ŞƏHİD övladıyla bağlı QALMAQAL: “Üstümə bıçaq çəkdilər...“
Müharibə özünün acı nəticələrini hələ də göstərməyə davam edir. Sipər olan vücudlar, torpağa tapşırılan canlar və sönən ocaqlar ortaya altında dursaq, qəddimizin əyiləcəyi dağ boyda yük çıxarıb. Elə buna görə də həmin ocaqların bəzilərində düşən lüzumsuz davalar səngimək bilmir. Bu gün problemlərin məngənəsində çabalayanlardan biri də İkinci Qarabağ müharibəsi şəhidimiz Azər Şükürovun həyat yoldaşı Xanım Sədətquliyevadır. Onun düşdüyü çətin durum haqqında Yenisabah.az-a anası Vəfa Sədətquliyeva danışıb. Həmsöhbətimiz qızının 5 aydır övladlarının üzünü görmədiyini, buna onun qayınanasıgilin maneə yaratdığını vurğulayıb: “Biz əslən Cəbrayıldanıq, amma Beyləqan rayonunun I Şahsevən kəndində yaşayırıq. Qızım Sədətquliyeva Xanım Yasif qızının yoldaşı müharibədə şəhid olub. Ondan sonra qızım altı ay yoldaşının ailəsi ilə yaşadı, daha sonra qayınatası ona problemlər yaratmağa başladı, ən sonda da üstünə bıçaq çıxarıb hədə-qorxu gəldi, baldızı boşanıb evə qayıtdı və o da Xanımı incitməyə başladı, yəni ailəvi problemləri çox oldu. Mən də məcbur qalıb martın 21-də qızımı evimə gətirdim. Mən anayam, onun atası da yoxdur, tək böyütmüşəm, üstünə bıçaq çəkilməsinə dözə bilmədim. Qızımı gətirməyə gedəndə nəvələrim də ordaydı, çöldə bizi gözləyirdilər, biz içərdə onların paltarlarını yığanda Xanımın baldızı çöldən uşaqları oğurlayıb aparıb. Nə qədər axtardıq, tapa bilmədik". Vəfa xanım qeyd edib ki, uşaqları almaq üçün qızının qayınatası Şükürov Cahid Yanvar oğlu və qayınanası Şükürova Fatı Pənah qızı ilə danışsa da, heç bir nəticə əldə edə bilməyib: “İstədim ki, uşaqları versinlər, münasibətlər normal bitsin, amma elə şərait yaratdılar ki, xoş ayrılmaq mümkün olmadı. Qayınanası dedi ki, özümü benzin töküb yandıraram, amma sizə uşaq vermərəm. Guya mənim qızım təzədən ərə gedəcək, ona görə onları evimə gətirirəm. Öz səhvlərini boynuna almırlar. Axırda kor-peşman qızımı götürüb evə gəldim, yolda 102-yə zəng edib hadisə barədə məlumat verdim. Polislər məsələyə baxmadılar, “Şəhid ailəsidi, biz qorxuruq”,-dedilər. Biz də bir müddət gözləyib martın 30-da Beyləqanda məhkəməyə müraciət etdik ki, bəlkə, məhkəmə yolu ilə uşaqları almağımız mümkün olar. Orda da get-gələ düşdük, qətnamə çıxdı ki, uşaq anaya verilməlidir, bizə bu barədə kağız verdilər, biz də ordan icraçıya getdik, amma necə oldusa, iş pozuldu, bilmirəm onlara pulmu vermişdilər, nə olmuşdu, uşaqları qızıma vermədilər. Qayınana hay-küy saldı ki, ona qərar gəlib çatmayıb, buna görə də Apellyasiya Məhkəməsinə müraciət edəcək”. Vəfa Sədətquliyevanın sözlərinə görə, bu gün əllərində rəsmi sənəd olduğu halda, qızı övladlarının üzünə həsrətdir: “Halbuki bizim əlimizdə sübut var, sadəcə övladımın adına söz çıxarırlar, ləkə vururlar, guya mənim qızım əxlaqsızlıqla məşğuldur və s. Amma övladım mənim yanımdadır, bilirəm necə biridir. Mən hazıram, lazımdırsa, birlikdə həkimə də gedib onu yoxlada bilərik, Fatının oğlundan başqa heç kimin mənim qızıma əli dəyməyib, əksini sübut edə bilməzlər. Qızım yoldaşının yasını saxlayır, amma onlar buna məhəl qoymadan şər atırlar. İndi də Apellyasiya Məhkəməsinə müraciət ediblər, oranın qərarının nə olacağını da bilmirik. Övladım uşaqlarına görə küçələrdə qalıb, getmədiyi dövlət orqanı qalmayıb, hər yerə müraciət etmişik, amma övladlarını ona göstərmirlər. Bu məsələnin diqqətdə saxlanılmasını xahiş edirik”.