Milli Məclisin Komitə sədri Musa Quliyev onlayn brifinqdə - FOTOLAR
Parlament Jurnalistlər Birliyi (PJB) Milli Məclisin komitə sədrləri ilə onlayn görüşlərə start verib. Bu gün onlayn videoformatda təşkil edilən görüşün qonağı Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev olub. Komitə sədri koronavirus pandemiyası ilə bağlı səslənən suala cavab verib. Deputat heç də koronavirus pandemiyasına qarşı insanların hamısında inamsız olmadığını bildirib: “İnsanlarımızın böyük əksəriyyəti bu məsələni çox ciddi qəbul edir. Son 2 həftədə yoluxmaların sayı sürətlə artır. Görünür, insanlarımız bu artımların nəticəsində xəstəliyin real olduğuna daha çox inanır. Təəssüf ki, indi hər kəsin ətrafında, bəzilərinin ailələrində yoluxanlar var. Hesab edirəm ki, son 2 həftədə COVİD-19 pandemiyasına inanların sayı xeyli artıb. Əsas məsələ isə qorunma tədbiriəri ciddi riayət etməmizlə bağlıdır. Cənab Prezident bunun çox sadə formulunu verdi. Sosial məsafəni gözləyin, qapalı məkanlarda ,insanların çox olduğu yerlərdə maskadan və dizenfeksiyaedici vasitələrdən istifadə edin!. Təşəkkür edirəm ki, hər birinizin çalışdığı mətbuat orqanları maarifləndirmə sahəsində çox ciddi işlər aparır. Hesab edirəm ki, koronavirusla mübarizədə həkimlər və polislərlə yanaşı, mətbuat işçilərinin də xidməti qeyd olunmalıdır”. Musa Quliyev həmçinin İrəvanın tarixi Azərbaycan torpağı olması, bəzi icra başçılarının tariximizi təhrif etməsi və s. kimi məsələlərlə bağlı sualları da cavablandırıb: “2005-ci ildə çap olunan “Zəngəzur” kitabımın ön sözündə yazmışam ki, biz o torpaqlara qayıtmaq üçün bütün vasitələrdən istifadə etməli və mübarizəmizi aparmalıyıq. Hər bir azərbaycanlı bilməlidir ki, bizim davamız Qarabağ uğrundadır. Bu sahədə istənilən təşəbbüsü alqışlamalıyıq. O təşəbbüsləri cənab Prezident zaman-zaman bizə söyləyir və hansı addım atacağımızı da göstərir. İrəvan məsələsini Azərbaycan tarixində ilk dəfə cənab Prezident qaldırıb. 1918-ci ildə Azərbaycan Demokratik Cümhuriyyəti qurulan zaman ermənilərin öz dövlətlərinin paytaxtını yaratmaq üçün verilib. Məlumdur ki, o ərazi xoşuna verilməyib. Ancaq bu, o dövrdə verilmiş tarixi səhv qərardır. Biz bunu qeyd etməliyik. Bu səhv qərarı da düzəltməkdən ötrü bizim İrəvana dönməmiz lazımdır. Təbii ki, bu mərhələləli şəkildə addım-addım olacaq. Buna zaman lazımdır. Öncə Qarabağı və onun ətrafındakı rayonları azad etməli və addım-addım ora getməliyik”. Musa Quliyev jurnalistlərin Əmək və Sosial Siyasət Komitəsinin qanunvericilik sahəsində nəzərdə tutulan işləri ilə bağlı da sullara cavab verib: “Bizim komitənin əsas məqsədi qanunları müasir dövrün çağırışlarına uyğunlaşdırmaq və insanların sosial həyatını daha da yaxşılaşdırmaqdır. Komitənin İş planını nəzərdə tutarkən mövcud qanunların monitorinqinin aparılması, onların icra vəziyyətinin öyrənilməsi və gərəkirsə dəyişilik və əlavələr edilməsi ilə bağlı daha çox geniş müzakirələrə, dinləmələrə yer verilməli olduğunu düşünürəm”. /Modern.az