Pərviz Həşimli MTN-dən tükürpədən məktub göndərdi VİDEO

“MTN əməkdaşlarının hücumu zamanı yoldaşım uşağımızı itirib”

«Burada saxlanılan erməni əsirlərlə mənə heç bir fərq qoyulmur»

Pərviz Həşimli MTN-dən tükürpədən məktub göndərdi VİDEO
Həbsdə olan jurnalist və hüquq müdafiəçisi, hazırda Milli Təhlükəsizlik Nazirliyinin (MTN) istintaq təcridxanasında saxlanılan Pərviz Həşimli “Azadlıq”a məktub göndərib. Məktubu olduğu kimi dərc edirik:
“Mənə qarşı bu ittihamların saxta, qurama olduğunu yerli ictimaiyyətlə yanaşı, beynəlxalq ictimaiyyət də bilir. Bilirəm ki, həbsim üçün ölkə rəhbərliyindən siyasi razılıq da alıblar. Məni həbsdə saxlamaq, azad etmək nə məhkəmənin, nə prokurorun, nə də MTN-nin əlindədir. Amma onu da bilirəm ki, ”Pərviz Həşimlinin həbsi vacibdir" deyə ölkə rəhbərliyini inandıranlara “onu işgəncə altında saxlayın” deyilməyib. Məni həbs edənlərə o da deyilməyib ki, maskalanmış silahlılarınızı onun evinə hücuma yollayın. Mənzildə hamilə qadının və 5 yaşlı qız uşağının olduğunu bilə-bilə pəncərələri sındırıb, içəriyə daxil olub, silahla onlara dəhşətli, qorxunc anlar yaşadın da deyilməyib. 5 yaşlı körpənin “bizi öldürməyin” deyə fəryad etməsini də sizə deməyiblər. Məhz bu qorxunc hücumun nəticəsidir ki, həyat yoldaşım dünyaya gətirəcəyi övladımızı itirdi. Bunu da məni həbs edənlərə tapşırmışdılar? Onlara deyilibmi ki, onunla 5 yaşlı övladının görüşünə maneçilik törədin? Yaxud onlara deyilmişdimi ki, övladının bir fotosunu ona bir ay sonra verin?
Bu üç ayda yaşadığım sarsıntı, psixoloji durumun nəticəsində ürək ağrısı tapmışam. Dəfələrlə bayılmışam. Saçımın ağardığının şahidi oldum. Qanunvericiliklə müəyyən olunan bütün hüquqlarım tapdalanır. Həm Cinayət Prosessual Məcəlləsi, həm də “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin olunması haqqında” qanun mənə ailə üzvlərimlə görüşmək və telefonla danışmaq hüququ verir. Bu hüququm niyə tanınmır? Prokuror Alim Cəbrayılova dəfələrlə müraciət etmişəm. Amma heç bir nəticəsi yoxdur. Alim Cəbrayılov məndə Baş Prokurorluqdan daha çox MTN-nin əməkdaşı olması təəssüratı yaradır. Müstəntiq Elşən Murtuzov da onun kimi bu qanunsuzluqlara göz yumur. Öz vəzifə səlahiyyətlərindən istifadə edib bir insana qarşı bu qədər qanunsuzluq edərkən, qanunsuzluqlara göz yumarkən heç olmasa, insan olduğunuzu düşünün. Ən əsası bu dünyada müvəqqəti olduğumuzu düşünün. Axı insan üçün yüksək vəzifə, yüksək mövqe əbədi deyil...
Bu gün regionun lider dövləti olan Azərbaycan iddia edə bilməz ki, məhkəmə hüquq sistemində Gürcüstandan öndədir. Ivanişvili hökumətində Gürcüstanın baş prokuroru olan Arçıl Kbıaşvili bildirir ki, ölkəsində prokurorluq üçün repressiyadan liberallığa keçid dövrü olub. Qanunsuz həbslər aradan qaldırılıb, qeyri-qanuni tutulanlar azad edilib. “Xalqa göstərdik ki, ədalət satılmır”. Bunu Azərbaycan Prokurorluğuna aid etmək olarmı?
Insanın bir sıra hüquqları var ki, onları doğulduğu andan qazanır. Dövlətin də ixtiyarı yoxdur ki, insanın bu hüquqlarına toxunsun. Mənim sağlamlığım açıq təhdid altındadır. Bunun acı nəticəsini də yaşamaqdayam. Ona görə də tələb edirəm ki, məni 2000 məhbusun saxlanıldığı Bakı Istintaq Təcridxanasına köçürsünlər.
Mən Azərbaycan prezidenti cənab Ilham Əliyevdən xahiş edirəm, MTN-nin mənim hüquqlarıma etdiyi qəsdi dayandırmasına kömək olun. Azərbaycan torpaqlarını işğal edən erməni ordusunun burada saxlanılan əsirlərilə mənim aramda heç bir fərq yoxdur. Onlar da ailə üzvlərilə ünsiyyətə girə bilmir. Azərbaycan vətəndaşı olaraq, mənə də bu qadağandır. 3 aydan artıqdır ki, valideynlərimin nə səsini, nə də üzünü görüb, eşidə bilirəm".







Fikirlər