Ermənistanda Azərbaycan QARPIZLARI satılır?
Ermənistanın kənd təsərrüfatı yarmarkalarında Azərbaycanda istehsal olunmuş qarpızlar satışa çıxarılıb. "AzerTaym.az" virtualaz.org-a istinadən bildirir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. KİV-in ehtimalına görə, külli-miqdarda qarpız bu ölkəyə Gürcüstan və Rusiya vasitəsilə yol tapıb. Ermənistanın Qida Təhlükəsizliyi Xidməti isə yayılan məlumatları təkzib edir. Dövlət Xidmətindən verilən məlumata görə, bu ilin iyul-avqust aylarında Gürcüstan və Rusiyadan ölkəyə ümumilikdə 1327 ton qarpız ixrac olunub ki, bunun 781 tonu son həftədə gətirilib. Gürcüstandan idxal olunandan (təxminən 110 ton) 10 dəfə artıq qarpız isə Rusiyadan idxal olunub - 1217 ton. Amma hər iki ölkədən gətirilən qarpızın Rusiya və Gürcüstan istehsalı olduğu bildirilir. Qida Təhlükəsizliyi Xidmətinin məlumatına görə, monitorinq əsasında Rusiya qarpızının Həştərxan vilayətindən gətirildiyi ortaya çıxıb. Xidmət mətbuatı sübut edə bilməyəcəyi və əsassız məlumatları yaymaqdan çəkinməyə çağırıb. Daha əvvəl də Azərbaycana məxsus meyvə-tərəvəz, hətta qənnadı məmulatlarının Ermənistan bazarlarına yol tapması ilə bağlı məlumatlar yayılmışdı. Ötən ilin aprelində Yerevan bazarında "Product of Azerbaijan" nişanı ilə satılan almaların olması səs-küy yaratmışdı. Meyvələrin satışda olması ilə bağlı məlumat yayılandan iki gün sonra Ermənistanın Qida Məhsullarının Təhlükəsizliyinə Nəzarət Dövlət Xidməti yoxlama keçirərək meyvələri satışdan yığışdırmışdı. Bundan əlavə, üzərində Azərbaycanda istehsal olduğu yazılan qənnadı məhsulları Vanadzor şəhərinin mərkəzi bazarında satışa çıxarılsa da, məsələ ictimailəşdiriləndən sonra qısa müddət ərzində satışdan yığışdırılmışdı.