Şəhid ailələri: "Övladlarımızın məzarları suyun içərisində qalıb, bunu şəhidlərə rəva görənlərin..."
Bu gün bir qrup Vətən Müharibəsi şəhidinin ailəsi Qaradağ rayonunda şəhidlərin yol kənarında dəfn olunmasına etiraz etmək üçün sözügedən məzarlıqda aksiya keçiriblər.
Şəhid ailələri İcra Hakimiyyəti və Müdafiə Nazirliyi rəsmilərinin xiyabanın yerləşdiyi əraziyə gəlmələrini tələb ediblər. Əraziyə polis əməkdaşları və İcra Hakimiyyəti nümayəndələri gəlib. Şəhid ailələri şəhidlər arasında niyə ayrı-seçkilik edildiyinin, niyə Fəxri xiyabanda dəfn edilməmələrinin səbəblərini soruşublar. Ancaq gələn rəsmilərdən heç kim sualları cavablandırmayıb. Etiraz edən ailələr övladlarının yol kənarından digər şəhidlərin dəfn edildiyi Fəxri xiyabana köçürülmələrini tələb ediblər. Onlar sözügedən ərazilərdə aparılan abadlıq işlərinə də imkan verməyəcəklərini bildiriblər: "Bizim övladlarımızın məzarları suyun içərisində qalıb, bunu şəhidlərə rəva görənlərin özlərinə belə bir yer qismət olsun". Yeniavaz.com