“ÇAKIR” TÜRKİYƏ MƏTBUATINI NİYƏ QORXUDUR?

Əfsanəvi mafiya adamı Türkiyədə yenidən gündəm mövzusuna çevrilib

Türkiyədə seçki kampaniyası gedişində başlayan Əlaəddin Çakıcı müzakirələri daha da qızışıb.

Ötən gün Kırıkkale respublika prokuroru Ərdoğan Bayrakdar Çakıcıya azadlığa çıxmağı təklif etdiyi üçün vəzifəsindən azad edilərək Ankara Prokurorluğuna daha aşağı vəzifəyə təyin olunub.

İddialara görə, Çakıcı yazılı açıqlamasında 16 cür xəstəlikdən əziyyət çəkdiyini və hətta xəstəliyi səbəbindən Ədirnə prokuroru tərəfindən azadlığa buraxılması təklifi edildiyini, ancaq bu təklifdən imtina etdiyini qeyd edib. Bu isə prokuror Bayrakdara baha başa gəlib.

Ancaq bu, Çakıcı ətrafında son günlər baş verən ilk qalmaqal deyil. Seçki kampaniyası gedişində MHP sədri Dövlət Bahçalı Kırıkkale Universitetinin xəstəxanasında müalicə olunan Çakıcını ziyarət edib. Bundan sonra Çakıcı bəyanat yayaraq iqtidardakı “Cumhur ittifaqı” blokunu dəstəkləməyə çağırıb. Daha sonra “Karar” qəzetində haqqında dərc olunan yazıya qəzəblənərək qəzetin baş redaktoru və əməkdaşlarını təhdid edən açıqlama yayıb. Çakıcı tərəfdarlarını onu təhqir edən jurnalistlər barədə tədbir görməyə çağırıb. Çakıcının təhdidi o qədər qorxu yaradıb ki, hökumət jurnalistləri qorumaq üçün mühafizə ayırıb. Daha sonra Çakıcı nisbətən yumşaldıcı açıqlama yayıb.

Əlaəddin Çakıcı ile ilgili görsel sonucu

Bəs həbsxanada olan və 40 illik həbs cəzası almış bir adamın bu qədər sərhədsiz gücü haradandır?

Qeyd edək ki, rəsmi ittihama görə, mütəşəkkil cinayətkarlıqda, silahlı qrup lideri olmaqda ittiham olunan Əlaəddin Çakıcı əfsanəvi şəxsdir. Hətta onun prototipi filmlərdə çəkilib. Məşhur “Qurdlar Vadisi” serialındakı Çakır obrazının Çakıcının prototipi olduğu bildirilirdi. Bu isə Çakıcının həm də siyasi dairələrlə, dövlət orqanları ilə əlaqələri haqda iddialardan qaynaqlanır.

Əlaəddin Çakıcı 20 yanvar 1953-cü ildə Türkiyənin Trabzon vilayətində Fındıqlı kəndində anadan olub. Ancaq hələ kisik olanda ailəsi İstanbula köçüb. Milliyyətçi camiə ilə yaxın olan Çakılar 1970-80-ci illərdə davam edən sol-milliyyətçi savaşlarında iştirak edib. Ailənin bir sıra üzvləri, o cümlədən Ə.Çakıcının atası solçular tərəfindən öldürülüb.

Çakıcıya ilk cinayət işi 1970-ci ildə dövlət məmurunu yaralama ittihamı ilə açılıb. Ancaq dəlillər yetərli olmadığı üçün o, istintaqdan sonra azad edilib. Daha sonra Çakıcının adı Milli Kəşfiyyat Təşkilatı ilə əməkdaşlıqda hallanıb və siyasətdə nüfuzlu şəxslərlə yaxınlığı baş verib.

Bəzi iddialara görə, Ə.Çakıcı 1992-ci ildə Türkiyəni tərk edib və Belçika, ABŞ, Cənubi Afrika, Fransa, İtaliya, Yaponiya, Sinqapur kimi ölkələrdə yaşayıb. Əlaəddin Çakıcı 1998-ci il avqustun 17-də Fransanın Nitsa şəhərində mühafizəçisi Muradi Gülər və sənətçi Səlcuk Uralın qızı olan sevgilisi Aslı Uralla birlikdə yaxalanır. Çakıcının həbs edilməsi dövlət aparatında da gərginlik yaradır. Onun evindən tapılan kasetlərdən sonra Ana Vətən Partiyasından olan nazir Eyup Aşık istefa verməli olur. Səbəb kimi, Aşıkın keçiriləcək əməliyyat haqqında Çakıcıya bilgi verməsi göstərilir. Aşıkla birlikdə DYP-li daxili işlər nazirinin müavini Meral Akşener, Milli İstihbarat Təşkilatının yetkililərindən Yavuz Ataç və Bursalı iş adamı Erol Evcilin də adları ona yardım edənlər sırasında çəkilir.

Əlaəddin Çakıcı ile ilgili görsel sonucu

Fransada 16 ay tamamilə qapalı kamerada saxlanan Çakıcı 1999-cu il dekabrın 14-də öz istəyi ilə Türkiyəyə gətirilir. 2000-ci ildə həbs olunan Çakıcı barəsində çoxlu sayda cinayət işi və qətl ittihamı var. Bunların arasında jurnalistin yaralanması, silahlı hücum, cinayət təşkilatı qurmaq, o cümlədən prezident Rəcəb Tayyib Ərdoğanı təhqir etməkdə ittiham olunur.

Çakıcı özü isə kəşfiyyat orqanları ilə əlaqələrinin olmasından, xarici ölkələrdə Türkiyə dövləti adına çalışmasından danışıb. Ehtimal olunur ki, Çakıcı Türkiyə kəşfiyyatı və “dərin dövlət” adına həmin illərdə Avropa və planetin digər nöqtələrində terrorizmə qarşı əməliyyatlarda iştirak edib. Livan və Yunanıstanda ASALA-ya qarşı həyata keçirilən antiterror əməliyyatlarında iştirak edib. Məlum olduğu kimi, 1970-ci illərdə Avropa və Amerikada Türkiyənin diplomatlarına qarşı ASALA terror təşkilatı tərəfindən silsilə sui-qəsdlər həyata keçirilib. Hətta küçədə belə Türkiyə diplomatları hədəf seçiliblər. Buna cavab olaraq Türkiyə kəşfiyyatı Avropa ölkələrində, o cümlədən Livan və Yunanıstan kimi ASALA-nın mərkəz ölkəsində erməni terroruna qarşı kontr-terror aktları həyata keçirib. Kəşfiyyata çalışan bir sıra şəxslər terrorçuları öz üsulu ilə cəzalandırıb. Bu aksiyalar nəticəsində erməni terrorizmi ciddi zərbələr alıb və türkiyəli diplomatlara qarşı hücumları dayandırıb. Bu prosesdə birbaşa dövlət işçisi olmadan dövlət adına çalışanlar arasında nüfuzlu mafia adamları Əlaəddin Çakıcı və Abdullah Çatlı da olub. Bu səbəbdən də Çakıcı və eləcə də dünyasını dəyişmiş Çatlı bir sıra dairələrdə cinayətkar deyil, dövlət adamı, qəhrəman hesab olunurlar. Bundan başqa, məhz bu səbəbdən “içəridə” olmasına baxmayaraq Çakıcının ciddi nüfuzu və təsir imkanları var.






Fikirlər