“Nazirlikdən 150 manatlıq mebeli 2000-3000 yazıb göndərirlər, məktəb direktoru da məcbur qalıb...”

“Nazirlikdən 150 manatlıq mebeli 2000-3000 yazıb göndərirlər, məktəb direktoru da məcbur qalıb...”

“Məktəb direktoruna təmir işləriylə bağlı razılıq gələnə qədər tədris ili başa çatır. Buna görə direktor özü pul yığmaq məcbuiriyyətində qalır”.

Bu sözləri Yenisabah.az-a təhsil eksperti Kamran Əsədov deyib. O son günlər məktəb direktorlarının təmir üçün müəllimlərdən pul yığması haqda mediada yayılan xəbərləri şərh edib. 

Ekspert bildirib ki, orta məktəblərdə hər hansı inventarın təmir olunması çətin prosesdir:

“Hər il dövlət büdcəsindən təhsilin saxlanması üçün ümumi vəsait ayrılır. Bu il 2022-ci il dövlət büdcəsindən təhsilin bütün xərcləri 4 milyard manat təşkil edir. Bura həm müəllimlərin əmək haqları, həmçinin, orta ümumtəhsil məktəblərində təmir tikinti cari bərpa yenidən qurma işləri həyata keçirilməsi aiddir.  

Bundan başqa, hər hansı bir məktəbə əlavə vəsait ayrılmır. Məktəbdə tədrisin  gedişində hər hansı bir hərəkət və yaxud hərəkətsizlik nəticəsində inventara zərər dəyərsə, məktəb direktoru avtomatik olaraq yazılı formada yuxarı təhsil qurumuna məktəbin hər hansı avadanlığının yarasız vəziyyətdə olması ilə bağlı müraciət edir.  

Həmin təşkilat da yuxarı təhsil qurumuna, o da  Elm və Təhsil Nazirliyinə, nazirlik də Maliyyə Nazirliyinə müraciət edir. Sonda da  tədris  ili başa çatana qədər bu problem həll olunmur. 

Hazırda məktəbin özünün elə bir büdcəsi yoxdur ki, bu tipli hadisələrə çevik reaksiya versin.  Düzdür, 2009-cu ildə qəbul olunmuş “Təhsil Haqqında Qanun”a, 2011-ci ildə qəbul edilmiş “Orta məktəblərin  Nümunəvi Nizamnəməsi”ndə  məktəbin özünün bank hesabı olması və həmin bank hesabının xərclənməsi şəffaf olmalı olduğu qeyd olunur. Çox təəssüf ki, bu gün Azərbaycan təhsil sistemində heç bir şəffaf hesabat yoxdur. Nə ayrılan qrantların, nə də hər hansı bir təmirin şəffaflığı yoxdur.  

Misal üçün, cənab Prezident modul tipli məktəblərin tikilməsiylə bağlı pul ayırır. Bunu tikən şirkətin hansı avadanlıqlarından istifadə etməsi, tenderləri təmiz deyil. Ümumiyyətlə, təhsil sistemində maliyyənin ayrılması və xərclənməsinin hər hansı bir məlumatını almaq mümkün deyil. Elm və Təhsil Nazirliyi İctimai Şurasının üzvlərinə mütəmadi olaraq qrantlar verir. Amma bu pulların hara, necə və nə cür xərcləndiyinin hesabatını görə bilmirik. 

Məktəblərə zibil qabından tutmuş markerə qədər hər şey verilir.  A4 kağız əvvəllər çox ucuz idi, amma indi 7-8 manatadır. Amma onu məktəblərə 12-15 manata verirlər. Yaxud da ən yaxı marker 40 qəpikdirsə, onu nazirlik qəbzə 2-3 manat qeyd edir. 3-4 manatlıq stolu sexdən 30-40 manata qəbz alıb verirlər. Sexə də deyirlər ki, hörməti olunacaq, hər stoldan 3 manat deyil, ümumilikdə, 210 manat olacaq. Sex sahibi üçün də fərqi yoxdur, onsuz da o bütün hallarda qazanır”.

Ekspert deyib ki, hazırda orta ümumtəhsil məktəblərinin büdcəsi yoxdur:

“Hazırda məktəblərə təmir tikinti bərpa hər hansı bir ləvazimatlar göndəriləndə bütün qiymətlər şişirdilir, açıq maliyyə hesabatı təqdim edilmir. Bu da təbii ki, nazirlikdə kimlərinsə maddi maraqlarına birbaşa xidmət edir. Hər halda məktəblərdə divanları görmüsünüz... Yumşaq mebel dəstlərinin ən yaxşılarının qiymətləri heç, 150 manata olmaz və yaxud da ikinci əl yumşaq dəstləri 100-150  manata tapmaq olar. Amma nazirlik buna görə dövlət büdcəsindən 2000-3000 manat istəyir. Direktor qaimənin çox böyük həcmdə olmasına baxmayaraq, onu imzalamaq məcburiyyətində qalır. Onun elə bir səlahiyyəti yoxdur ki, bundan ucuzunu istədiyi və yaxud da istəmədiyini desin. Məktəb direktoruna təmir işləriylə bağlı razılıq gələnə qədər tədris ili başa çatır. Buna görə direktor özü pul yığmaq məcbuiriyyətində qalır”.






Fikirlər