Gəncədə xəstəxanada dializ xəstələri koronavirusa yoluxanlarla bir palatada saxlanılır? (VİDEO)
Gəncə şəhərində hemodializ xəstələri koronavirus xəstələri ilə eyni palatada saxlanılır. Oxu.Az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım edilib, videogörüntülərin Gəncə şəhərindəki Abbas Səhhət adına 1 saylı Xəstəxananın Hemodializ şöbəsində çəkildiyi bildirilib. Vətəndaş iddia edir ki, həftənin cüt və tək günləri növbəli olaraq, ümumilikdə 250 nəfərə yaxın xəstə dializ alır: “Hər növbədə 20 xəstə olmaqla, iki dializ zalında 40 xəstə dializ proseduru keçir. Hemodializ xəstələri ilə eyni zalda dörd xəstənin qızdırması və öskürəyi var. Həmin xəstələrdə koronavirusa yoluxma şübhəsinin olmasına baxmayaraq, bizimlə bərabər dializ alırlar. Məsələ ilə bağlı şöbə müdirinə məlumat veririk, o isə bura gəlmir və heç bir tədbir görmür. Axşam saat 22:00-da, dializ xəstələri çıxdıqdan sonra bu zala koronavirus xəstələri salınır. Koronavirusla bağlı şübhəli xəstələr sağlam xəstələrlə eyni mühitdə ola bilməz. Bunu TƏBİB rəhbərliyi dəfələrlə öz çıxışlarında bildirib. Xəstəxanaya gediş-gəliş var, 250 xəstənin ailə üzvləri var. Biz yoluxsaq, onları da yoluxdurmuş olacağıq. Bu məsələnin ciddi araşdırılmasını istəyirik”. Vətəndaşın videoda səsləndirdiyi iddialara ətraflı cavab verilməsə də, TƏBİB-dən məsələyə münasibət bildirilib. Belə ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin (TƏBİB) mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyilənlərlə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq deyib ki, xəstəxana hər müalicə prosedurundan sonra dezinfeksiya edilir və yeni xəstələr qəbul olunur.