`Sipark`la həbsdəki başçının İLGİNC ƏLAQƏSİ - İLGİNC FAKTLAR...
Şəmkirin keçmiş icra başçısı, il yarımdır ki, həbsdə olan Alimpaşa Məmmədovun bir sıra əmlaklarının üzərinə həbs qoyulub. Onların arasında özünün və ailə üzvlərinin adına olan biznes obyeklərilə yanaşı, Bakının Nərimanov rayonu ərazisində yerləşən “Sipark” yaşayış kompleksində mənzillər də var.
"AzerTaym.az" Bizimyol.info-ya istinadla xəbər verir ki, Dövlət Təhlükəsizlik Xidmətinin İstintaq Baş İdarəsində bu evlərin hansı yollarla əldə olunmasıyla bağlı araşdırma aparılıb və rüşvət kimi verildiyi müəyyənləşdirilib. Bütün bunlar Alimpaşa Məmmədovla bağlı cinayət işinin materiallarında da öz əksini tapıb. Elə ona görə də bir sıra başqa daşınmaz əmlaklarla yanaşı, həmin mənzillərin də üzərinə həbs qoyulub, məhkəmədən onların da müsadirə olunması istənilib.
Cinayət işinin materiallarında yazılıb ki, Bakının Nərimanov rayonu, Təbriz küçəsində “Svrostroy S.S” MMC-nin inşa etdiyi “Sipark” yaşayış kompleksində sahəsi 103 kvadrat metr olan 231 saylı və 212 kvadrat metr olan 232 saylı mənzilləri 2018-ci ilin avqust ayında sabiq icra başçısı Hüseynli Nicatın adına rəsmiləşdirərək, şirkətin faktiki sahibi Seymur İsayevdən rüşvət kimi alıb. İstintaq bu mənzilləri 677 min manat dəyərləndirib. İttihama əsasən, bu mənzillərin müqabilində Alimpaşa Məmmədov şirkətin sahibinə Şəmkir şəhərində Nizami küçəsi 2 ünvanında torpaq sahəsi ayırıb. Bu şirkətə və onun sahibi Seymur İsayevə himayədarlıq edib.
Həbs edilən icra başçıları arasında sonuncusu olan Alimpaşa Məmmədov Şəmkir rayon İcra Hakimiyyətində keçirilən satınalmalar zamanı şirkətlərin qalib elan edilməsi üçün rüşvət almaqda, rayonun abadlaşdırılması üçün ayrılan vəsaitlərin yeyintisində və s. əməllərdə ittiham edilir. Cinayət işində ümumilikdə 7 milyon manata yaxın mənimsəmə və rüşvətdən söhbət gedir.
İddia olunur ki, o, “Şəmkir-Yeni Göyçə-Dağ Çəyir” avtomobil yolunun çəkilişi üçün satınalma müsabiqəsinin qalibi olmuş idarənin müdirindən 240 min manat pul alıb.
Sabiq icra başçısı həmçinin 2015-2016-cı illərdə icra hakimiyyətinin keçirdiyi satınalmaların qalibi olmuş “Ağstafasutikinti” ASC-nin müdiri Vaqif Məmmədovdan 218 min manat rüşvət almaqda ittiham olunur.
Alimpaşa Məmmədov Bakı-Qazax yolunun 399-cu kilometrliyində yerləşən və 2015-ci ildə Çinarlı bələdiyyəsi tərəfindən təsis edilmiş, faktiki dəyəri 3.4 milyon manat olan “Səbət” ticarət mərkəzini oğlunun və köməkçisinin adına cəmi 40 manata rəsmiləşdirərək mənimsəməkdə də ittiham edilir.
Alimpaşa Məmmədov yeyinti və rüşvətdən əldə etdiyi 6.8 milyon manatı 2017-ci ilin avqustunda oğlu Adil Adilzadənin adına təsis elədiyi “AzFarel” MMC – balıq yetişdirmə və emalı müəssisəsinin yaradılmasına xərcləməkdə təqsirləndirilir. Bu üzdən ona qarşı həm də cinayət yoluyla əldə olunan vəsaitlərin leqallaşdırılması ittihamı irəli sürülüb.
Keçmiş icra başçısı hazırda Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. Onun işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Nural Əliyevin sədrliyilə baxılır. Məhkəmə prosesi noyabrın 24-də davam edəcək.
Azərbaycanda icra başçılarının həbs dalğası 2019-cu ilin dekabrında Ağstafa və Yevlax rayonlarının sabiq icra başçılarıyla başlayıb. Daha sonra Neftçala, Biləsuvar, İmişli, Cəlilabad, Kürdəmir, Şəmkirdə davam edib.