“Çingiz Qarabağ savaşında və ondan əvvəl də Qafqazda gedən müxtəlif münaqişəli bölgələrdə daim odun içində olmuş adamdı. Məhz onun qəhrəmanlığı sayəsində əlimizdə Xocalı faciəsinin görüntüləri var”
Bunu Moderator.az-a açıqlamasında Xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı Milli Qəhrəman Çingiz Mustafayev haqqında danışarkən deyib:
“Çingiz Mustafayev bizim jurnalistika tariximizdə daimi qalacaq. O, müasir Azərbaycanın həyatında xüsusi rol oynamış bir insandı. Qarabağ savaşında və ondan əvvəl də Qafqazda gedən müxtəlif münaqişəli bölgələrdə daim odun içində olmuş adamdı. Məhz onun qəhrəmanlığı sayəsində əlimizdə Xocalı faciəsinin görüntüləri var. Çingiz çox gözəl bir insan idi. Onunla dost idik və yadımdadır ki, Xocalıdan hamıya məlum olan görüntüləri gətirəndə Milli Məclisdə onu göstərmək istəmirdilər. Gizlədib deyirdilər ki, orda cəmi iki adam ölüb. Onda Çingiz məndən xahiş edib dedi ki, onu hökmən göstərsinlər. Mən 4-5 dəfə təkid etdim və nəhayət o kadrlar göstərildi. Bundan sonra bütün gedişat, münasibət elə bil ki, dəyişildi. Çingiz Azərbaycanın sevdalısı idi və bu azadlıq yolunda da şəhid oldu. İnsan kimi də son dərəcə səmimi, gözəl, ətrafa müsbət enerji saçan bir adam idi”.
Qeyd edək ki, bu gün jurnalist, Milli Qəhrəman Çingiz Mustafayevin şəhid olduğu gündür.
Fikirlər