“BİZİ ALDATDILAR” – Qanunu pozan tikinti şirkəti məhəllə camaatı ilə əlbəyaxa DAVAYA ÇIXIB – VİDEO

“Qarajların yerində abad həyət olacağdı, 16 mərtəbəli bina tikməyə başladılar”

ARB TV xəbər verir ki, paytaxtın Nəsimi rayonuda tikinti şirkətlərindən biri sakinləri aldadaraq həyətdə abadlıq işləri apardığını deyib, ağacları kəsib, qarajların yerini dəyişib.

Sonradan məlum olub ki, həmin şirkətə tikinti üçün heç icazə də verilməyib.

Şirkət nümayəndələrinin etdikləri özbaşınalıq azmış kimi, sakinlərlə əlbəyaxa davaya da çıxıblar. Müvafiq qurumların işə müdaxiləsindən sonra problem sakinlərin xeyrinə həll olunub.

Bir neçə gündür sosial şəbəkələrdə yayılan bu kadrlar paytaxın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində baş verib. Əlbəyaxa davaya səbəb isə 4 ədəd 5 mərtəbəli binanın yerləşdiyi ərazidə icazəsiz çoxmərtəbəli yaşayış binasının tikintisi ilə bağlıdır.

Sakin: “Ağacları gözümüzün qabağında kəsdilər. Mənim evimin yanında yer qazmağa başladılar. Buranı hasara alırlar, burada ev tikirlər. Bəs burda ev tiksələr bizim uşaqlar harada oynayacaqlar?”

Sakin: “Qarajların hamısını başqa yerə köçürdülər. Bura abad həyət olacağ idi. Sonra başladılar 16 mərtəbəli ev tikməyə. Bizi aldatdılar. Yoxsa biz heç o qarajları götürməyə qoymayacağdıq”.

Sakinlərin müvafiq qurumlara, eləcə də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciətindən sonra məlum olub ki, Bakı Şəhər İcra Hakimiyyəti layihə üçün 8 sot torpaq ayırsa da, tikintiyə icazə proseduru başa çatmadığından şirkətə icazə verilməyib. Araşdırma zamanı layihə hazırlanarkən şəhərsalma qanunvericiliyinə riayət olunmadığı da ortaya çıxıb.

Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat Rəhbəri: “Tikinti sıxlığı əmsalından tutmuş, digər binalar arasında məsafəyədək, zəruri sayda parklanma yerlərinin olmaması, uşaq meydançalarının olmaması, digər təsərrüfat sahələrinin olmaması və 5 mərtəbəli binalar arasında 16 mərtəbəli binanın tikintisi qadağandır, buna yol verilmir”.

Komitə tikintinin dayandırılması ilə bağlı “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”na uyğun Bakı şəhər İcra Hakimiyyətinə göstəriş göndərib.

Anar Quliyev – Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Aparat Rəhbəri: “Dövlət Şəhərsalma nəzarəti həmin qaydalara uyğun olaraq respublika səviyyəsində komitə tərəfindən, yerli icra hakimiyyəti orqanları tərəfində keçirilir. Başlıca məqsəd də ondan ibarətdir ki, hər hansı bir şəhərsalma prosesləri qanunvericiliyin bütün tələblərinə uyğun aparılsın”. 

Sözügedən ərazidə tikinti işinin aparılmaması üçün Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinə məlumat verilib.






Fikirlər