İş adamının məhkəməsi başlayır – Tarix açıqlandı
Tovuz rayonunda sabiq məhkəmə sədrinin qətlində təqsirli bilinən Əli Şamıyevin məhkəməsinin vaxtı məlum olub. Gəncə Ağır Cinayətlər Məhkəməsindən verilən məlumata görə, cinayət işi araşdırılması üçün hakim Nural Əliyevin icraatına verilib. Məhkəmənin hazırlıq iclası iyulun 27-nə təyin edilib. İttihama görə, 13 sentyabr 2019-cu il tarixdə Tovuz rayon sakini Firuddin Ələkbərlinin bir neçə dəfə atəş açılaraq qəsdən öldürülməsi faktı üzrə Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 228.1-ci (qanunsuz olaraq odlu silah saxlama, daşıma və ya gəzdirmə) maddələri ilə cinayət işi başlanaraq Baş Prokurorluğun İstintaq idarəsində istintaq aparılıb. İstintaqla cinayətin Tovuz rayonu, Yanıqlı kənd sakini Əli Şamıyev tərəfindən qanunsuz olaraq üzərində gəzdirdiyi "Makarov" konstruksiyalı tapança ilə aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı törədilməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin həmin maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib. Cinayət işi üzrə müvafiq eksperizalar təyin edilib, məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, maddi sübutlar götürülüb və digər prosessual hərəkətlər yerinə yetirilib. Qeyd edək ki, Ə.Şəmiyev rayonda xeyriyyəçi kimi tanınmış iş adamıdır. Onun rayon ərazisində restoran, otel və bir neçə biznes obyektlərinin olduğu bildirilir. F.Ələkbərli isə Tovuz Rayon Xalq Məhkəməsinin (indiki Tovuz Rayon Məhkəməsinin) sabiq sədri olub. O, 1995-ci ildə fəaliyyətində qanunun kobudcasına pozulmasına görə vəzifədən azad edilib və xalq hakimi səlahiyyətindən vaxtından əvvəl məhrum olunub.