“Üzləri tanınmaz halda olan kişi meyitlərinin bir-bir corablarını çıxardım ki, atamı tanıyım” - FOTO
1992-ci il fevralın 25-dən 26-na keçən gecə erməni hərbi birləşmələri keçmiş SSRİ ordusunun 366-cı motoatıcı alayının köməyi ilə Xocalı şəhərinə hücum ediblər. Şəhərin 2 500 sakini xilas olmaq üçün Ağdam istiqamətində hərəkət edib. Ermənilər isə dinc sakinləri gülləbaran ediblər. Erməni təcavüzkarlarının Azərbaycan xalqına qarşı törətdikləri növbəti kütləvi qırğın 613 nəfərin, o cümlədən 106 qadın, 63 uşaq, 70 qocanın həyatına son qoyub. 1 275 dinc sakin əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 475 nəfər şikəst olub. Səkkiz ailə bütünlüklə məhv edilib. 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib. Bakının Xətai rayonunda Xocalı soyqırımı qurbanlarının xatirəsinə “Ana harayı” adlı abidə ucaldılıb. Xocalıda qətlə yetirilən Şöhrət Həsənovun qızı Almaz Həsənova həmin məşum gün barədə Oxu.Az-a danışıb. Qeyd edək ki, müsahibimiz Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin A.Heydərov adına Respublika Hospitalında çalışır.
O deyir ki, Xocalıda təxribatlar 1988-ci ildən başlamışdı: “Həmin ildə ermənilərin məskunlaşdıqları ərazilərdə kütləvi ixtişaşlar başlamışdı. Ermənilər Qarabağı Azərbaycandan qopararaq, Ermənistana birləşdirməyə çalışırdılar. Bu məsələ xocalılara da məlum idi. Xocalı 1991-ci ilin oktyabrından Qarabağdakı erməni separatçılarının blokadasında idi. Elə həmin ayın 30-da şəhərlə avtomobil əlaqəsi kəsildi və vertolyot əlaqəsi qaldı. Növbəti ilin yanvarında Şuşa şəhərinin səmasında mülki vertolyot vuruldu və 41 nəfər faciəli şəkildə həlak oldu. Bununla da əlaqə kəsildi”. Həmsöhbətimin sözlərinə görə, Xocalıya hücum olanda atası icra hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb: “Atam da əlinə silah alıb postlarda dayanırdı. Fevralın 27-də Əsgərana yaxın olan bir binanın zirzəmisində mövqe tutublar. Atam qadın və uşaqların orada çox olduqlarını nəzərə alıb, meşə yolu ilə Ağdama yollanıblar. Təsəvvür edin, o soyuq, şaxtalı havada insanlar ayaqyalın, başıaçıq şəkildə canlarını qurtarmağa çalışaraq Qarqar çayını keçməyə can atıblar. İnsanların çoxunun ayaqlarını orada don vurub”.
1992-ci ildə Xocalı hadisəsi baş verən zaman A.Həsənova Azərbaycan Tibb Universitetində təhsil alırmış: “Həmin gecə televizordan eşitdim ki, Xocalıya hücum olub, iki nəfər həlak olub və düşmən geri oturdulub. Təəssüf ki, yanlış informasiya imiş. Düşünün, biz daxildə belə informasiya blokadasına məruz qalmışdıq. Xarici ölkələrə bu məlumat necə çatdırılacaqdı ki?! Səhər mən universitetə gələn zaman Xocalının yerlə bir olunduğunu öyrəndim. Həmin gün mən Ağdama gedən avtobusla oraya yollandım, anamı və bacılarımı axtarıb, tapdım. Bizə demişdilər ki, atam yaralıdır. Biz beş gün Ağdam Rayon Xəstəxanasının qarşısında dayandıq. Xocalıdan təcili tibbi yardım maşınları ilə yaralılar çıxarılırdı və böyük ümidlə gözləyirdik ki, atamı yaralı halda görərik. Amma bu olmadı. Daha sonra bizə məlumat verildi ki, artıq Xocalıda yaralı kimsə qalmayıb”.
O deyir ki, atasının meyitini axtarmaq üçün Ağdam məscidinə üz tutublar: “Orada özüm 70-ə yaxın hərbi formada, başı kəsilmiş, üzləri tanınmaz halda olan kişi meyitinin arasından atamı tanımağa çalışdım. Həmin kişilərin ayaqlarından bir-bir corablarını çıxardım ki, atamı tanıyım. Çünki əvvəllər atamın ayağında yol-nəqliyyat hadisəsindən iz düşmüşdü. Amma tapmadım. Orada meyitlərin üzərində zorakılıq izləri vardı. Qadınların, uşaqların dərisi soyulmuş, başları kəsilmiş halda idi. Sonra universitetə geri qayıtmaq üçün məcbur anam, bacılarımla Bakıya gəldik. Bizə məlumat gəldi ki, atam barədə heç nə məlumat yoxdur. Mart ayının 21-də atamın meyitinin Uzundərə deyilən yerdə əmanət kimi torpağa tapşırıldığını öyrəndik. Hamımız Ağdama getdik və onun meyitini gətirib, Şəhidlər xiyabanında dəfn etdik”.
“Xocalıda mənim kimi atasını, valideynlərini itirən minlərlə adam var. Xocalı bu gün yuxularımın bəzəyidir. Hərdən keçmiş videoları sosial şəbəkələrdə tapanda yad insan kimi baxıram. Xocalının tarixi, gözəl təbiəti var idi. Ora mənim yurdum-yuvamdır. Həmin günləri xatırlamaq çətindir. Bilirsiniz, mən ATU-nun tələbəsi idim. Dərslərimiz meyitlər üzərində aparılırdı. Mənə meyit görmək dəhşətli deyildi, amma 1992-ci ildən bu günə kimi mən gözlərimi hər yumanda o səhnə qarşımda canlanır. Fevral ayı olanda özümü pis hiss edirəm, hətta əlimdə olsa, bu ayı təqvimdən silərdim. Sonra öz-özümə deyirəm ki, ayın nə günahı var?” - deyə A.Həsənova əlavə edib.