400 NƏFƏRLİK ERMƏNİ TABORU MƏHV EDİLDİ! - Komandir də daxil olmaqla, daha 4 erməni zabiti öldürüldü! (Yenilənib)
Cəbrayıl istiqamətində gedən döyüş əməliyyatları zamanı Azərbaycan Ordusu tərəfindən görülən tədbirlər nəticəsində Ermənistan silahlı qüvvələrinin 556-cı alayının taboru məhv edilib. Bu barədə Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat Xidmətindən bildirilib. Təqribən 400 nəfər müqaviləli hərbi qulluqçudan ibarət taborun şəxsi heyətinin əksəriyyəti sıradan çıxarılıb. Hərbi hissə yenidən komplektləşdirilməsi üçün Ermənistanın Ararat şəhərinə qayıdıb. Məlum olub ki, alay komandiri qalan şəxsi heyəti yenidən döyüşə göndərməkdən imtina etdiyinə görə tutduğu vəzifədən azad olunub. Döyüşə getməkdən imtina etdikləri üçün hərbi qulluqçuların çoxu cinayət məsuliyyətinə cəlb olunub. Azərbaycan Ordusunun torpaqların işğaldan azad edilməsi istiqamətində apardığı əks-hücum əməliyyatı nəticəsində Ermənistan silahlı qüvvələrinin yüksək rütbəli və vəzifəli zabitləri məhv edilib. “Report” “Novosti Armeniya” istinadən xəbər verir ki, məlumatı Ermənistanın müdafiə nazirliyi yayıb. Açıqlamaya əsasən, məhv edilən zabitlər bunlardır: hərbi hissə komandiri, polkovnik Vyaçeslav Valeri Voskovski, hərbi hissə komandirinin müavini, polkovnik-leytenant Vaaqan Aramoviç Tumasyan, kapitan Zoqrab Qraçikoviç Koçaryan, baş leytenant Çolak Samveloviç Xaçatryan. Müdafiə Nazirliyi məlumatına görə, oktyabrın 20-i gün ərzində və 21-ə keçən gecə cəbhədə döyüşlərdə düşmənin üç ədəd artilleriya qurğusu, bir necə minaatan, şəxsi heyətlə birlikdə üç ədəd yük avtomobili sıradan çıxarılıb. Bildirilib ki, qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.