“Azərbaycan Dəmir Yolları”: Saatlı-Becar mənzilində yol-nəqliyyat hadisəsi baş verib
Bu gün saat 09:40 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-nin Saatlı-Becar mənzilində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə qurumun mətbuat katibliyindən "AzerTaym.az"-a verilən məlumatda bildirilir. Məlumata görə, Şirvandan İmişliyə gedən elektrovoz Saatlı-Becar mənzilinin 99-cu kilometrində hərəkətdə olarkən, 54 BJ 612 nömrə nişanlı “Jiquli” markalı avtomobil qorunmayan dəmir yolu keçidindən keçməyə cəhd göstərib. Maşinist dərhal səs siqnalları verərək tormozlama aparsa da, məsafə az olduğundan avtomobil elektrovozla toqquşub. Nəticədə avtomobilin sürücüsü hadisə yerində dünyasını dəyişib. Ağır xəsarət alan sərnişin xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Hadisənin baş verməsinə səbəb avtomobilin sürücüsünün “Yol hərəkəti haqqında” qanunun 44-cü maddəsinin tələblərini pozması olub. Baş vermiş hadisə aidiyyəti üzrə araşdırılır. "Azərbaycan Dəmir Yolları" bu hadisədən təssüfləndiyini bildirir, ölənlərin ailəsinə və yaxınlarına dərin hüznlə başsağlığı verir”, - deyə qurum bəyan edib.