Səlim Müslümov aprel döyüşlərinin iştirakçıları ilə GÖRÜŞDÜ

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində ötən ilin aprel ayında cəbhənin təmas xəttində Ermənistanın silahlı təxribatının qarşısının alınması zamanı yaralanmış və bu Mərkəzdə reabilitasiya xidmətləri ilə təmin olunan hərbçilərimizlə görüşüb.

 AzerTaym.az xəbər verir ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycan Prezidenti İlham Əliyevin ölkəmizin hərbi gücünün artırılması üçün həyata keçirdiyi məqsədyönlü siyasət nəticəsində  bu gün Azərbaycan Ordusunun hərbi potensialına, döyüş qabiliyyətinə, təchizatına görə dünya miqyasında qüdrətli ordular sırasında olduğunu vurğulayıb: 
“2016-cı ilin aprel ayında təcavüzkar Ermənistanın ölkəmizə qarşı növbəti silahlı təxribatının qarşısının peşəkarcasına alınması, hətta hərbi baxımdan strateji əhəmiyyətli bir neçə strateji yüksəkliyin və yaşayış məntəqəsinin,  minlərlə hektar torpağın düşmən işğalından azad olunması Ordumuzun nə qədər güclü olduğunu bir daha nümayiş etdirdi. Aprel döyüşləri bir daha sübut etdi ki, Azərbaycan Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə Ordumuz ölkəmizin işğal altında olan hissəsini qısa bir müddət ərzində işğaldan tam azad etməyə qadirdir”.

S.Müslümov bildirib ki, Prezident İlham Əliyevin tapşırığı əsasında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aprel döyüşlərində qəhrəmancasına həlak olmuş hərbçilərin ailələri və bu döyüşlərdə əlil olmuş hərbçilərimizlə bağlı qanunvericilikdə nəzərdə tutulan qaydada  sosial müdafiə tədbirlərini həyata keçirib. Onlara müvafiq sosial təminat növlərinin, o cümlədən Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdlərinin, müavinət və ya əmək pensiyalarının, habelə uşaqları, eləcə də  əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvləri üçün müavinətlər təyin edilib.

Nazir həmin insanlar üçün əmək pensiyası, əmək münasibətləri, məşğulluq və s. sahələrdə bir sıra güzəşt və imtiyazların da müəyyən olunduğunu bildirib: “Bununla yanaşı, aprel döyüşlərində yaralanmış hərbiçilərimizdən protez-ortopedik xidmətlərə ehtiyacı olan 15 nəfərə dayaq-hərəkət funksiyalarının bərpası üçün nazirliyin Protez-Ortopedik Bərpa Mərkəzində müvafiq xidmətlər göstərilib. Onlar ehtiyaclarına uyğun olaraq 2 ədəd əlil arabası, 10 ədəd aşağı ətraf protezi və daha 130 reabilitasiya vasitəsi (tutor, aşağı ətraf aparatları, bandaj, korset, ortopedik ayaqqabılar, dirsəkaltı və qoltuqaltı ağaclar,  dördayaqlı dayaq vasitələri və s.) ilə təmin olunublar. Hazırda qeyd olunan hərbiçilərin bir qismi ilə işlər davam etdirilir. Belə ki, onlardan bir nəfərin qabaqcıl Almaniya təcrübəsi əsasında hazırlanmış MYO protezlə (əzələdən ötürülən impulsla hərəkət etdirilə bilən protez vasitə) təmin edilməsi nəzərdə tutulur, digər bir hərbiçi isə protezləşməyə hazırlıq mərhələsindədir”.

S.Müslümov aprel döyüşlərində yüksək vətənpərvərlik göstərmiş hərbçilərin sosial təminatı və reabilitasiyası, Vətənin müdafiəsi zamanı qəhrəmancasına həlak olan insanların ailələrinin sosial müdafiəsi yönündə işlərin qarşıdakı dövrdə də davam etdiriləcəyini, onların bundan sonra da daim diqqətdə saxlanacaqlarını  vurğulayıb.

Sonra nazirliyin rəhbər işçiləri hərbiçilərlə söhbət ediblər, onların səhhəti ilə maraqlanıb, göstərilmiş reabilitasiya xidmətləri ilə bağlı onların təəssüratlarını öyrəniblər. Vətənimizin müdafiəsində fəal iştirak etdiklərinə, düşmənə sarsıdıcı zərbə vurduqlarına görə qürur hissi keçirdiklərini vurğulayan hərbiçilər onlara yönələn dövlət qayğısından, o cümlədən göstərilən reabilitasiya xidmətlərindən razı qaldıqlarını qeyd ediblər. Onlar bu böyük diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirib, bundan sonra da hər zaman torpaqlarımızın müdafiəsi naminə döyüşmək əzmində olduqlarını diqqətə çatdırıblar.

Mərkəzdə əlilliyi olan şəxslərin protez-ortopedik bərpa xidmətlərinin göstərilməsi şəraiti də nəzərdən keçirilib, burada ilk dəfə olaraq hazırlanmış MYO protez nümunəsi nümayiş etdirilib.

Xatırladaq ki, Protez-Ortopedik Bərpa Mərkəzi, onun Gəncə şəhərindəki filialı və Naxçıvan istehsalat sahəsi tərəfindən son bir ildə 15 296 nəfər əlilliyi olan şəxsə (o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 1 723 nəfər şəxsə) protez-ortopedik bərpa xidmətləri göstərilib. Onlara ümumilikdə 32 764 protez-ortopedik məmulat və reabilitasiya vasitəsi verilib. 

 






Fikirlər