicdanı var. Ona görə ki, sistemdə özünüqoruma instinkti var. Bu qətlin üstünün indiyə qədər nəyə görə açılmadığını soruşan, yorulmadan suallar verən insanlarda isə vicdan var.
Elmar Hüseynovun qətli açılmayacaq. Nə indiki hakimiyyət zamanı, nə də gələcəkdə. Məhz ona görə ki, bu qətl siyasi xarakterli idi.
Burada məntiqi sual yaranır: bu qətl və ya onun xatırladılması sistemin qoruyucularını yeni cəza tədbirlərindən çəkindirə bilərmi?
B.Nemtsovun qətlə yetirilməsi də göstərdi ki, yox, çəkindirə bilməz. Siyasi qətllər sistemin və ya onun bir hissəsinin böhran vəziyyətinin yaranmasına təbii reaksiyasıdır.
İndi isə soruşmaq istəyirəm: kim daha vicdanlı hərəkət edib - düşmənlərini gizlicə öldürən və öldürməkdə də davam edən Qərb dövlətləri, yoxsa düşmənlərini hamının gözü qabağında, açıq-açığına məhv edən sovet QULAQı?
Eynulla Fətullayev,"Virtualaz.org"