İlham Əliyev keyfiyyətcə yeni idarəçilik mərhələsinə start verdi - Son kadr yerdəyişmələrinin pərdəarxası (Bizim şərh)

Son kadr yerdəyişmələrinin pərdəarxası (Bizim şərh)

 

Hakimiyyət dəhlizlərində kadr dəyişikliklərinə start verildi. Prezident İlham Əliyev bir sıra rayonların icra hakimiyyətləri başçısını dəyişdi. Dövlət başçısı kadr siyasətində partiya maraqlarının fövqündə dayandığını nümayiş etdirdi. Bu isə yaranmış situasiyada elə də sadə məsələ deyildi. İlham Əliyev kadr siyasətində regionçuluqdan və partiya maraqlarından çıxış etmir. Bu isə narazılıqlarla qarşılanır. Lakin bu taktika nəticəsində hakimiyyətin ikinci, üçüncü eşelonunda işləyən məmurlar, yüzlərlə xaricdə təhsil alan və perspektiv üçün iqtidara meyllənən gənclər anlayır ki, kadr rotasiyalarının onlara birbaşa dəxli ola bilər və Azərbaycanda keyfiyyətcə yeni idarəçilik mərhələsi başlayır.

İlham Əliyev kadr siyasətində bütün müstəvilərə istinad edir. YAP əvvəlki kimi yeganə “kadr laboratoriyası” olmaqdan çıxır. Deyəsən, vaxtilə hakimiyyətin əsas dayağı olan Yeni Azərbaycanın istifadə müddəti başa çatır. Böyük planlarda bu partiyaya aparıcı rol ayrılmır. Son 10 il ərzində YAP cəmiyyətə təsir imkanlarını əsaslı dərəcədə itirib. Vaxtilə “kadr yetişdirən laboratoriya” funksiyasını yerinə yetirən YAP kadr rotasiyaları zamanı olduqca minimal funksiyaya malik olur. Məmurların siyahısı da bunu deməyə əsas verir. Belə status- kvo “yeni azərbaycanlıları” qane etmir. Odur ki, partiya yenidən öz gücünü bərpa etməyə, siyasi proseslərə dolayısı ilə deyil, birbaşa təsir etmək imkanlarına nail olmağa çalışır. Prezident isə partiya maraqlarından üstün olan siyasət yeridir.

Beləliklə, İlham Əliyev yeni islahatlara start verir. Kadr islahatlarının şəhər və rayonların icra başçılarının dəyişdirilməsi ilə başlayacağı barədə ehtimallar təsdiqini tapmaqdadır.

 

Kadr dəyişikliyinin bu düsturu kifayət qədər realdır. Çünki inzibati idarəetmə mexanizmi bir neçə güc mərkəzinin əlində cəmləşdikdə hər hansı dəyişikliyi reallaşdırmaq çətinləşir. Hakimiyyət texnoloqları bəzi superoliqarxların getdikcə varlanmasını, iqtisadi güclərini artırmasını da nəzərə alaraq onların inzibati idarəetmə aparatı üzərində təsir rıçaqlarına malik olmasını təhlükəli hesab edir. Məlumatlarda o da deyilir ki, kadr dəyişikliyi təkcə icra başçılarının deyil, bütün sahələri, eləcə də Nazirlər Kabinetini də əhatə edəcək.

Azərbaycanda son 10 ildə ciddi islahatla həyata keçirilib. Konkret rəqəmlərə nəzər etdikdə, İlham Əliyevin islahat strategiyasının mahiyyəti anlaşılır. Məsələn, son bir neçə ilin statistikasına əsasən, ümumi daxili məhsulun (ÜDM) istehsalında qeyri-neft sektorunun çəkisi ardıcıl olaraq yüksəlib və 61 faizə çatıb. Bu isə Azərbaycan iqtisadiyyatının şaxələndirildiyini və neft amilindən asılılığının azaldığını açıq şəkildə göstərir.

Dünyanın mötəbər iqtisadi və maliyyə qurumlarının hesabatlarında da Azərbaycanın uğurları xüsusi qeyd olunur. Dünya İqtisadi Forumunun qlobal rəqabətlilik indeksində Azərbaycan 144 ölkə arasında 38-ci yeri tutub, MDB ölkələri arasında birinciliyi əldə saxlayır.

 

“Azərbaycan Respublikasında sənayenin inkişafına dair 2015-2020-ci illər üçün Dövlət Proqramı” sənayenin modernləşdirilməsi və strukturunun təkmilləşdirilməsi ilə yanaşı yeni kadrların hazırlanmasına şərait yaratdı.

Azərbaycan bölgədə nəqliyyat dəhlizlərinin yaradılması, müasir nəqliyyat infrastrukturunun formalaşması işində fəal rol oynayır. Həm Şərq-Qərb, həm Şimal-Cənub nəqliyyat dəhlizləri Azərbaycandan keçir. 

Bütün bunlar Azərbaycanın mövqelərini gücləndirir.

Rezyume olaraq vurğulamaq olar ki, dövlət başçısının apardığı kadr siyasəti bölgədə cərəyan edən siyasətin davamıdır. 

Avropa.info-nun ekspert qrupu






Fikirlər