Məlum olduğu kimi, Vətən Müharibəsində həlak olmuş 17 hərbi qulluqçunun ailə üzvləri bir neçə gündür ki, etiraz edirlər. Valideynlər şəhid övladlarının digər şəhidlərlə birlikdə ikinci Şəhidlər Xiyabanında dəfn edilməsini tələb edirlər.
Şəhidlərə qarşı bu cür laqeydlik ölkə ictimaiyyətində və sosial şəbəkələrdə də birmənalı qarşılanmayıb. Böyük əksəriyyət Vətən uğrunda canını fəda etmiş hərbçilərə qarşı bu davranışı doğru hesab etmir. Bu məsələdə Müdafiə Nazirliyi günahkar hesab edilir.
Ölkədəki tanınmış simalardan bəzilərinin sözügedən məsələyə münasibətini təqdim edirik:
Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu: “O Ana o övladını düşmən gülləsindən qoruya bilməyib. Dağlarda soyuqdan-qardan qoruya bilməyib. İndi məzarını basmış sudan qorumaq istəyir. "Şəhid məzarı sökülməz" deyirik, o məzar nədi ki? Daşdı, mərmərdi... O Ana o məzardakı cansız bədənlə bərabər, içindəki analıq sevgisini, borcunu qorumaq, xilas etmək istəyir. Doğrudanmı bir nəfər yoxdur ki, çıxıb ona asan bir yol göstərsin? Doğrudanmı belə bir yanlış qərarı vermiş cavabdeh şəxsi cəzalandırmaq bu qədər çətindir? Bu gün öyündüyümüz o Qələbəni də, müharibə günlərində qənimət saydığımız o milli birliyi də o balaların hesabına qazanmışıq axı! Övladlarımızı qurban verib, özümüzə qürur yeri qazanmışıq, ona qəsd eləməyin heç olmasa...”
Qarabağ qazisi, “Qarabağ qaziləri” ictimai birliyinin mətbuat xidmətinin rəhbəri Rey Kərimoğlu: “Şəhid ailələri dünən bütün günü həmin ərazidə olsalar da Yasamal rayonu icra hakimiyyətinin nümayəndələrindən başqa heç bir rəsmi qurum nümayəndəsi oraya gəlməyi “şəninə sığışdırmayıb” və heç bir dövlət rəsmisi bununla maraqlanmayıb. Qaradağ Rayon İcra Hakimiyyəti isə məsələyə tamamilə biganədir.
Bununla bağlı Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevə qazilər adından müraciət etmişəm. 44 günlük müharibədə xalqın sevgisini qazanmış Hikmət Hacıyevdən məzarlarını su basmış şəhid ailələrinə baş çəkməyi gözləyirik. Şəhid ailələri onu eşidər. Birbaşa məzarlığa gedər, inşallah, biz tanıdığımız Hikmət Hacıyev! Qazilərimiz adından xahiş edirik: Hikmət müəllim, müdaxilə edin”.
Mətbuat Şurası sədrinin müavini və Jurnalistlərin Həmkarlar İttifaqının sədri Müşfiq Ələsgərli: “Şəhid ailələri ilə bağlı istənilən məsələ, motivindən asılı olmayaraq, həssaslıqla qarşılanmalıdır. Qaradağ rayonu ərazisində şəhidlərin dəfn edildikləri ərazilərlə bağlı şəhid ailələrinin narazılıqları da bu qəbildəndir, hətta daha həssas məsələdir. Şəhidlərin yeri ürəyimizdədir, qəlbimizdədir, başımızın üzərindədir. Dövlət qurumları da məsələyə eyni kontekstdən yanaşmalıdırlar. Dövlət rəhbərinin - Prezidentin, Birinci Vitse-Prezidentin sərgilədikləri münasibət də onu göstərir ki, Şəhidlərə olan münasibət dövlətdə ən üst səviyyədədir, birmənalıdır. Yaxın tarixdə şəhidlərlə bağlı ortaya çıxan elə bir məsələ yoxdur ki, diqqət ayrılmasın, həlli üçün ən qısa zamanda sərəncam verilməsin. Yenə də elə olacaq. Hətta indi açıqlanan məlumatlardan bəlli olur ki, Qaradağ rayonundakı ailələr öz narazılıqlarını ifadə etmədən öncə məsələ rəsmi qurumların diqqətini çəkib. Şəhidlərin dəfn edildikləri o müqəddəs məkanın abadlaşdırılması üçün plan qurulub, eskizlər hazırlanıb”.
“Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı: “Şəhid ailələrini dinləmək, istəklərini bacardıqca yerinə yetirmək, arzularını həyata keçirmək, onların kövrək qəlbinə toxunmamaq hamımızın birinci işimiz, vəzifəmiz olmalıdır. Dövlətin şəhid ailələri, qazilərlə bağlı proqramı var və davamlı həyata keçirilir. Amma və lakin... Sosial mediada bir neçə gündür ki, Qaradağda baxımsız yol kənarında dəfn olunan şəhidlərin valideynlərinin incik dolu mesajları yayımlanır, övladlarının məzarlarının dar məkandan 2-ci Fəxri Xiyabana köçürülməsini istəyirlər. Hətta iş o yerdədir ki, Qaradağ şəhidlərinin bir neçəsinin 2-ci Fəxri Xiyabanda dəfni yazılsa da buna əməl olunmayıb. Dekabrın 29-da redaksiya əməkdaşları ilə 2-ci Fəxri Xiyabanda uyuyan şəhidlərimizi ziyarət edəndə gördük ki, orada xeyli boş ərazi, qazılmış məzarlar var. Olmazmı 20-yə yaxın məzar ora köçürülsün, şəhid ailələri də inciməsin, rahatlıq tapsın?”
Mətbuat Şurasının İdarə Heyətinin üzvü, siyasi şərhçi Azər Həsrət: “Bu gün sosial mediada Qaradağ rayonu ərazisində şəhid qəbirlərinin öz yaxınları tərəfindən dağıdılması xəbəri tirajlandı. Çox ağır və acı mövzudur. Əlbəttə ki, Azərbaycan dövləti bu cür məsələlərdə çox həssasdır. Elə cəmiyyətimiz də. Ona görə də bilən-bilməyən məsələ haqqında danışır, ictimai rəyi qızışdırır və dövlətin şəhidlərə sayğısız davrandığını iddia edir. Əslində isə elə deyil. Həmin məkanın abadlaşdırılması, daha uyğun bir şəkildə qurulması üçün eskizlər də hazırdır. Yəni iddia edildiyi kimi hörmətsiz bir məkan deyil ora. Dövlət də oranın elə olmasına izn verməz. Elə biz də izn vermərik. Ümumiyyətlə, qəbirləri dağıtmaq, bu cür hərəkətlərə yol vermək də düzgün deyil. Ola bilər, bu olaydan öncə şəhid yaxınları məmurlara da müraciət edib və yəqin ki, onları razı salacaq cavab ala bilməyib. Araşdırılmalıdır. Lakin istənilən halda bilinməlidir ki, dövlət şəhidlərə və onların yaxınlarına ən yüksək səviyyədə sayğılıdır. Bu, şəxsən Prezident İlham Əliyevin iradəsidir. Ona görə də çalışıb belə məsələləri soyuq başla həll etmək lazım. Bir də buna məsul məmurların uyğun davranış sərgiləməsinə gərək var. Buraya o müqəddəs məkanın necə olacağını göstərən eskizi də əlavə edirik. Səbrli olaq lütfən. Şəhidlərin ruhunu rahatsız etməyək. Hər kəs işinə məsuliyyətli yanaşsın ki, narazılıq da olmasın”.
Jurnalist Əzizə İsmayılova: “İki gündür izləyirəm və gözləyirəm. Bəlkə aidiyyəti qurumlar çıxıb hər hansısa bir açıqlama verər, izah verər və nəhayətdə anlayarıq ki, əslində nə baş verir və ortadakı mənzərənin günahkarı kimdir və yaxud necə olub ki, belə bir mənzərə yaranıb? Amma baxıram ki, bekara gözləyirəm, nə qədər ki susublar qoy suallarımı mən də verim. Ona görə də deməsəm olmaz.
Bütün sosial şəbəkələr silkələnir. Şəhid övladlarının qəbrini su basan valideynlər etiraz edirlər.
Niyə? Ona görə ki, övladlarının köhnə zibilxana və bataqlıq yerdə dəfn edilməsi ilə barışmırlar, onların nəşinin şəhidlər xiyabanına köçürülməsini istəyirlər. 17 şəhid ailəsinin hətta gecəni məzarlıqda keçirdikləri deyilir...
Susan qurumların susmaq bilməyən trolları hər vəchlə iddia edirlər ki, "köhnə zibilxana və bataqlıq yer" deyil, orada çox gözəl Xiyaban salınacaq, güllük gülüstanlıq olacaq və s. Bir sözlə, onlar hər şeyi görür, biz koruq ... Mənim gözüm "-6"-dır deyə mübahisə etmirəm, bəs başqaları necə? Hamı kor ola bilməz axı.
Bütün sosial aləm qaynayır, bircə aidiyyəti qurumlar ağızlarına su alıb oturublar. Sanki nə onlar bu ölkədə deyillər, nə də heç nədən xəbərləri yoxdur.
Biri çıxır deyir, "təxribatdır", o biri çıxır deyir "özləri istəklərinə çatmaq üçün belə ediblər", "biri deyir, qəbirləri dağıtmağa cəhd etməklə təxribat yaradırlar" və s və ilaxır.. Bircə nəfər çıxıb demir ki, qrunt suları bu qəbirlərə necə dolub?!
Bir milyon müxtəlif fikir var... Qaynaşma, əsəb, stress, qışqırıq, gərginlik... Amma zati möhtərəm bütün aidiyyəti qurumlar susur. Heç olmasa icra hakimiyyəti səviyyəsində də demirəm, qəbristanlıq rəhbərliyi səviyyəsində belə çıxıb kimsə bir açıqlama vermir ki, adam bilsin ki, məsələnin kökü nədir.
Varsa, hansısa rəsmi bir münasibət, açıqlama və ya izah paylaşın agah olaq.
Bir şəkil də yayılıb və deyirlər ki, guya o ərazinin Şəhidlər Xiyabanı olacağı ölçülüb, biçilib, planı filan hazırlanıb, amma demirlər ki, kim hazırlayıb, hansı qurumun layihəsidir, qəbirlərə dolan qrunt sularının axırı necə olacaq?
Bu insanlar daha neynəməlidirlər ki, MN başda olmaqla, hansısa aidiyyəti qurum çıxıb rəsmi bir açıqlama versin? Ola bilər MN-yi bu məsələdə birbaşa cavabdeh qurum deyil amma söhbət onun əsgərinin məzarından gedir axı. Onun əmrinə əsasən həyatından keçən 17 əsgər məzarı ətrafında bu boyda qarışıqlıq heçmi narahat etmir qurumu? Düşünmürlərmi bu durum hazırda xidmətdə olanlara, qazilərə necə ağır psixoloji zərbə vurur? Susmaqla nə dəyişəcək?
Bu qədər qurumların içində bu 17 ailə başçısını başına yığıb məsələnin həlli variantını təklif edə biləcək, məsələnin həlli üçün dil tapacaq bir nəfər adam yoxdur? Əgər bunu edən olubsa, niyə heç kimin heç nədən xəbəri yoxdur?
Qardaş, istəyirlər Şəhidlər Xiyabanında dəfn edilsinlər, edin də. Kimin üçündür o Xiyaban, şəhidlər üçün deyil?
Niyə yenə polislə vətəndaşı üz-üzə qoyursunuz, niyə polisin anasını-bacısını söydürürsünüz? Polisə əmr verməklə düzəlir bu iş? Siz razı olarsınızmı qohumunuzun məzarı bu vəziyyətdə olsun?”
İctimai fəal Bəxtiyar Hacıyev: “Azı bir həftədir ki, bir qrup şəhid anası yolları bağlayır, övladlarının məzarları üstündə ağlayır, üsyan edirlər ki, övladlarının məzarları sular içində qalıb, onlar yüksək hörmətlə və ehtiramla, layiq olduqları yerlərdə dəfn edilməlidirlər. Niyə reaksiya vermirsiniz, şəhid anaları niyə hələ də ağlayırlar?
Onlar minlərlə kvadrat kilometrlik ərazini düşmən işğalından xilas etdilər, canlarını qurban verdilər. İndi onlara bir neçə kvadrat metrlik məzarı çox görürsünüz?”