Abşeron rayonu Novxanı kəndində yerləşən Mehdi Hüseynzadə adına 1 nömrəli məktəbin direktoru Taliyə Mirzəyevanın rüşvətlə bağlı səs yazısının araşdırmaları sona çatıb.
Abşeron Regional Təhsil İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Səbinə Məmmədova Lent.az-ın sorğusuna cavab olaraq bildirib ki, sosial şəbəkələrdə Novxanı kənd 1 nömrəli tam orta məktəblə bağlı yayılan səs yazısı ilə əlaqədar araşdırma aparılıb:
“Məlum olub ki, 2021-ci ilin dekabr ayında Novxanı kənd 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyatı müəlliməsi Əmirova Aytən Hacı qızı və şagirdlərin öz şəxsi istəyi və təşəbbüsləri ilə məktəbin direktoru Taliyə Mirzəyevanın ad günü üçün müəyyən vəsait toplanmasını tapşırıb.
Məsələ ilə bağlı sözügedən məktəbin direktoru və müəlliməsindən izahat alınıb. Direktor izahatında məlum hadisədən məlumatsız olduğunu bildirib. Müəllimə Əmirova Aytən Hacı qızı barəsində isə müvafiq ölçü götürülüb”.