Həbsdəki jurnalistin atası prezidentə müraciət etdi
Pərviz Həşimlini bu gün azadlığa buraxa bilərlərmi? 8 il azadlıqdan məhrum edilən jurnalist Pərviz Həşimlinin atası Kamran Həşimli prezident İlham Əliyevə müraciət edib. Müraciətdə bildirilir: “Pərviz Həşimli 2013-cü ilin 17 sentyabrında məhz bu gün adları cəmiyyətdə qarğış və lənətlə qarşılanan bir çox yüksək çinli MTN generalları, xüsusən də MTN Antiterror Mərkəzinin rəis müavini İlqar Əliyev tərəfindən tamamilə qanunsuz ittihamlarla həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edildi. Onu şərləyərək həbs edənlər qondarma istintaqda açıq şəkildə oğluma demişdilər ki, ölkənin yiyələri bizik və bizim bir sözümüzü iki edən ya həbsdə, ya o dünyada, ya da canını qurtarmağa nail olanlar mühacirətdədir. Ona görə də yaşamaq istəyirsənsə, ailənin, azyaşlı övladının başına bir iş gəlməsini istəmirsənsə yazdıqlarımıza imza atmalısan və buna görə də hətta sənə 1 milyon dollar pul da verməyə söz veririk. Təbii ki, onlar bu pulu öz ciblərindən deyil, şərləmək istədikləri yüksək çinli vəzifəli şəxslərdən ala biləcəklərini zənn edirdilər. Amma Pərviz Həşimli onların bu yaramaz sövdələşmə təklifinə boyun əyməyərək mərdi-mərdanə ona verilən işgəncələrə sinə gərdi. Təbii ki, edilən şərəfsiz təkliflərlə razılaşmaması ona baha oturdu, ağır cinayətdə ittiham edilərək uzunmüddətli həbs cəzası aldı, ailəsi və azyaşlı övladı sözlə ifadə edilməsi mümkünsüz sarsıntılardan və məhrumiyyətlərdən keçməli oldular. Amma Allah belə bir zülmü yerdə qoya bilməzdi və çox şükürlər olsun ki, cəmi iki ildən sonra MTN-də general poqonlu adamların misli görünməmiş cinayətləri ifşa olundu. Bu bizə əzab və eyni zamanda rahatlıq verdi ki, oğlumuzun günahsız olduğunu hər kəs bilsin”. Kamran Həsənli 2 il əvvəl keçirdiyi mətbuat konfransını xatırlayaraq qeyd edir ki, o vaxtkı nazir Eldar Mahmudova bildirib ki, ömrünü gənc nəslin tərbiyəsinə həsr etmiş pedaqoq olduğu üçün ailəsində silah qaçaqmalçısı ola bilməz: “Eyni zamanda onu da bildirmişdim ki, əgər terrorçu, silah qaçaqmalçısı tapmaq istəyirsənsə, ətrafına bax və əgər yoxlanılsa, sənin yanındakıların elə terrorçu olduğu üzə çıxar. Allahıma min dəfə minnətdaram ki, dediklərim doğru çıxdı və Eldar Mahmudov tərəfinizdən cəzalandırıldı. Ümid edirəm ki, bu hələ son deyil və millətə divan tutan belə bir qurumun rəhbəri daha ağır cəzaya məhkum edilməlidir”(moderator.az). P.Həşimlinin həyat yoldaşı İlahə Rüstəmova musavat.com-a açıqlamasında bildirdi ki, Pərvizlə telefonla danışanda bu məsələ barədə də müzakirə aparıblar. Müsahibimizin sözlərinə görə, ailə olaraq növbəti məhkəmə instansiyasında obyektiv qərarın çıxarılacağına ümid edirlər: “Əgər obyektiv məhkəmə keçsə, Pərvizə bəraət verilər. Çünki İlqar Əliyevin Pərvizə şər atdığı açıq-aşkar görünür. Oktyabrın 27-dəki məhkəməyə ümid edirik”. P.Həşimlinin vəkili Bəhruz Bayramov isə daha öncə bizə açıqlamasında bildirib ki, jurnalistin həbsində MTN-in Antiterror Mərkəzinin rəisi Elçin Əliyev və onun müavini İlqar Əliyevin birbaşa əli var idi: “Pərviz deyirdi ki, həbs olunanda İlqar Əliyevin otağında ona işgəncə verə-verə Əli Nağıyevin və başqalarının əleyhinə olan saxta ifadəyə qol çəkdirmək istəyiblər. Hər 5 dəqiqədən bir İlqar Əliyev Hilal Əsədova məlumat verirmiş. Pərviz qol çəksəydi, müəyyən şəxslər həbs olunmalı idi. Xüsusi təyinatlılar hazır vəziyyətdə dayanıblar. Bu proses səhərə qədər davam edib. Görüblər ki, mümkün deyil, ondan sonra xüsusi təyinatlıları sərbəst buraxıblar. Bütün bunları Pərviz mənə dedi. Mənə onu da dedi ki, həmin saxta ifadəyə qol çəkməsi üçün İlqar Əliyev onu gah döyürmüş, gah da şirnikləndirici təkliflər edirmiş. Məsələn, deyirmiş ki, həmin məmurlar haqda yalandan ifadə versə, ona 1 milyon pul verəcəklər, həmçinin geniş imkanlar yaradacaqlar”. Pərviz Həşimlinin oktyabrın 27-də Ali Məhkəmədə prosesi olacaq. Qeyd edək ki, jurnalist 2013-cü il sentyabrın 17-də Milli Təhlükəsizlik Nazirliyinin keçirdiyi əməliyyatla saxlanılıb. Ona qarşı odlu silahın və döyüş sursatının qaçaqmalçılığı, odlu silah saxlama maddələri ilə ittiham irəli sürülüb. Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 may 2014-cü il tarixli hökmü ilə Pərviz Həşimli 8 il müddətinə azadlıqdan məhrum edilib.