Qurban Məmmədov hakimə məktub yazdı

 Qurban Məmmədov hakimə məktub yazdıÖz şəxsi avtomobili ilə vətəndaşa xəsarət yetirməkdə ittiham olunaraq həbsə atılan vəkil, xalq hərəkatının öncül isimlərindən biri olan Qurban Məmmədov Nəsimi rayon məhkəməsinin hakimi Emin Mehdiyevə açıq məktub ünvanlayıb.

Təxminən bir qəzet səhifəsi həcmində olan məktubda Qurban Məmmədov özünü müdafiə etməkdən çox günahsız insanlara qanunsuz hökm çıxaran məhkəmələri, hakimləri köləyə çevirən hakimiyyəti, rejimin əsiri olan insanları ittiham edir.
Q.Məmmədov yazır: "Siz daha pis vəziyyətdəsiniz. Çünki siz ali savadlı hüquqşünassınız. Siz, bir çoxlarından fərqli olaraq, ətrafınızda baş verənləri görür, dərk edir və qanırsınız. Rəhmətlik Cəlil Məmmədquluzadə deyirdi ki, “böyük dərddir qanmaq”. Qanmadan, dərk etmədən, başa düşmədən və duymadan yaşamağa nə var ki – bunu da həyat göstərir".

Q.Məmmədov indi hakimiyyətdə olanların çoxunun vaxtilə müstəqilliyimizin əleyhinə səs verdiklərini qeyd edir: "Bəziləri elə həmin günlərdə imperiyanın paytaxtında, onun bayrağı və vətəndaşlığı altında firavan həyat sürür, kef çəkirdilər. Hətta bizə qarşı döyüşənlər, müstəqillik istəyənləri təqib edənlər, onlara qarşı cinayət işi qaldırıb təqib edənlər və onlara hökm oxuyanlar bu günədək öz vəzifələrində qalmaqdadırlar. Bunu bəlkə də çoxları başa düşə bilmir. Rəhmətlik Elçibəyi buna görə qınayanlar da var – axı həmin o 11 ayda bunların hamısını dəyişmək, indiki rejimin yalan dəyirmanının üyütdüyü ideoloji anti-təbliğatda deyildiyi kimi, “KamAZ şoferlərini onların yerinə qoymaq” imkanı var idi. Bu tamamilə mümkün idi. Ancaq Elçibəy bu milləti çox sevirdi və bütün tərəfdarlarını da bu sevgiyə yoluxdurub bizi tərk etdi".

Məhbus vəkil hakimə yazdığı məktubda öz işinə də toxunur: "Siz, şəxsən apardığınız və ya hakim yoldaşlarınızın apardıqları cinayət işlərində tez-tez şahid kimi iştirak edən yalançı şahidlərə “müəllim” – deyə müraciət edərək, guya ki, onları tanımırsınız, bu millətin ziyalılarının əleyhinə istifadə etməklə nə məqsəd güdürsünüz, kimə, hansı dövlətə qulluq edirsiniz? Bu millətin gəncliyinə qarşı apardığınız bu əsassız və amansız, qanunsuz və qəddar mübarizə ilə öz namusunuzu təhlükəyə atmağınızın fərqində deyilmisiniz?"

Qurban Məmmədov məktubunu aşağıdakı sözlərlə bitirir: "Oxudum hökmünüzü – mənə yazdığınız, məni məhkum etdiyiniz hökmü!
O cansız vərəqlərin arxasından insanabənzər bir canlı boylandı mənə - güclə tanıdım, o Siz idiniz. İlahi, nə gündəsiniz! Nə hala düşmüsünüz? Bu, vicdan əzabının nəticəsi olsa gərək! Demək ki, məhkəmədə prokuror Elçin Nağıyevə dediklərimi başa düşməmisiniz. Təəssüf, çox təəssüf!"






Fikirlər