Bakıda həkimlər ağlaya-ağlaya danışır: "Dözə bilmirik, cavan adamlar gözümüzün önündə ölür" - VİDEO
İnfeksiyanın yenicə yayıldığı zamanlarda xarici ölkələrdə çalışan həkimlərin göz yaşlarına sosial şəbəkələrdə rastlaşdıqca, bəşər aləminin bu ağır imtahanına üzülürdük. Və onu da dərk edirdik ki, bu dəfə ellə gələn bəla toy-bayram olmayacaq.
Bu həkimlərin gözləri o vaxt güləcək ki, onlar döyüş meydanından qalib ayrılacaqlar. Neçə illərdir andlarına sadiq qalan, şəfa verdikləri xəstələri öz doğmaları sayan bu insanlar indi ölümün gözünə dik baxırlar. "Koronavirus yoxdur. Bu, sadəcə, bir oyundur" demək bəlkə də onlar üçün o zaman asan olardı ki, savaşın iştirakçısı yox, izləyicisi olsunlar.
Gecəsini gündüzünə qatan, qoruyucu geyimdə nə az-nə çox - düz 8 saat yemək yemədən, su içmədən mübarizə aparan tibb işçiləri insanlardan özlərini qorumağı xahiş edirlər.
Hər gün reanimasiyada ağır xəstələrlə çalışan, özü də COVİD-19-a yoluxaraq sağalan Kəmalə həkim APA TV vasitəsilə digər həmkarlarına səslənir, onların köməyinə ehtiyacları olduğunu bildirir: “Mən özüm də COVİD-19-a yoluxdum. Xəstə ola-ola insanlara yardım edirdim. İxtisaslı reanimatoloq həkimlərə ehtiyacımız var. Gücümüz tükənib. Həkimlərdən xahiş edirik ki, bizə kömək etsinlər”.
Bu kadrlar “Yeni klinika”da keçirdiyimiz bir saat ərzində gözlərimiz önündə canlanan hadisələrin sadəcə kiçik bir hissəsidir. Çalışdıq ki, görünməyən qəhrəmanların yaşadıqlarını və arzularını bir neçə kadrlıq da olsa, sizin gözləriniz önündə canlandıraq. Burada qalib olmaq üçün həkimlərin, sadəcə, bir ümidi və gözləntisi var: insanlar özlərini qoruyacaq və nəticədə bütün palatalar boş qalacaq, onlar da bu havasız geyimlərdən azad olub, sağlam və alnıaçıq şəkildə öz doğmalarına qovuşacaqlar.