Yasamalda YARMARKA fəaliyyətə başladı -FOTOLAR
Oktyabrın 27-də “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Bakıda təşkil etdiyi kənd təsərrüfatı məhsullarının satış-yarmarkası fəaliyyətə başlayıb. ASC-dən "AzerTaym.az"-a verilən məlumata görə, yarmarka səhər saat 10.00-da Yasamal rayonu, Seyfəddin Dağlı küçəsində (Hüseyn Cavid prospekti ilə kəsişmə, “Space” telekanalının yanı, 225 nömrəli məktəbin qarşısı) istehlakçıların ixtiyarına verilib. Hər həftənin şənbə, bazar günləri fəaliyyət göstərəcək yarmarkada kiçik və orta fermerlərdən tədarük olunan 122 adda, 40 tondan artıq ekoloji təmiz məhsul satışa çıxarılıb. Məhsulların qiymətləri bazarlardakından 20 faiz ucuzdur. Alış-veriş edən paytaxt sakinləri qiymətlərin əlverişli olmasını bildiriblər. Yarmarkanın açılışında iştirak edən “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin İdarə Heyətinin sədri Əbülfət Qocayev və Yasamal rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov məhsullara baxış keçirib və alıcılarla söhbət ediblər. Paytaxt sakinləri bu cür ucuz yarmarkaların təşkil olunmasına ehtiyac olduğunu bildiriblər. Gələcəkdə yarmarkanın gündəlik fəaliyyət göstərməsi nəzərdə tutulub. Səhmdar Cəmiyyət paytaxtın digər ərazilərində də satış yarmarkaların təşkil olunmasını planlaşdırır.