Bakıda klinika sahibinin evindən seyfdə saxladığı 60.000 dollar və 4.300 manat pul oğurlanıb.
Oğurluq hadisədini Bakıxanov qəsəbəsində yerləşən "Krivetka” adlı restoranı icarəyə götürüb işlədən şəxs, 1982-ci il tarixdə Naxçıvan Muxtar Respublikasnın Babək rayonunun Cəhri kəndində doğulmuş Ramis və onun 1993-cü il təvəllüdlü bacısı oğlu Camal törədib.
Hadisə 10 may 2022-ci ildə baş versə də, Bakı Ağır Cinayətlər Məhkəməsi 22 may 2023-cü ildə təqsirləndirilən şəxslərə hökm oxuyub.
Oğurluq hadisəsi isə Bakıda Nəsimi rayonu, Nəsibbəy Yusifbəyli küçəsində yerləşən stomatoloji klinikanın sahibi Elmar Kərimovun evində törədilib. Oğurluq törədən şəxslər həkimin evini onun həyat yoldaşı Vüsalə Kərimovanın idarə etdiyi "Range Rover” markalı avtomobili izləyərək müəyyən ediblər.
Ramis "Krivetka” adlı restorandan işdən qovulmağının səbəbkarının Elmar Kərimov olduğunu düşündüyü üçün ondan qisas almaq məqsədilə mənzilindən oğurluq etdiyini söyləyib.
Camal isə özünü ona elan edilmiş ittiham üzrə qismən təqsirli bilərək bildirib ki, dayısı Ramisin təkidindən sonra klinika sahibini yaşadığı binanın kamerasını sındırıb. Özü ali təhsillidir, dövlət qulluğuna qəbul olmaq istəyənlər üçün hazırlıq kurslarının təşkili sahəsində fəaliyyət göstərib. Özü də dövlət qulluğuna hazırlıqla bağlı təşkil etdiyi kurslarda müəllim kimi pedaqoji fəaliyyətlə məşğul olub. Həmçinin qeyd edib ki, Elmar Kərimova dəymiş ziyanı ödəyiblər.
Məhkəmənin qərarı ilə Ramis Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək, barəsində 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Camal da Cinayət Məcəlləsinin 177.3.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib, barəsində Cinayət Məcəlləsinin 62-ci maddəsi tətbiq edilməklə 1 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin olunub. İbtidai həbs müddəti cəzaçəkmə müddətinə daxil edilməklə hesablanarkən, o, həbsdə olduğu müddət ona təyin olunmuş azadlıqdan məhrumetmə növündə cəzanın müddətini əhatə etdiyindən onun cəzası tam çəkilmiş hesab edilib. Barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv olunub və məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, stomatoloji klinikanın sahibi Elmar Kərimov bir sıra məşhur müğənniləri və tanınmış şəxslərin diş həkimidir. Qaynarinfo