Şəmkir İH-dən deputata cavab: “Bilmirik Alimpaşa müəllim “Bu şəhərdə”nin pərəstişkarıdır...”

Şəmkir İH-dən deputata cavab: “Bilmirik Alimpaşa müəllim “Bu şəhərdə”nin pərəstişkarıdır...”
Bu şəhərdə”nin Şəmkirdə təşkil olunan konsertinə xərclənən vəsaitin Şəmkir rayon icra başçısına heç bir aidiyyatı yoxdur”.


Bunu Modern.az-a açıqlamasında Şəmkir rayon icra hakimiyyəti başçısının müavini, İctimai –siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sona Əliyeva deyib.


Onun sözlərinə görə heç də “Bu şəhərdə”nin konsertinin baş tutması üçün bilet satışı olmayıb.
“Çünki “Bu şəhərdə”nin təşkilatçısı “Synergy” MMC qrup konsertin dəvətnamə ilə təşkil olunmasını tərce edib. Eyni zamanda, dünənki konsertdə Şəmkir rayon icra başçısı Alimpaşa Nemətov iştirak edə bilməyib. Ona görə də bu gün saat 3-də “Bu şəhərdə”nin rayonun Bayraq meydanında əhali üçün pulsuz ikinci konsert buraxılışı keçiriləcək. İcra başçısı Alimpaşa müəllim bugünkü konsert buraxılışında iştirak edəcək. Şəmkirdə “Bu şəhərdə”nin konsertinin baş sponsoru və bütün təşkilatı məsələlər “Synergy” MMC qrupa aiddir. Bu konsertə icra başçısı heç bir vəsait xərcləməyib”.

Alimpaşa Nemətovun “Bu şəhərdə”nin pərəstişkarı olmasına gəlincə, “İcra başçısı Alimpaşa müəllimin şəxsi mövqeyi haqqında heç nə deyə bilmərəm”-deyə icra başçısının xanım müavini vurğulayıb.

Fikirlərin deputat Etibar Hüseynova məxsus olduğunu eşidən icra başçısının müavini bunları söyləyib.

“Digər tərəfdən isə Etibar Hüseynovun belə fikirlər söylədiyinə inanmırıq. Çünki o da Şəmkir rayonundandır. Ola bilsin ki, deputatın fikirləri təhrif olunub”.

Qeyd edək ki, Milli Məclisin deputatı Etibar Hüseynov doğulduğu rayonun İcra Hakimiyyəti başçısının fəaliyyətindən narazılığını özünün Facebook səhifəsində bildirib.

”Bir sıra hüzr məclisləriylə bağlı 3 gündür ki, Şəmkirdəyəm. Harda oturursan camaat bazar günü rayon mərkəzində keçirilən "Bu şəhərdə"nin konsertindən danışır. Məlum olur ki, sən demə yeni icra başçısı KVN və "Bu şəhərdə"nin qatı pərəstişkarıymış. Və konserti də şəxsən özü təşkil eləyib. Çox maraqlıdır ki, gecə-gündüz reklam olunmasına baxmayaraq, kassalarda bircə bilet belə, satışa çıxarılmayıb. Bütün biletlər Alimpaşa müəllimin tərtib elədiyi siyahı əsasında büdcə təşkilatlarına paylanıb. Bəlkə də bütün bunlara əhəmiyyət verməmək də olardı. Ancaq biləndə ki, yeni başçı "Bu şəhərdə"nin konsertiylə əlaqədar (başı möhkəm qatışıq olduğuna görə) 10 gündür ki, heç kəsi qəbul eləmir... Bax bu hal təəssüf doğurur”.






Fikirlər