Bakıda polis idarəsində səs-küy salan “Porsche” sürücüsü kimdir?

"Qış parkı”nın yaxınlığında qayda pozuntusu edən "Porsche” markalı avtomobilin sürücüsü polis idarəsində səs-küy yaradıb. 

Qayanrinfo-nun məlumatına görə, 28 avqust 1985-ci il tarixdə Lənkəranın Şağlaser kəndində anadan olmuş Xəzər (şərti) adlı şəxs idarə etdiyi "Porsche” markalı avtomobillə "Qış parkı”nın yaxınlığında "Yol hərəkəti haqqında” qanunun tələblərini pozduğu üçün saxlanılıb. Sürücüyə törətdiyi qayda pozuntusu izah edilərək, avtomobili duracağa yerləşdirilib. 

Hadisədən bir gün sonra həmin şəxs Yasamal Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin inzabati binasına yaxınlaşaraq, protokola öz etirazını bildirib. Bu zaman Xəzər orada səs-küy salaraq, şöbənin normal iş fəaliyyətini pozub. 

Şəxs ictimai asayişi pozduğundan nizam-intizama dəvət edilib, lakin polis əməkdaşlarının qanuni tələblərindən sonra daha da aqresivləşərək qanunazidd hərəkətlərinə davam edib və polisin tələblərini yerinə yetirməyib. Bundan sonra polis əməkdaşları onu saxlayaraq, İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilib, barəsində qərar verilməsi üçün işi məhkəməyə göndərib.

Məhkəmə iclasında iştirak edən Xəzər özünü təqsirli bilməyərək bildirib ki, polis əməkdaşları tərəfindən avtomobili qanunsuz saxlanılıb. Bu səbəbdən Yasamal RPİ-nin DYPŞ-nə müraciət etmək istəyib. Hər hansı nalayiq ifadə işlətməyib, səs-küy salmayıb və polisin qanuni tələbinə qarşı çıxmayıb.

Məhkəmə Xəzəri İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilib və barəsində həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, 31.4-1-ci maddəsi nəzərə alınmaqla 150 manat məbləğində inzibati cərimə növündə tənbeh tədbiri tətbiq edib. O, məhkəmə zalından dərhal azadlığa buraxılıb.

Əldə etdiyimiz məlumata görə, polis tərəfindən saxlanılan şəxs Lənkəranda iş adamının yaxın qohumudur.






Fikirlər