Baş redaktorlardan Çingiz Abdullayevə sərt təpki: "AYB xərclər smetasını açıqlasın!"

Baş redaktorlardan Çingiz Abdullayevə sərt təpki:

Azərbaycan Yazıçılar Birliyinin (AYB) ötən gün keçirilmiş XIII Qurultayı qalmaqalla yadda qaldı. Xüsusilə AYB-nin birinci katibi, Xalq yazıçısı Çingiz Abdullayevin jurnalisti aşağılaması geniş müzakirələrə səbəb olub.

Çingiz Abdullayev qurultayın təşkili üçün ayırılan 203 min manatın hara xərcləndiyi barədə ona ünvanlanmış sualdan qıcıqlanaraq, jurnalistə "utanıb ölmürsən, bunu soruşursan?”, - deyə əcaib reaksiya verib.

Xalq yazıçısının bu cür qeyri-adi reaksiyası media nümayəndələrinin ciddi etirazına səbəb olub. Sosial şəbəkələrdə Ç.Abdullayevi qınayan çoxsaylı açıqlamalar yazılmaqdadır. 
 "AzerTaym.az" bildirir ki,məsələ ilə bağlı bəzi media mənsubları fikirlərini Modern.az-la bölüşüblər.

Yenisabah.az saytının baş redaktoru Seymur Verdizadə deyib ki, hamının ziyalı saydığı Çingiz Abdullayev  jurnalistə o cür cavab verməməliydi:

“Çingiz Abdullayevin yaşı, dünyagörüşü daha korrekt davranmağı tələb edirdi. Bu qədər, hikkəyə, qəzəbə, nifrətə ehtiyac yox idi. Çingiz Abdullayev söz adamıdır, jurnalist də söz adamıdır, həmkar sayılırıq, ona görə də yazıçı sözün xatirinə etika çərçivəsində cavab verə bilərdi. Jurnalistə ölüm arzulamaq, onu təhdid etmək doğru yanaşma deyil. Jurnalist hansısa məqamda təcrübəsizlik edə bilər, amma bu jurnalistin təhqir olunması ilə nəticələnməməlidir. Mətbuat 4-cü hakimiyyətdir, mətbuatla hesablaşmaq lazımdır”.

S.Verdizadə söyləyib ki, hər kəs - xüsusilə də cəmiyyətdə müəyyən nüfuzu, ictimai statusu olan adamlar birinci dönüb güzgüyə baxmalıdırlar:
 “Çingiz müəllimə verilən sualda heç bir qeyri-etiklik yox idi, jurnalist hansısa məqamı aydınlaşdırmaq istəyirdi. Buna da etika çərçivəsində cavab vermək lazım idi. Çingiz Abdullayevin bu davranışını pisləyirəm, hesab edirəm ki, bu mənfi hərəkət digər ictimai xadimlər və yazıçılar üçün nümunə ola bilməz. Çingiz Abdullayevi qınamalıyıq ki, başqaları da ruhlanıb jurnalistlə bu cür davranmasınlar. Hamı bu cür davranarsa, ayaq altında qala bilərik”.

 “Bakıvaxtı.az” saytının baş redaktoru Qalib İbrahimoğlu deyib ki,əvvəla, kiminsə kimisə təhqir etməsi, aşağılaması yolverilməzdir:

“Müzakirə olunan videoda Xalq yazıçısı Çingiz Abdullayev jurnalisti aşağılayır, onu düzgün sual verməməkdə ittiham edir. Jurnalistin AYB-nin birinci katibinə ünvanladığı sual vaxtında və yerində verilib. Axı hansı sənəddə göstərilir ki, jurnalist filan sualı filan yerdə və filankəsə verməlidir? Qanunla qadağan olunmayan sualı verib, cavab almaq jurnalistin vəzifəsidir. Hətta cavab qane etmədiyi halda, həmin sualı təkrar da ünvanlaya bilər. Müsahib də məsul şəxsdirsə, onu cavablandırmağa borcludur. Jurnalist qurultaya ayrılan dövlət vəsaitinin necə xərcləndiyilə maraqlanır. Haqlıdır. Bununla bağlı sualı AYB-nin birinci katibi Çingiz Abdullayevə ünvanlayır. Xalq yazıçısı suala cavab vermək əvəzinə, jurnalisti “niyə utanıb ölmürsən” deyərək, aşağılayır”.

 Baş redaktor bildirib ki, əgər sualın qoyuluşu yazıçını qane etmirdisə və ya cavab vermək istəmirdisə, konkret olaraq, “bu sualı cavablandırmaq mənim səlahiyyətimə aid deyil” deyərək, bundan imtina edə bilərdi:

“Ancaq Xalq yazıçısının jurnalistə belə cavab verməsi qəbuledilməzdir. Mətbuat Şurasının İdarə Heyətinin bəzi üzvlərinin bu məsələdə susqunluğu, gözlənilən reaksiya verməməsi təəssüfedicidir”.
 “Şərq” qəzetinin redaktoru Akif Aşırlı bildirib ki,öz peşə borcunu yerinə yetirən jurnalist niyə utanıb ölməlidir ki? 

 “Yazıçılar Birliyi dövlət büdcəsindən maliyyələşir, büdcə də xalqın vergiləri hesabına formalaşır. Əgər AYB kommersiya qurumu olsaydı, pulu özü qazansaydı, tədbirə nə qədər maliyyə ayrılmağının soruşulması bəlkə də düzgün olmazdı. Ana dilini "əzən" Xalq yazıçısının davranışı etik deyil, qəbulolunmazdır”,-deyə A.Aşırlı bildirib.

 Türküstan.az saytının baş redaktoru Aqil Camal da həmkarları ilə eyni fikirdədir.

 Aqil Camal deyib ki, yaşanmış bu olay ilk növbədə böyük təəssüf hissi doğurur:

 “Yaradıcı sahələri, qələmi təmsil edən tərəflər arasında bu cür anlaşılmazlıq yaşanırsa, görün, cəmiyyətin digər təbəqələri arasında münasibətlər sistemi necədir... Çingiz Abdullayevin reaksiyası əlbəttə, qəbuledilməzdir. Jurnalistin sualı necə verməsi burada əsas məsələ deyil. Baxın, dünyada prezidentlərə, liderlərə jurnalist ritorikasına, peşəsinə uyğun olmayan nə qədər suallar verilir. Jurnalist qurultay üçün xərclənən 203 min manat vəsaitin necə, haraya xərcləndiyilə maraqlanır. Sualın hiddətlə, qəzəblə qarşılanması və söyüş-qarğış dolu reaksiya verilməsi, ilk növbədə, Ərdoğanın təbirincə desək, “bir suçluluq psixolojisi”nın göstəricisidir. Əlbəttə, Çingiz müəllim, ayaqüstü 203 min manatın necə xərclənməsi haqda detallı hesabat verə bilməzdi. Amma, sakit bir tərzdə deyə bilərdi ki, "qurultay bitsin, maraqlıdırsa, mediaya yazılı hesabat təqdim edərik". Yeri gəlmişkən, məsələ aktual olduğu üçün və ortadakı suallara aydınlıq gətirmək üçün Yazıçılar Birliyi xərclər smetasını açıqlasa, yaxşı olar. Bəlkə, heç vəsaitin hamısı xərclənməyib”.

Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Bayraqdar.info"nun baş redaktoru Azər Həsrətin sözlərinə görə Yazıçılar Birliyinin qurultayından sonra Çingiz Abdullayev və Anarın mediaya münasibəti müzakirə edilir və bu səbəbsiz deyil:

“Hər iki şəxs Azərbaycanda da, ondan kənarda da yetərincə tanınan böyük ədəbiyyat adamıdır. Təbii ki, diqqət mərkəzində olmalıdırlar, onlara xoşlarına gəlməyən sualların ünvanlanması da tam normaldır. Hətta bəzi jurnalistlər bu sualları naşıcasına, lap belə jurnalist etikasını pozaraq ünvanlasa da, hörmətli Anarla Çingiz Abdullayevin vəzifəsi də ən sərt, arzuolunmaz suallara təmkinlə cavab verməkdir. Amma görürük ki, onların ikisi də, təəssüf ki, jurnalistlərlə münasibətdə uyğunsuz davranış sərgiləyib”. 

 

Azər Həsrət bildirib ki, Anarın jurnalistləri “zəhərli” adlandırması heç yerinə düşməyib:

“Çingiz Abdullayevinsə suala verdiyi cavab həqiqətən də bir ziyalıya, məşhur yazıçıya əsla və əsla yaraşmır. Jurnalistin qurultaya xərclənən vəsaitlə bağlı lap elə kobud şəkildə sual verməsi niyə bu işə məsul olan şəxsi əsəbləşdirməlidir? Şəxsən mən olsam sakitcə, təmkinlə deyərdim ki, "bir az başımız açılsın, hesabatı ictimailəşdirəcəyik". Yəni bunu demək çoxmu çətindir? Belə olsaydı, jurnalistlər də razı qalardı və bu xoşagəlməz müzakirələr baş alıb getməzdi”.






Fikirlər