35 gün əsirlikdə qalan qazimiz ata oldu - "Ona qorxmazlığı öyrədəcəm..." - ÖZƏL + FOTOLAR

35 gün əsirlikdə qalan qazimiz ata oldu -

44 günlük Vətən müharibəsinin qazisi Mobil Əhmədzadə ata olub.
 
Moderator.az saytı olaraq, qazimizi təbrik etdik, təəssüratlarını xəbər aldıq. O, atalıq sevincini özəl olaraq bizimlə bölüşdü.
 
"Həyatımın ən sevincli günlərindən birini yaşayıram. Oğluma öz istəyimlə Xəlil adını qoydum. Arzum budur ki, adına layiq övlad olsun, həmişə baxıb fəxr edim. Gələcəkdə hansı peşənin  sahibi olursa olsun, dövlətimizin adını, bayrağını daim uca tutsun. Bir ata olaraq həmişə oğluma örnək olmağa çalışacam və ən əsası, daima ona qorxmazlığı, mərdliyi, Azərbaycan kişisinə xas olan xüsusiyətləri aşılıyacam."
Xatırladaq ki, 1999-cu il təvəllüdlü Mobil Əhmədzadə 44 günlük Zəfər savaşında tank mərmisinə tuş gələrək hər iki ayağından yaralanmışdı. Beş gün meşədə, düşmən mühasirəsində qaldıqdan sonra isə əsir düşmüşdü. Əsirlikdə sağ ayağı amputasiya olunan hərbçimiz 35 günlük mühasirədən sonra Azərbaycana qaytarılmışdır. Həmin günləri belə xatırlayır:
 
"Əsirlikdə olduğum müddətdə çox çətinliklər gördüm. Ayağım amputasiya olunsa da, məni həbsxanada saxlayırdılar. Ancaq o çətin günlərdə də ümidimi itirmirdim, inanırdım ki, mən Azərbaycana-doğma Vətənimə qayıdacam. Elə də oldu- cənab Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin müdrik siyasəti nəticəsində 35 gün sonra vətənimə- evimə geri qaytarıldım."
Mobil Əhmədzadə bu gün ona göstərilən diqqət və qayğıdan çox razıdır:
 
"Biz qazilər, eləcə də şəhid ailələri dövlətin diqqət və qayğısı ilə əhatə olunmuşuq. Xüsusilə, protezlə təmin olunduqdan sonra mən əvvəlki həyatıma geri qayıtdım. Bu işi şəxsən diqqət mərkəzində saxladığı üçün Birinci Vitse-prezidentimiz Mehriban Əliyevaya, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Tibbi-Sosial Ekspertiza və Reabilitasiya agentliyinin əməkdaşlarına öz dərin təşəkkürümü bildirirəm."
O, bu günü gördüyü üçün özünü xoşbəxt hesab edir. İndi Qarabağ tam olaraq azaddır. Şəhidlərin qanı yerdə qalmadı, qisas qiyamətə qalmadı. Bütün hərbçilər döyüşə eyni arzu ilə qatılmışdı- Qarabağ tamamilə azad olunsun. Bu gün bu arzu reallıqdı. Şəhidlərə Tanrıdan rəhmət, qazilərə isə sağlamlıq diləyirik. 
 
 






Fikirlər