“Qarabağ”ın 10 illik çempionluğu qeyd edilir...

“Qarabağ”ın 10 illik çempionluğu qeyd edilir

Bu gün “Qarabağ”ın 10-cu dəfə Azərbaycan çempionu olması münasibəti ilə tədbir keçirilir. 

"AzerTaym.az" qol.az-a istinadən xəbər verir ki, tədbirdə gənclər və idman naziri Fərid Qayıbov, Peşəkar Futbol Liqasının prezidenti Elxan Səmədov, “Qarabağ” klubunun prezidenti Tahir Gözəl, Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, baş məşqçi Qurban Qurbanov, futbolçu və texniki heyət iştirak edir.

Tədbirdə əvvəlcə şəhidlərimizin ruhu bir dəqiqəlik sükütla yad edilib.

“Qarabağ”ln prezidenti Tahir Gözəl çıxış edərək deyib: “Artıq formamızın üzərindəki loqomuz dəyişəcək. “Qarabağ” Azərbaycanın 2 ulduzu, 10 çempionluğu olan ilk klubudur. “Qarabağ” üzvü olmaq bizim üçün şərəfdir. Bu, Qarabağın azadlığından sonra komandamızın ikinci çempionluğudur”.

O, baş məşqçi Qurban Qurbanov və futbolçuları uğurlarına görə təbrik edib.

T.Gözəl çıxışını “mən sizdən Avropada dastan yazmağı, alqışlara layiq oyun gözləyirəm” sözləri ilə başa vurub.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov bildirib ki, “Qarabağ”ın çempionluğu önəmli hadisədir. İcra başçısı komandaya bu uğurlara görə təbriblərini çatdırıb və İcra Hakimiyyəti adından klub rəhbəri Tahir Gözələ plaket təqdim edib.

Gənclər və idman naziri Fərid Qayıbov çıxış edərək komandanı təbrik edib. O, Ağdam təmsilçisinin Avropa kuboklarındakı çıxışına da toxunub. “Düzü, artıq “Qarabağ”ın Avropada qrupa düşməsinin sayını itirmişəm” deyə o bildirib. F.Qayıbov Ağdam təmsilçisinin Avropada uğurla çıxış etdiyini söyləyib. Nazir hazırda azad olunan ərazilərdən bərpa işlərinin getdiyini bildirib. O, yaxın gələcəkdə “Qarabağ”ın ev oyunlarını doğma Ağdamda keçirəcəyinə inandığı söyləyib.

Baş məşqçi Qurban Qurbanov bildirib ki, hər çempionluq komandanın məsuliyyətini artırır. “Futbolçularım bir daha başa düşdülər ki, hansı komandanı təmsil edir. Get-gedə bizdən gözləntilər daha da artır. Bu klubda başda rəhhərlik olmaqla bacarıqlı insanlar var. Mən ötən il də demişdim ki, bizim futbolçular mənim döyüşçülərimdir. Avropada heç bir rəqibdən çəkinmirik”.

Q.Qurbanov çıxışında Avropada Azərbaycanı təmsil edəcək “Sabah”, “Neftçi” və adı hələ dəqiqləşməyən dördüncü komandaya uğurlar arzulayıb. 






Fikirlər