“MAQA” ləqəbli köhnə MTN işcisinə BƏRAƏT verildi – Vəkildən açıqlama

adem

Qanunsuz əməllərinə görə müstəntiq Ceyhun Mahmudov barəsində məhkəmə xüsusi qərar qəbul etdi

Bu gün Yasamal Rayon Məhkəməsində keçmiş MTN-nin baş əməliyyat müvəkkili, rütbəsi kapitan olan “Maqa” ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu barədə bəraət hökmü çıxarılıb.  

“AzPolitika.info”nun məlumatına görə, bu barədə tanınmış vəkil Adəm Məmmədov  məlumat verib.

Vəkilin sözlərinə görə, ləğv edilmiş MTN-nin baş əməliyyat müvəkkili, rütbəsi kapitan olan “Maqa” ləqəbli Məmmədov Məhəmməd Mehman oğlu AR CM-nin 221-ci (xuliqanlıq) maddəsilə təqsirləndirilib: “Ancaq onun cinayət işi üzrə təqsirliliyi sübuta yetrilmədiyindən, daha doğrusu cinayət hadisəsi olmadığından bəraət hökmünün qəbul olunmasına nail oldum.

Belə ki, zərərçəkmiş şəxs ondakı bədən xəsarətlərinin Məhəmməd Məmmədovla münaqişə zəminində yaranmadığını etiraf etmişdir.  O, hətta istintaq zamanı müstəntiqə bildirmişdir ki, hələ mübahisə olmazdan 2 gün əvvəl pilləkəndən yıxılaraq xəsarət almışdır. Yasamal Royon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi Ceyhun Mahmudov da əlverişli vəziyyətdən istifadə edərək, xəsarətin guya dava-dalaş vaxtdı alınması ilə bağlı qanunsuz ekspert rəyinin verilməsinə nail olmuşdur.

Bundan başqa, ibtidai istintaq zamanı şahid qismində dindirilmiş Nəbiyev Şükür Novruz oğlu məhkəmə istintaqı zamanı fərqli ifadə verib.  O, həmin vaxt ümumiyyətlə hadisə yerində olmadığını, hətta ibtidai istintaq zamanı qeyd olunan ifadələrə imza atmadığını bildirmişdir. Bu səbəbdən də, xətşünaslıq ekspertizası keçrilmiş və müvafiq rəy alınmışdır. Həmin rəyə əsasən şahid dindirmə protokolunda, həm şəxsin tanınması, həm tanıyan şəxs qrafikasında, həm də üzləşdirmə protolunda tədqiq olunan imzaların şahid Nəbiyev Şükür Novruz oğlu tərəfindən və ya başqa şəxs tərəfindən icra olunub-olunmamasını müəyyən etmək mümkün olmamışdır. Belə olan halda AR CPM-nin 21-ci maddəsinə əsasən ittiham sübuta yetrilməsindən, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir.
Digər şahid  isə məhkəmədə, ibtidai istintaqa verdiyi ifadə elan olunmasına baxmayaraq, ümumiyyətlə heç bir şey xatırlamadığını bildirmişdir.
Bundan başqa, polis əməkdaşları olan digər 2 şahid də məhkəmədə ibtidai istintaqdan fərqli ifadə verərək, tərəflər arasında heç bir dava-dalaş olduğunu görmədiklərini bildirmişlər.
Qanunsuz əməllərinə görə müstəntiq Ceyhun Mahmudov barəsində məhkəmə xüsusi qərar qəbul etdi. Ədalətli qərara görə, Yasamal Rayon Məhkəməsinin hakimi Azər Tağıyevə təşəkkür edirəm!”

 






Fikirlər