QAÇIŞ BAŞLADI: Ermənilər Xankəndidəki evləri inanılmaz qiymətə SATIR...
Hazırda bütün dünyada olduğu kimi Azərbaycanda da əmlak bazarında qiymətlərin bahalaşması müşahidə olunur. Mütəxəssislər bunu bir sıra obyektiv və subyektiv səbəblərlə izah edirlər. Lakin mövcud bahalaşma fonunda ermənilərin əmlak saytlarına nəzər saldıqda 2020-ci il müharibəsindən sonra qiymətlərin aşağı düşdüyünü müşahidə etmək mümkündür. Üstəlik, Qarabağda yaşayan ermənilərin kütləvi şəkildə, hətta avadanlıqlarla birgə satışa çıxarılan əmlaklarının sayının artdığını görmək olar. Bəs görəsən bu ucuzlaşmanın səbəbi nədir? Dünyadakı bahalaşma fonunda ermənilərin əmlaklarını ucuz qiymətə satışa çıxarmasının arxasında hansı amillər dayanır? “AzerTaym.az” Konkret.az-a istinadən xəbər verir ki, mövzunu şərh edən əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Vətən müharibəsindən sonra işğal altında olan ərazilərimizin böyük bir hissəsini geri qaytardığımızı bildirib: “Bu müddət ərzində Qarabağda, xüsusən də Xankəndi, Xocalı və digər ərazilərdə yaşayan ermənilər öz əmlaklarını baha qiymətə satışa çıxardılar. Bu proses təxminən 3 dəfə kütləvi hal aldı. Həmin proseslərin birində elana yerləşdirilən nömrələr saxta çıxdı. Yəni müəyyən qüvvələr Qarabağda yaşayan ermənilərin əmlaklarının guya bahalı olduğu görüntüsü yaratmağa çalışırdılar. Onların məqsədi Azərbaycan dövlətindən konpensasiya almaq idi. Lakin bu gün həmin ərazilər Azərbaycanın nəzarətindədir. Bu baxımdan Azərbaycanın hər hansısa bir turistik bölgəsi ilə işğaldan azad edilən torpaqlardakı daşınmaz əmlakların satış qiyməti arasında heç bir fərq ola bilməz. Məsələn, ölkəmizin şimal və ya qərb zonalarında mənzərəli yerlərdəki əmlaklar bəlli bir rəqəmə satışa çıxarılırsa, deməli Xankəndi, Xocalı və digər ərazilərdə də mənzillər baha ola bilməz. Qeyd etdiyim kimi, vaxtilə ermənilərin bu ərazilərdə əmlaklarını baha qiymətə satışa çıxarmaları müxtəlif səbəblərdən qaynaqlanırdı”. Ekspertin sözlərinə görə, ölkədə daşınmaz əmlaklar Konstitusiya və qanunvericilik vasitəsi ilə satışa çıxarılır: “Yəni Azərbaycan manatı və bankları vasitəsi ilə satışın həyata keçirilməsi mümkündür. Bu baxımdan orada yaşayan ermənilərin öz əmlaklarını satışa çıxara bilmələri üçün ilk növbədə Azərbaycan vətəndaşlığını qəbul etmələri, eləcə də Konstitusiyamıza uyğun davranmaları lazımdır. Daha sonra isə bizim hökumətə müraciət ünvanlayaraq əmlaklarının satılmasına köməklik göstərilməsini xahiş etməlidirlər. Lakin dünya təcrübəsinə baxsaq müharibə bitən ərazilərdə sülhməramlı qoşunlar varsa, deməli bu ərazi hələ də münaqişə zonası sayılır. Təcrübəyə əsasən münaqişə zonalarında olan əmlakların satış rəqəmləri dinc dövrdəkindən dəfələrlə aşağı qiymətə təklif olunur. Yəni münaqişə hökm sürdüyünə görə, hansısa şəxslərin kənardan gələrək həmin ərazilərdən əmlak alması təhlükəli hesab edilir. Bu səbəbdən də sözügedən ərazilərə heç kim yatırım etmir. Digər tərəfdən həmin ərazilərdəki əmlakların satışa çıxarılması üçün mütləq şəkildə Azərbaycan hökuməti onları reyestrə almalıdır. Üstəlik bu gün Xankəndi, Xocalı və digər ərazilərdə yaşayan ermənilər azərbaycanlıların evlərində məskunlaşıblar. Ölkə Konstitusiyasına görə ermənilərin həmin evdə yalnız yaşamaq hüququ ola bilər. Həmin əmlakları satmaq və ya bağışlamaq səlahiyyətləri yoxdur. Düşünürəm ki, Qarabağda yaşayan həmin ermənilər Azərbaycan hökumətinə müraciət etməli, Konstitusiyamıza uyğun addım atmalıdırlar. İşğala qədər yaşadıqları evlərin sənədləşdirilməsi Azərbaycan hökumətinin istəyinə uyğun aparıla bilər. Qarabağda yaşayan ermənilərə qondarma rejim və ya Ermənistan hökuməti tərəfindən verilən hansısa bir order yaxud sərəncam isə 2020-ci ildən etibarən qüvvədən düşüb. Artıq qondarma rejimin alqı-satqı prosesini həyata keçirməsi bizim ölkəmizin Konstitusyasına ziddir. Bu baxımdan həmin ərazilərdə yaşayan ermənilər dəfələrlə əmlaklarını satışa çıxarmaq istəsələr də, alıcı tapa bilməyiblər. Eyni zamanda alqı-satqı prosesini apara bilmədiklərindən məcbur şəkildə həmin əmlakları çox ucuz qiymətə yenidən satışa çıxarıblar”. Elnur Fərzəliyev əlavə edib ki, həmin ərazilərdəki əmlakları Azərbaycan hökuməti ermənilərdən ucuz qiymətə alsa, daha yaxşı olar: “Xankəndi, Xocalı və digər ərazilərə qayıdış zamanı həmin bölgələrdən məcburi köçkün düşən soydaşlarımıza onsuz da dövlət tərəfindən evlər tikiləcək. Odur ki, bu ərazilərdə əmlaklar kütləvi şəkildə satışa çıxarılarsa, onların qiymətləndirilməsi, daha sonra isə hökumətimiz tərəfindən alınması mümkündür. Ancaq söhbət təbii ki, Birinci Qarabağ Müharibəsinə qədər burada yaşayan ermənilərin mülklərindən gedir. Ermənilər nəinki Qarabağdakı, hətta Zəngəzur bölgəsindəki əmlaklarını da satışa çıxarırlar. Lakin bu əmlaklar da satılmadığından qiymətlərdə dəfələrlə endirimlər ediblər. Yəni 2020-ci ildən bu günə qədər Zəngəzur ərazisində satışa çıxarılan evlərin qiyətində 3 dəfədən artıq enmələr müşahidə olunub. Orada yaşayan ermənilər də bu ərazilərin bizə məxsus olduğunu bilirlər. Ona görə də, Zəngəzur bölgəsindəki əmlaklarını da dəyər-dəyməzə satışa çıxarıb köç etməyə çalışırlar”.