Eldar Mahmudovun şöbə rəisi hakimə “balalarımı yetim qoyma” dedi - MƏHKƏMƏ

Bakı Hərbi Məhkəməsində Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub- E.M) İstintaq Baş İdarəsinin sabiq rəisi Mövlam Şıxəliyev, istintaq idarəsinin rəis müavini, 1-ci şöbənin rəisi Yasin Məmmədov, istintaq idarəsinin 2-ci şöbəsinin rəisi, polkovnik Vüsal Ələkbərov və istintaq idarəsinin metodiki yardım və kriminalistika şöbəsinin rəis müavini Sahib Ələkbərovun cinayət işi üzrə proses davam edir. 11 aya yaxındır ki, davam edən proses yekunlaşmaq üzrədir. Artıq dövlət ittihamçısı hər 4 təqsirləndirilən şəxsə cəza istəyib. O, Mövlam Şıxəliyevin 14, Vüsal Ələkbərovun 15, Yasin Məmmədovun 12, Sahib Ələkbərovun isə 10 il müddətinə azadlıqdan məhrum edilmələrini istəyib.

3 saata yaxın davam edən son sözü zamanı Mövlam Şıxəliyev Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin ona qarşı qərəzli mövqedə dayandığını vurğuladı. İttihamların saxta olduğunu, işdəki sübutların saxtalaşdırıldığını deyən təqsirləndirilən bildirdi ki, cinayət işi üzrə zərərçəkənlərlə bağlı vaxtilə rəhbərlik etdiyi idarənin qərarı əsasında verilmiş məhkəmə tibb ekspertizası rəyləri qüvvədədir. Bundan başqa, MTN İstintaq Baş İdarəsində istintaq olunan cinayət işləri üzrə hazırda zərərçəkən statusunda olan şəxslər barəsində ittihamedici hökmlər də mübahisələndirilməyib, qüvvədədir.

Mövlam Şıxəliyev deyib ki, belə olduğu halda ona həmin cinayət işləri üzrə məhkum olunmuş şəxslərlə bağlı ittihamların verilməsi qanunsuzdur. Ona Cinayət Məcəlləsinin 311-ci - rüşvət alma və 341-ci - hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə maddələri ilə ittiham verilib. Halbuki həmin maddələr üzrə cəlbetmə müddəti bitib və buna görə də həmin maddələr üzrə ittiham xitam olunmalıdır.

Cinayət Məcəlləsinin 182-ci - hədə-qorxu ilə tələb etmə maddəsi üzrə özünü təqsirli bilməyən Mövlam Şıxəliyev deyib ki, o, zərərçəkənlərdən heç birinə hədə-qorxu gəlməyib. Onun xahişlərini zərərçəkənlər hədə-qorxu kimi anlayıblar. Bu baxımdan ona Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə ittiham doğru verilməyib.

Mövlam Şıxəliyev deyib ki, İstintaq Baş İdarəsində çıxarılan hər bir qərar 24 saat ərzində baş prokurora məruzə olunub. Onun sözlərinə görə, cinayət işinin başlanması, vətəndaş barəsində cəlbetmə, qətimkan tədbirinin seçilməsi, ittiham aktının təsdiqlənməsi baş prokurorun səlahiyyətində olub.

MTN İstintaq Baş İdarəsinin rəisi olaraq onun vəzifəsi inzibatçılıqdan ibarət olub. Mövlam Şıxəliyev baş prokuror Zakir Qaralovun, onun 1-ci müavini Rüstəm Usubovun MTN İstintaq İdarəsində istintaq olunan cinayət işlərinə birbaşa nəzarət etdiklərini hakimin diqqətinə çatdırıb.

Mövlam Şıxəlyev bildirib ki, istintaq Vüsal Ələkbərovun, Yasin Məmmədovun 8 milyon dollar pul alması qənaətinə gəlib, lakin həmin pulu kimə verdikləri haqda suala cavab verilməyib.

O vurğulayıb ki, məhkəmə istintaqı zamanı üzə çıxıb ki, 8 milyon dollar pulu o və Yasin Məmmədov deyil, deputat Ziyad Səmədzadə alıb. Buna baxmayaraq, Ziyad Səmədzadə bu günə qədər dindirilməyib, bu məsələ ilə bağlı hər hansı bir istintaq hərəkəti həyata keçirilməyib. Bu gün də məlum deyil ki, Ziyad Səmədzadə həmin pulu alıb və ya almayıb. O, hər bir epizod üzrə ittihamlara toxunaraq özünün günahsız olduğunu sübuta yetirməyə çalışıb.

Zərərçəkən şəxs Hüseyn Səfərovun epizodundan danışarkən onu tanımadığını, onunla görüşmədiyini deyib.

Hüseyn Səfərov isə Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib: “Kişiliyin, namusun olsun, düz danış. Biz bu gün də kirayələrdə qalmışıq. Məni MTN-də 76 gün girov saxladınız, ailəmdən 3 milyon dollar tələb etdiniz. Oğlum, qızım öz evlərini, mənim evimi, maşınlarımızı, qızıl-zinət əşyalarını satdılar, borc alıb 2 milyon dolları gətirib Vüsala verdilər. Vüsal da səninlə əlaqə saxladı, ona dedin ki, pulu gətir. Mən Vüsalın kabinetində idim. Məni səhərdən axşama qədər kabinetdə saxlayırdınız ki, ölüb eləməyim, pul əlinizdən çıxmasın. Şərəfsiz olma, düz danış. Məni düz 3 dəfə kabinetində qəbul eləmisən, pulu tələb etmisən. Adam kişi olar, şərəfsiz olmaz”.

Nəzarətçilər Hüseyn Səfərovu məhkəmə zalından çıxarıblar. Mövlam Şıxəliyev zərərçəkən Elvar Əliyevin epizodundan danışarkən də oxşar situasiya yaşanıb. Elvar Əliyev Mövlam Şıxəliyevi yalan danışmaqda ittiham edib: "Məni qanunsuz olaraq, sifarişlə həbsə aldınız, həbsdə saxladınız. Həbsdə mənə dərman belə verilməsinin qarşısını aldınız. Buna görə gözüm tam olaraq tutuldu. Bu gün də gün işığına həsrətəm. Bunu da danmaq istəyirsən ay nanəcib, qeyrətsiz?!"

Mövlam Şıxəliyev deyib ki, baş prokuror Zakir Qaralovla Rüstəm Usubov istintaqa nəzarət edən vəzifəli şəxslər olublar. Onun sözlərindən belə anlaşılıb ki, əgər ortada qanunsuzluq, cinayət olubsa, hər ikisi istintaqa nəzarət edən vəzifəli şəxslər kimi bunu görməli, bilməli və aradan qaldırmalı idilər.

Mövlam Şıxəliyev vurğulayıb ki, Zakir Qaralovla Rüstəm Usubov ibtidai istintaq dövründə dindirilməyiblər. Üzünü hakimə tutan təqsirləndirilən hər iki vəzifəli şəxsin məhkəmədə dindirilməsinə şərait yaratmadığını da xüsusi olaraq vurğuladı. Mövlam Şıxəliyev çıxışının sonunda bildirib ki, onun əməllərində cinayət tərkibi yoxdur. Hakimdən xahiş edib ki, barəsindəki cinayət işinə xitam verilsin və barəsində bəraət hökmü çıxarılsın.

Bundan sonra təqsirləndirilən Yasin Məmmədova son söz deyib. Yasin Məmmədov dövlət qarşısında xidmətlərini xüsusi vurğulamaqla 2020-ci ildə polkovnik-leytenant rütbəsində təqaüdə çıxdığını deyib. Təqsirləndirilən ittiham üzrə epizodları sadalamaqla günahının sübut olunmadığı bildirdi. O, ittiham olunduğu cinayətlərin sübuta yetirilmədiyini məhkəmənin diqqətinə çatdırıb.

Yasin Məmmədov zərərçəkən İbrahim Zeynalovdan 8 milyon dollar alınması ilə bağlı ittihamdan danışarkən deyib ki, MTN-in dörd bir tərəfi və binanın daxilində hər bir qarış yer kamera nəzarəti altındadır. Belə bir halda, İbrahim Zeynalovun 8 milyon dolları gizli şəkildə MTN binasına gətirib ona verməsi mümkün deyil. O, iş materiallarında belə bir videosübutun olmadığını hakimin nəzərinə çatdırıb. Yasin Məmmədov 8 milyon dollar pulun deputat Ziyad Səmədzadəyə çatdığını söyləyib. Deyib ki, Ziyad Səmədzadə İbrahim Zeynalova 3 milyon dollar kredit almaqda köməklik edib. Sonradan kreditlə bağlı aralarında mübahisə yaranıb. Yasin Məmmədov həmin məsələnin MTN-ə aidiyyətin olmadığını, pulların da şəxsən Ziyad Səmədzadəyə çatdırılması haqda məlumatlı olduğunu açıqlayıb. Yasin Məmmədov zərərçəkənlərin, şahidlərin qərəzli ifadələri əsasında ona ittiham verildiyini iddia edib.

Mövlam Şıxəliyevin fikirlərinə şərik olduğunu söyləyən Yasin Məmmədov keçmiş rəisindən fərqli olaraq prosessual şəxs olduğunu, lakin istintaq olunan cinayət işlərinə nəzarətin baş prokuror və 1-ci müavini həyata keçirildiyini qabardıb. Deyib ki, qanunsuzluq olubsa, niyə nəzarət edənlər aradan qaldırmayıblar, səhvlərini düzəltməyiblər?

Yasin Məmmədov son sözündə “mən MTN-in İstintaq Baş İdarəsində heç kim idim. Baş prokuror, onun birinci müavini, İstintaq Baş İdarəsinin rəisi, cənab nazir olan yerdə mən kim idim ki, qərar verəm? Bu adamların hər biri istintaqa nəzarət edən, gedişatını nəzarətdə saxlayan vəzifəli şəxslər idi. Mən sıradan icraçı idim. Mən deyirdilər ki, bunu belə et, edirdim. Mən özbaşına idim ki, İbrahim Zeynalovun həbsə alınması üçün vəsatət qaldırım? Hər bir qərar Baş Prokurorluqda müzakirə edilirdi, razılıq verilirdi, biz də işimizi görürdük. Mən zərərçəkənlərin heç birini tanımıram. Bu adamların maddi ehtiyacı var, maddi durumlarında çətinlikləri var. Gəlin köməkləşək, Əfsəl Həsənəliyevin banka borcunu bağlayaq” deyib.

Son sözündə Yasin Məmmədov hakimdən xahiş edib ki, onun övladlarını atasız qoymasın, barəsində bəraət hökmü çıxarılsın: “Mən bu dövlətə canımı fəda etmişəm, canımdan keçmişəm. Mənim balalarımı yetim, atasız, evsiz-eşiksz qoymayın. Mən əyri, şikəst barmağımı göstərib kimsədən 1 milyon istəyə bilməzdim. Baş Prokurorluğun Ağır Cinayətlərin İstintaqı Baş İdarəsi süni şəkildə ittiham aktı tərtib edib. Bizə qarşı qərəzli mövqedə dayanıblar, saxta ittihamlar irəli sürüblər. Əməlimdə nəinki cinayət tərkibi yoxdur, ittihamda yazılan cinayət hadisəsi ümumiyyətlə olmayıb. Xahiş edirəm ki, barəmdə bəraət hökmü çıxarasınız.

Sahib Ələkbərov də ittihamları qəbul etmədiyini, zərərçəkənlərin hər birinin barəsində vaxtilə MTN İstintaq Baş İdarəsində cinayət işləri üzrə məhkəmələrin qanuni qüvvədə olan hökmləri olduğunu deyib. Bildirib ki, əgər onlar istintaq zamanı qanunsuzluğa yol vermişdilərsə, həmin cinayət işləri üzrə çıxarılan hökmlər ləğv olunmalı idi: “Hazırda iş üzrə zərərçəkən statusunda olan şəxslər barəsində məhkəmələrin çıxardığı hökmlər qüvvəsindədir. Belə olan halda onların şikayət etmək haqları yoxdur. Buna baxmayaraq prokurorluq onların şikayətini qəbul edib. Bu, açıq-aşkar prokurorluğun bizə qarşı qərəzli mövqe tutduğunu göstərir”.

Sahib Ələkbərov ona qarşı irəli sürülən ittihamda yer alan hər bir epizodu sadalamaqla günahsız olduğunu iddia edib. Bildirib ki, ona verilən tapşırıqları icra edib. O, tapşırıq verən yüksək vəzifəli şəxsin adını məhkəmə zalında çəkmək istəmədiyini, bunu həmin şəxsin adının mətbuatda hallanmasının qarşısını almaq üçün etdiyini vurğulayıb. Bildirib ki, ona tapşırıqlar vermiş şəxsin adını yazılı şəkildə məhkəməyə təqdim edəcəyi çıxışında qeyd edib. Barəsində bəraət hökmü çıxarılmasını məhkəmədən xahiş edib: "Mən İstintaq Baş İdarəsində icraçılardan biri olmuşam. Əgər mən məhkum olunaramsa, mənimlə birgə istintaqını apardığım işlər üzrə prokurorlar, hakimlər, məhkəmə tibb ekspertləri də məhkum edilməlidirlər. Belə olan halda, məni məhkum etmək qanunsuzdur. İş üzrə zərərçəkən Qulam Bağırov barəsində məhkəmə hökmü qüvvəsindədir. Mənə bu işlə bağlı necə ittiham verib rüşvət almaqda ittiham edirsiz? Hüquq elmində belə şey yoxdur ki, hökm ləğv edilməmiş həmin hökmün əsaslandığı cinayət işinin istintaqını aparmış müstəntiqə ittiham verilsin. Dünyanın heç bir yerində belə ittiham verilmir. Baş Prokurorluğun İstintaq Baş İdarəsi mənə qarşı qərəzli mövqe tutub və süni qaydada ittiham yaratmaqla məhkəməyə yollayıb. Vicdanım, namusum haqqı mənim cinayətim yoxdur. Mən rəhbər şəxslərin verdikləri tapşırıqları icra etmişəm. Kim pul alıbsa, araşdırsınlar, onu da cəzalandırsınlar. Mənim ittihamlar üzrə günahım yoxdur. Ona görə də xahiş edirəm ki, mənə bəraət verilsin".

Təqsirləndirilən Vüsal Ələkbərov son sözündə bildirdi ki, ona 2 epizod üzrə ittiham verilib: "Həmin ittihamları vaxtında araşdırsaydılar, bu gün həmin ittihamlarla yenidən məhkəmə qarşısında olmazdım. Mənə həmin ittihamlar üzrə 12 il iş kəsdilər. 4 il həbsdə oldum, vəziyyətim çox ağır oldu. Amma bütün əziyyətlərim vətənə fəda olsun. Azərbaycan türməsinin divarları mənə doğmadır, əzizdir. Mənim başıma açılan bu oyunların bir səbəbi var, o da hörmətli Mövlam Şıxəliyevə rahatca ittiham verilməsidir".

Vüsal Ələkbərov ittihamlar üzrə özünü günahkar bilməyib və barəsində bəraət hökmü çıxarılmasını istəyib.

Bundan sonra proses sentyabrın 20-nə qədər təxirə salınıb.
“Yeni Müsavat”






Fikirlər