4 minlik savadsızlar ordusu... - Kəsilən müəllimlər haranın məzunudur?

Xəbər verdiyimiz kimi iyunun 8-də keçirilən müəllimlər üçün təkrar sertifikatlaşdırma imtahanında iştirak edən 7296 müəllimdən 3909-nun test imtahanı mərhələsinin müvafiq keçid balını toplaya bilməməsi geniş rezonansa səbəb olub. Qeyd edək ki, keçid balını toplaya bilməyən müəllimlərdən 3424 nəfəri ibtidai sinif, 485-i isə Azərbaycan dili və ədəbiyyat müəllimidir.
Məsələ ilə bağlı Bakupost.az -a danışan təhsil eksperti Elçin Əfəndi vəziyyətin doğurdan da olduqca acınacaqlı olduğunu bildirib.
Ekspertin sözlərinə görə, 3909 müəllim onlar üçün yaradılmış ikinci şansı dəyərləndirə bilməyiblər:
"Müəllimlərin sertifikasiya imtahanında verilmiş ikinci cəhddən də kəsilməsi təəssüf doğurur. Bu müəllimlərin içərisində həm ali təhsil müəssisələrini, həm də orta ixtisas müəssisələrini bitirənlər var. Orta ixtisas müəssisələrini bitirənlərin əksəriyyəti ibtidai sinif müəllimləridir”.
E.Əfəndinin sözlərinə görə, müəllimlərin zəif nəticə göstərməsinin əsas səbəbi bu şəxslərin öz ixtisasları ilə bağlı müfəssəl informasiyaya sahib olmamasıdır:
“Onlar öz ixtisasları ilə bağlı bilik və bacarıqlarını formalaşdıra bilməyiblər. Bu sahədə sadəcə pedoqoji təcrübə əsas deyil. Əsas şərt ondan ibarətdir ki, sən öz bilik və bacarıqlarını şagirdlərə nə qədər ötürə bilmisən. Digər bir faktor isə ondan ibarətdir ki, bu müəllimlərə ikinci şans verilməsinə baxmayaraq, onlar öz peşələrinə həddindən artıq məsuliyyətsiz yanaşırlar”.
Ekspert əlavə edib ki, bu müəllimlərin gələcəkdə təlimlərə cəlb edilməsi də səmərə verməyəcək.






Fikirlər