BALAKƏN və ZAQATALAda evləri SEL basdı: 25 ailə təxliyə edilib, qaz, işıq və su kəsildi - YENİLƏNDİ
Dünən gün gecə saatlarından başlayaraq respublikanın şimal-qərb bölgəsinə yağan intensiv yağışlar nəticəsində bir sıra dağ çaylarında sululuğun artması, qısamüddətli sel və daşqın müşahidə olunub, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb. Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, bu gün saat 18:30 radələrində Balakən rayonunda davam edən yağış nəticəsində rayon ərazisindən keçən Balakən çayı məcrasından çıxdığı üçün çay sahilində yerləşən Salban yaşayış məntəqəsində 118 ailədən (450 nəfər) 25 ailənin (80 nəfər) təxliyə edilməsi zərurəti yaranıb. Fövqəladə Hallar Nazirliyinin qüvvələri, o cümlədən Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti, Aviasiya dəstəsi və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri tərəfindən su basmış ərazilərdə zəruri tədbirlər görülür və vəziyyət nəzarət altındadır. Bundan əlavə, Zaqatala və Balakən rayonlarının bir sıra yaşayış məntəqələrində selin vurduğu zərər nəticəsində qaz, elektrik və su təchizatında problemlər yaranıb. Qaz, su və elektrik təchizatının bərpa edilməsi, həmçinin kənara çıxan su axınının məcrasına qaytarılması üçün FHN və digər aidiyyəti qurumların texnikaları və şəxsi heyəti ərazidə fəaliyyətini davam etdirir. *** 14:32 23 sentyabr 2021-ci il tarixində gecə saatlarından başlayaraq Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Balakən və Zaqatala rayonlarının sakinlərindən küləklə müşayiət olunan intensiv yağışların yağması və yaranan fəsadların aradan qaldırılması ilə əlaqədar müraciətlər daxil olub. Qəbul edilmiş müraciətlərlə əlaqədar olaraq, ilk növbədə, Fövqəladə Hallar Nazirliyi tərəfindən əməliyyat şəraitinin qiymətləndirilməsi aparılıb. Müəyyən olunub ki, intensiv yağan yağışlar nəticəsində Balakən, Katex, Mazım, Muxax və Tala çaylarında sululuq artıb, qısamüddətli daşqın və sel yaranıb, Balakən və Zaqatala rayonlarının bir neçə yaşayış məntəqəsində bəzi fərdi evlər, həyətyanı və əkin sahələri, digər obyektlər və onların ətrafı subasmaya məruz qalıb. Yağıntıların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvələri, o cümlədən Aviasiya dəstəsinə məxsus helikopter yerli icra hakimiyyəti orqanlarının nümayəndələri ilə birgə xilasetmə, suçəkmə və digər təxirəsalınmaz təcili tədbirlərin həyata keçirilməsinə cəlb olunub. Əlavə məlumat veriləcək.