Ağ Ev təmas xətti boyu topların işə düşməsindən narahatdır, ancaq eyni zamanda separatçı bölgədə “seçkilərlə” bağlı ikili və prinsipsiz mövqe sərgiləyir; politoloq: “Hər şey Azərbaycanın xeyrinə inkişaf edir...”
Azərbaycan qoşunları ilə erməni işğalçı qüvvələri arasındakı təmas xəttində və Ermənistanla sərhəddə hərbi durum gərgin olaraq alır. Vəziyyətin kritikliyinə dəlalət edən amillərdən biri də hər iki tərəfdən ağır toplardan istifadə edilməsidir. Hələ ki atəşkəsin geniş miqyaslı pozulması halları permanent xarakter almasa da, düşmən tərəfin təxribatları da səngimir.
Reallıq həm də ondan ibarətdir ki, son zamanlar cəbhə xəttində gərginliyin artması, hər iki tərəfin irimiqyaslı təlimlərə başlaması müharibənin bərpası ehtimallarını gücləndirib. Belə ehtimallar indi həm Ermənistan, həm Azərbaycan tərəfindən siyasi müşahidəçilər səviyyəsində səslənməkdədir.
***
Sözsüz ki, işğal altındakı Dağlıq Qarabağda sentyabrın 13-də nəzərdə tutulan növbəti qanunsuz “seçki” vəziyyəti bir qədər də ağırlaşdıracaq, “ocağa əlavə yağ tökmək” anlamına gələcək. Görünür, bunun fərqində olduqları üçün artıq həmsədr ölkələr, nüfuzlu beynəlxalq təşkilatlar öz mövqelərini tələm-tələsik ortaya qoyub, “seçkiləri” legitim saymadıqlarını bəyan ediblər.
ABŞ da məsələyə mövqe bildirib. Belə ki, dünən Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi jurnalistlərlə ğörüşdə Dağlıq Qarabağ məsələsi ilə bağlı bəyanatla çıxış edib. Musavat.com-un xəbərinə görə, departament rəsmisi separatçı bölgədə sentyabrın 13-də nəzərdə tutulan qanunsuz seçkilərə münasibət açıqlayarkən deyib: “ABŞ konfliktin geniş miqyaslı həlli çərçivəsində Dağlıq Qarabağ əhalisinin öz gələcəyini müəyyən eləməsində rolunu tanıyır. Ancaq Birləşmiş Ştatlar Dağlıq Qarabağı suveren müstəqil dövlət kimi tanımadığı üçün ”13 sentyabr seçkiləri" adlandırılan seçkilərin regionun hüquqi statusuna təsir etdiyini qəbil eləmir".
Yada salaq ki, ABŞ Dağlıq Qarabağda bu ilin mayında keçirilmiş saxta “parlament seçkiləri” ilə bağlı da analoji, faktiki ikibaşlı bir mövqe ortaya qoymuşdu. İstənilən halda qondarma seçkilərin tanınmayacağı artıq dəqiqdir. Əfsus ki, artıq üçüncü on illiyə adlamış münaqişənin ədalətli və həmişəlik həlli üçün saxta seçkiləri tanımamaq kifayət deyil. Bundan ötrü ilk növbədə konflikti, onun iştirakçılarını - təcavüzə məruz qalanı və təcavüzkarı öz adı ilə çağırmaq, onlara öz adlarına müvafiq şəkildə də münasibət bəsləmək gərəkdir - ən azından, Ukrayna (Donbas, Krım) timsalındakı kimi.
***
Belə ədalətli, prinsipial yanaşma ləngidikcə heç şübhəsiz, müharibə ehtimalı da aradan qalxmayacaq. Çünki Azərbaycan heç vaxt işğalın nəticələri ilə barışmayacaq. Təmas xəttindəki son eskalasiyanın mühüm səbəblərindən biri də məhz elə budur.
Yeri gəlmişkən, Dövlət Departamentinin rəsmisi Kirbi təmas xəttindəki son durumla da bağlı açıqlama yayaraq Birləşmiş Ştatların narahatlığını dilə gətirib. Sitat: “Ermənistan və Azərbaycan qüvvələrinin beynəlxalq sərhəd boyunca minaatanlardan, digər ağır artilleriyadan istifadə etməsi, nəticədə dinc sakinlərin ölümü və kəndlərə ziyan dəyməsi barədə etibarlı məlumatlar almışıq. Münaqişənin kəskinləşməsindən dərin narahatlıq hissi keçiririk, dinc sakinləri hədəfə alan istənilən hərbi hərəkəti pisləyirik. Belə zorakılığa dərhal son qoymağa, gərginliyin azaldılmasına və dinc sakinlər arasında itkidən qətiyyətlə qaçılmasına çağırırıq”.
“Biz Ermənistan və Azərbaycan prezidentlərinə ATƏT-in Minsk Qrupu həmsədrləri ilə yaxından işləyərək Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həlli üçün öhdəliklər götürdüklərini xatırladırıq” - əlavə edib departament yetkilisi.
Yeni müharibə sarıdan nigarançılığı həmçinin amerikalı vasitəçi Ceyms Uorlik orijinal formada bəyan edib. Özünün twitter səhifəsində o, Qarabağ münaqişəsinin həll perspektivi ilə bağlı yazıb: “Məsələ ondadır ki, Azərbaycan və Ermənistanın öz cəsarətli Avraam Linkolnu varmı? Avraam Linkoln (ABŞ-ın 16-cı prezidenti-red.) siyasətdən yuxarı qalxaraq və tariximizdə yeni səhifə açaraq, bizi müharibədən sülhə gətirdi. Azərbaycan və Ermənistanın öz Avraam Linkolnu varmı ki, barışıq və sülh gətirsin? Region xalqları dinc yanaşı, təhlükəsizlikdə və rifahda yaşamağa hazırdımı”.
İş də ondadır ki, Qarabağ məsələsi o məsələdən deyil ki, onun yoluna qoyulmasında linkolnlar lazım olsun. Problemin həlli üçün linkolnlar gərək deyil, beynəlxalq hüquq normalarını, BMT Təhlükəsizlik Şurasının, digər mötəbər beynəlxalq təşkilatların Qarabağa dair qətnamələrini yerinə yetirmək kifayətdir.
Bundan ötrü də yalnız ermənilərə bir Linkoln lazımdır ki, onların başına ağıl qoysun, işğalçılığın erməni xalqını hara apardığını ona anlatsın...
***
Hələliksə, Azərbaycan istənilən vasitə ilə öz ərazilərini geri qaytarmaq hüququnu əlində saxlayır. Bu yöndə təbii ki, ən böyük imkanlar Rusiyanın əlindədir. Rusiya isə...
“Rusiya Dağlıq Qarabağ məsələsi istiqamətində vasitəçilik missiyasını gücləndirib. Hazırda bu fonda belə məlumatlar sızmaqdadır ki, Moskva yeddi rayonun Azərbaycana qaytarılması üçün İrəvana təzyiqlər göstərsə də, İrəvanın müqavimətini sonadək sındıra bilməyib”. Bu sözləri axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli deyib.
Sabiq dövlət müşaviri qeyd edib ki, görünür, İrəvan məsələdə ciddi bazarlaşmaya, sövdələşməyə getmək istəyir: “Rusiyadan 200 milyon dollar kredit və əlavə kömək vədləri alması onu göstərir ki, yalandan da olsa, keçirdikləri təlimlərin əsas məqsədi heç də müharibə olacağı təqdirdə Azərbaycana qarşılıq verə biləcəkləri anlamına gəlmir. Hazırda Putinin Dağlıq Qarabağ probleminin həllinə dair yeni bir variant təklifində 7 rayonun geri qaytarılması başlıca yer tutur. Bu məqsədlə də ”biz heç nəyə razılıq verməmişik və döyüşə hazırıq" mesajları verilir. Sərkisyan çox yaxşı başa düşür ki, bir tərəfdən ölkəsi ağır vəziyyətdədir, digər tərəfdən isə Dağlıq Qarabağla bağlı danışıqlar Bakı və Moskva arasında daha da intensivdir. Ancaq Rusiyanın öz forpostunu Moskvaya dəvət edərək müəyyən təlimatlar verməsi Sərkisyanı sevindirmək əvəzinə, pis vəziyyətdə qoyub. Çünki onun hakimiyyətini uzatmağa çalışdığı anlar arxada qalacaq".
Q. Hüseynli hazırda proseslərin Azərbaycanın xeyrinə inkişaf etdiyini bildirib: “Dağlıq Qarabağ fonunda mübarizə həm diplomatik sferaya daxil olub, həm də döyüş fazasına keçib. Hazırda vəziyyət elədir ki, ermənilərin əlindəki bütün imkanlar yavaş-yavaş sona çatır. Aydındır ki, sonadək müqavimət göstərə bilməyəcəklər. Hər şey sürətlə xeyrimizə inkişaf edir. Cəbhədə gərginliyin artması ermənilərin son müqavimət çırpıntılarıdır”.
(musavat.com).