“Hacı BEYLƏQANSKİ” QADIN TƏCRİDXANASINA köçürüldü
“Hacı Beyləqanski” kimi tanınan kriminal avtoritet Hacıbaba Talıbxanlı Moskvanın qadınlar üşün nəzərdə tutulmuş yeganə istintaq təcridxanasına köçürülüb. Virtualaz.org Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb kimi hüquq-mühafizə orqanları “qanuni oğru”nun kişi türməsində mümkün qisasdan qorunmasının vacibliyini göstəriblər. Mənbə bildirir: “Bir tərəfdən, bunu ona görə edirlər ki, operativ vəziyyət gərginləşməsin – “Hacı Beyləqanski”nin məhbəs mühitindəki statusu barədə ziddiyyətlər istənilən türmədə yaranacaq, bircə qadın türməsindən başqa. Digər tərəfdən, onun şəxsi təhlükəsizliyi vacibdir. Hazırda onun həyatına istənilən yerdə böyük təhlükə mövcuddur”. Öncə xəbər verdiyimiz kimi, məşhur “vor zakon” Ded Xasanın “Hacı Beyləqanski” kimi tanınan azərbaycanlı Hacıbaba Tahir oğlu Talıbxanlı tərəfindən qətlə yetirilməsi məlum olub.
İstintaqın gəldiyi nəticəyə görə, Ded Xasanın qətlini Rövşən Lənkəranski sifariş edib. Həmin vaxt azərbaycanlı “vor zakon”un “Ded Xasan” ləqəbli Usoyandan sonra kriminal aləmdə ikinci nüfuzlu şəxs olduğu deyilir. Ded Xasan snayper gülləsi ilə Moskvanın mərkəzindəki restoranlardan birinin yaxınlığında öldürülüb. Qatilin restoranla üzbəüz binadan atəş açdığı güman edilir. “Hacı Beyləqanski” bu qətldən sonra 5 il müddətində istintaqdan gizlənməyə müvəffəq olub. Virtualaz.org onu da yazmışdı ki, “Hacı Beyləqanski” Ded Xasanın qətlində deyil, həmyerlisi İlqar Əliyevin qətlində iştirakını etiraf edir. İlqar Əliyev “Ded Xasan” ləqəbli “vor zakon” Aslan Usoyanın yaxın tərəfdaşı olub. Xatırladaq ki, “Hacı Beyləqanski” ləqəbli kriminal avtoritet Hacıbaba Talıbxanlı barəsində Cinayət Məcəlləsinin 105.1 (qətl) və 105.2 (iki və daha çox insanın qətli) maddələri üzrə cinayət işi qaldırılıb. virtualaz.org