Məhbus jurnalistin ailə üzvləri Cavid Qurbanova müraciət etdi...
Ailə üzvləri Ərşad İbrahimlinin Kəlbəcər təhsil şöbəsinin keçmiş müdiri, hal-hazırda çoxsaylı vəzifə cinayətləriylə yanaşı korrupsiya əməlləriylə təqsirləndirilərək bir neçə aydır həbsdə yatan Məhəmməd Bağırov tərəfindən şərlənərək törətmədiyi cinayət görə Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən ötən ilin iyulunda 11 il azadlıqdan məhrum edilməsinə etirazlarının nə hal-hazırda Gəncə Apellyasiya Məhkəməsində, nə də müraciət etdikləri heç bir ünvanda eşidilmədiyindən təəssüflərini bildirirlər.
Onlar Ərşad İbrahimlinin hətta şərti cəzaya layiq ola biləcək hər hansı cinayət törətmədiyini, sadəcə Məhəmməd Bağırovun əxlaqsız hərəkətinin qurbanı olmuş bir qızın videomüraciətini həmin zərərçəkmişin öz xahişi ilə yaydığına görə keçmiş təhsil şöbə müdirinin qəzəbinə gəldiyini, istintaqın və məhkəmə prosesininsə tamamilə qərəzli aparılmasına bir daha etirazlarını bildirirlər.
Ailə üzvləri təəssüflə qeyd edirlər ki, artıq əlləri hər yerdən üzülüb və Ərşada qarşı bu cür amansız rəftarı, ağılasığmaz qanunsuzluğu həzm edə bilmədiklərindən şok keçirirlər, çarəsizlikdən ya intihar edəcəklərini, ya da ölkəni tərk edərək başqa ölkələrdən sığınacaq istəyəcəklərini bildirirlər.
Şikayət məktubunda vurğulanır ki, onların Cavid Qurbanova üz tutmaları səbəbsiz deyil. Onu təkcə rayonun deputatı kimi deyil, Kəlbəcər rayonunun ən hörmətli nəsillərindən birinin davamçısı olduğuna, ölkədə sanballı bir məmur kimi tanındığına görə ona müraciət edirlər, onun məsələyə müdaxilə etməsini, lazımi instansiyalar qarşısında üzləşdikləri haqsızlığın nə qanuna, nə Allaha sığmadığını çatdıra biləcəyinə ümid edirlər.
Şikayətlərinin sonunda ailə üzvləri bir daha prezident İlham Əliyevə və Mehriban Əliyevaya səslənərək Ərşad İbrahimliyə qarşı törədilmiş bu mütəşəkkil cinayətin üstünün açılmasına, günahkarların cəzalandırılması üçün lazımi göstərişlərin verilməsini xahiş edirlər.