AMİP liderinin neft biznesində payı var

Etibar Məmmədov biznesini gizlədir?
AMİP liderinin neft biznesində payı var
AMİP liderinin müsahibəsindən sonra onun barəsində maraqlı informasiya yayıldı

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) lideri Etibar Məmmədov publika.az saytına müsahibəsində hazırda heç bir işlə məşğul olmadığını və istirahət etdiyini bildirib. “Bəs hər hansı yerdən gəliriniz olur” sualına cavabında isə Etibar Məmmədov gəlirinin olmadığını deyib: “Xeyr, mənim gəlirim yoxdur, öz gəlirim arabir olur. Ancaq ailəmin və yaxınlarımın gəliri var. İndi elə böyük gəlirə də ehtiyacım yoxdur”.

E. Məmmədovun müsahibəsindən sonra dünən redaksiyamıza özünü sadə vətəndaş kimi tədim edən iki nəfər zəng edib. Həmin şəxslər AMİP liderinin dediklərinin səmimi olmadığını bildiriblər. Onların dediyinə görə, E. Məmmədovun tikinti biznesi var. Bir neçə il öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin yaxınlığında 22 mərtəbəli binanı AMİP liderinin inşa etdirdiyini söyləyən şəxslərdən biri yaxın qohumunun binanın tikintisində mühəndis işlədiyini də sözünə əlavə edib: “Bizneslə məşğul olmaq ayıb və cinayət deyil. Etibar Məmmədovun biznes fəaliyyəti ilə məşğul olmasına etirazımız ola bilməz. Allah işini avand etsin. Bizim etirazımız ölkədə kifayər qədər tanınan, vaxtıilə prezident olmaq istəyən bir şəxsin müsahibəsində səmimi olmamasına, xalqdan bəzi məsələləri gizlətməsinədir. Etibar müəllim desəydi ki, gəlirim var, xeyli vaxtdır biznes fəaliyyəti ilə məşğulam, səmimiliyinə görə ona hörmətimiz artardı”.

Qeyd edək ki, AMİP 1990-cı illərin əvvəllərində-Etibar Məmmədovun sədrliyi dönəmində maddi imkanları ən yaxşı partiyalardan biri kimi tanınıb. E.Məmmədov sədrlikdən və siyasətdən getdikdən sonra onun biznes fəaliyyəti ilə məşğul olduğu haqda son illərdə mediada informasiyalar yayılıb.

Məsələn, 2011-ci ildə E.Məmmədovun Böyük Britaniyada biznes qurması ilə bağlı mediada xəbərlər verilmişdi. AMİP lideri isə “Turan”a açıqlama verərək xəbəri təkzib etmişdi.

2012-ci ildə isə AMİP liderinin tanınmış iş adamı Hafiz Məmmədovla müştərək biznesinin olduğu xəbəri yayılmışdı. Xəbərdə deyilirdi ki, Hafiz Məmmədovun prezidenti olduğu “Bağlan Group”a daxil olan “AzTransPetrol” şirkəti neft daşımaları ilə məşğuldur və Etibar Məmmədovun payı da bu şirkət vasitəsilə tənzimlənir. Nəqliyyat naziri Ziya Məmədovun xüsusi razılığı ilə Hafiz Məmmədovun biznesində E.Məmmədova pay ayrılıb. Bu barədə “Yeni Müsavat”da da yazı dərc edilmişdi.

2013-cü ilin 21 fevralında isə “Unikal” qəzeti E.Məmmədovun baş nazirin sabiq birinci müavini Abbas Abbasovla yaxın dostluğu və bu dostluğun Dağıstanda şərikli biznes şəbəkəsinin yaranmasına gətirib çıxardığı haqda informasiya dərc edilib.

AMİP Mərkəzi Şurasının üzvü, E.Məmmədovun yaxın adamı Əli Orucov isə “Yeni Müsavat”a açıqlamasında milli istiqlalçıların liderinin bizneslə məşğul olması barədə deyilənlərə belə münasibət bildirdi: “Əvvəla, bizneslə məşğul olmaq qəbahət iş sayılmır. Bu, hər bir şəxsin hüququdur. Amma müsahibəsindən də göründüyü kimi, Etibar Məmmədov çox konkret və səmimi şəkildə cavab verib. Əlavə nə isə şərh verməyə ehitiyac görmürəm. Sadəcə, onu demək istəyirəm ki, zaman-zaman kimlərsə guya Etibar bəyin hansısa biznesi olduğu barədə fikirləri atırlar ortaya. Bunu məqsədli şəkildə edirlər. Bunlar hamısı yalandır. Biznesi olsaydı Etibar Məmmədov heç kimdən çəkinən adam deyil, deyərdi ki, filan işlə məşğulam”.

Fürsətdən istifadə edib Ə. Orucova vaxtilə maddi imkanı yaxşı olan, kapitala malik bir sıra iş adamlarının üzv olduğu AMİP-in maddi durumunun hazırda necə olduğu barədə sual ünvanladıq. Ə.Orucov bildirdi ki, partiyanın maddi durumu heç də yaxşı deyil: “1990-cı illərin ortalarında fərqli vəziyyət idi. O zamanlar müəyyən iş adamları simpatiya bəslədikləri partiyalara dəstək verə bilirdilər, hətta üzv olmaqdan çəkinmirdilər. Çünki buna görə onların biznesinə, azadlıqlarına indiki kimi böyük təhlükələr yox idi. İndi isə elə sistem formalaşıb ki, müxalif siyasi partiyalara maliyyə dəstəyi verməkdən çəkinirlər. Belə vəziyyət isə bütün aparıcı partiyaların durumuna mənfi təsir edib. Artıq AMİP-in heç qərargahı da yoxdur. Bizim mərkəzi qərargahımız əlimizdən alındı və əvəzində başqa bir qərargah verilmədi”.






Fikirlər