Xalq artisti qəzanın necə baş verdiyini AÇIQLADI...
Xəbər verdiyimiz kimi, ötən gün səhər saat 08:50 radələrində Kürdəmirdə ağır yol qəzası baş verib. Kürdəmir-Zərdab yolunun rayonun Qaramahmudlu kəndindən keçən hissəsində 1970-ci il təvəllüdlü Zülfüqar İbrahimovun idarə etdiyi "Kia Sorento" markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü ilə yanaşı həyat yoldaşı İbrahimova Səbinə Vaqif qızı və oğlu 13 yaşlı İbrahimli Ayxan müxtəlif dərəcəli xəsarətlər alıblar. Sürücü Zülfüqar İbrahimov Vətən müharibəsi şəhidi İsrafil İbrahimovun atasıdır. Qəzada şəhidin nənəsi vəfat edib. Atası, anası və qardaşı isə xəsarət alıb. Sürücü Zülfüqar İbrahimov Xalq artisti Mənsum İbrahimovun qardaşıdır. AzerTaym.az bizim.media-ya istinadən bildriir ki, baş verən hadisə ilə bağlı Mənsum İbrahimovla əlaqə saxlayıb.
Xalq artisti qəzada xəsarət alanlar yaxınlarının hazırda evdə olduğunu bildirib:
"Qəzada ailə üzvlərim, yəni qardaşım Zülfüqar İbrahimov onun həyat yoldaşı, oğlu və nənəsi olub. Onlar İkincə Vətən müharibəsində şəhid olan qardaşım oğlu İsrafil İbrahimovun il dönümü ilə bağlı məzarını ziyarət etmək üçün Ağdam şəhərinə gediblər. Gözlənilmədən ağır qəza baş verib. Təəssüflər olsun ki, aldığı xəsarətlərdən qəzada qardaşımın qayınanası dünyasını dəyişib.
Qardaşım Zülfüqar və onun ailə üzvləri müxətəlif bədən xəsarətləri alıblar. Qəza baş verən əraziyə Kürdəmir polisi, təcili tibbi yardım zamanında gəlib və onlara tibbi yardım göstərilib. Daha sonra onlar Bakıya gətirilib. Həkimlərin müayinəsindən sonra evə buraxılıblar. Mən də onlara ötən gün baş çəkmişəm. Şükürlər olsun ki, vəziyyətləri stabil normaldır. Onlar indi də həkim nəzarətindədirlər".
Qeyd edək ki, Şəhid, kiçik çavuş İsrafil Zülfüqar oğlu İbrahimov Azərbaycan Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. O, 2020-ci il sentyabrın 27-dən etibarən Vətən Müharibəsində iştirak edib.
26 oktyabr 2020-ci ildə Laçın rayonunun Səfiyan kəndi uğrunda gedən döyüşlərdə şəhid olub.İsrafil İbrahimov şəhadətindən sonra "Vətən uğrunda", "Cəbrayılın azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları və 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunub.